İş mühitində gərginliyi necə azaltmaq olar?

Bölmə: Maraqlı › ,
Tarix: 21:35 24.02.2025

Hər bir insanın həyat fəaliyyətinin ən gərgin dövrü iş vaxtlarıdır, deyə bilərik. Bu, peşəsindən asılı olmayaraq, demək olar ki, hər yerdə belədir. İş müəssisələrində işçilərin səbirli olmaları və işin gedişatına riayət etmələri bəzən psixoloji olaraq insanları gərgin vəziyyətə sala bilər. 

 

 

Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a  açıqlamasında bildirib ki, hər bir iş mühiti müxtəlif xarakterli insanların bir araya gəldiyi kompleks bir sistemdir: 

 

“İş yerlərində sosial və ünsiyyətcil insanlar olduğu kimi, daha sakit, içəqapanıq və hətta asosial insanlar da fəaliyyət göstərir. İnsanların fərqli düşüncə tərzi, emosional vəziyyəti və xarakteri iş mühitində bəzən fikir ayrılıqlarına, anlaşılmazlıqlara və hətta münaqişələrə səbəb ola bilər.

Bəzi işçilər olduqca enerjili və ekstrovert xarakterə malik olduqları üçün daim ünsiyyətdə olmağı və hər kəslə açıq münasibət qurmağı sevirlər. Digər tərəfdən, bəzi insanlar daha sakit və təmkinlidir, başqaları ilə ünsiyyətə ehtiyatla yanaşırlar. Bəzi əməkdaşlar isə yüksək emosional reaksiya verə bilər, aqressiv davranış sərgiləyə və ya qaydalara tam riayət etməyə bilər. Belə hallarda isə işin qaydasında aparılması çətinləşir, əməkdaşlar arasında münasibətlərin pozulması baş verə bilər və ümumi iş prosesi zərər görə bilər”. 

 

Psixoloq belə hallarda insanlara təsirli təklif irəli sürüb:

 

“Bu cür halların baş verməməsi və insanın öz iş mühitində daha rahat hiss etməsi üçün müxtəlif üsullardan istifadə etmək mümkündür. İş mühitində gərginliyin qarşısını almaq və daha sakit, məhsuldar işləmək üçün insanlar psixoloji dəstək mexanizmlərinə ehtiyac duyurlar. Bu mexanizmlərdən biri motivasiyaedici və sakitləşdirici vizual elementlərdən istifadə etməkdir. İnsan öz masasına və ya telefonunun ekranına ona xüsusi motivasiya verən, uğur gətirdiyinə inandığı və ya ruhunu sakitləşdirən hər hansı bir şəkil, simvol və ya yazı qoya bilər.

Belə bir şəkil və ya simvol şəxsin əhvalına müsbət təsir göstərə, onu iş prosesində daha səbirli və təmkinli edə bilər. Məsələn, insan təbiət mənzərələri, uğur simvolları, sevdiyi insanların şəkilləri və ya ilhamverici sitatlardan istifadə edərək özünü daha motivasiyalı hiss edə bilər. İş prosesində çətinliklər yarandıqda və ya gərginlik artdıqda, həmin görüntüyə baxmaq insana rahatlıq verə bilər, emosional vəziyyətini tarazlaşdıra və işinə daha müsbət yanaşmağa kömək edə bilər”,- deyə o, öz fikirlərini yekunlaşdırıb. 

 

Mahmud Əskərli