Stressin idarə olunmasında hobbilərin rolu

Bölmə: Sosial › ,
Tarix: 22:05 24.02.2025

İnsanın emosional, psixoloji və fiziki sağlamlığı üçün hobbilər önəmlidir və bir növ rahatlaşmağa kömək edir.

 

Bu haqda uşaq və yeniyetmə psixoloqu Fatimə Hacıyeva “İnformator.az”a açıqlamasında bildirib ki, insanın emosional rahatlığı onun daxili sakitlik və tarazlıq hiss etməsi, stres və mənfi emosiyaları idarə edə bilməsi deməkdir:

 

“Bu, insanın öz duyğularını anlamaq, qəbul etmək və onlarla sağlam şəkildə davranmaq bacarığıdır. Emosional rahatlıq, yalnız neqativ hisslərin olmaması deyil, əksinə, insanın bu hissləri düzgün idarə edib həyatında harmoniya yaratmasıdır. Hobbilər insanın emosional, psixoloji və fiziki sağlamlığı üçün çox vacibdir”.

 

Psixoloqun sözlərinə görə, stress insanı boş zamanında daha çox narahat edir:

 

“Beyin işlədiyi zaman daimi şəkildə, özünə vaxt ayıranda, şəxsi zonasında özü üçün alan yaradanda, sevdiyi işlərlə məşğul olanda stresle başa çıxmaqda daha yaxşı nəticə almaq olar. 

Hobbilər stressin idarə olunmasında bir neçə əsas funksiyanı yerinə yetirir:

Diqqəti yayındırır- sevdiyiniz bir işlə məşğul olmaq sizi stresin mənbəyindən uzaqlaşdıraraq, neqativ düşüncələri azaltmağa kömək edir.

Dopamin və serotonin ifrazını artırır- xoş və maraqlı bir fəaliyyət zamanı beynimiz “xoşbəxtlik hormonları” adlandırılan dopamin və serotonin ifraz edir ki, bu da əhval-ruhiyyəni yaxşılaşdırır.

Özünəinamı artırır- yeni bir bacarıq qazanmaq və ya yaratmaq insanda nailiyyət hissi oyadır, bu da özünəinamı artırır.

Rahatlaşdırıcı təsir göstərir- musiqi dinləmək, rəsm çəkmək, bağçılıq və ya digər hobbilər bədən və zehnin rahatlanmasına kömək edir.

Fiziki sağlamlığa faydalıdır- rəqs, üzgüçülük, velosiped sürmək kimi aktiv hobbilər fiziki sağlamlığı gücləndirərək stress hormonlarının azalmasına kömək edir”.

 

Müsahibimizin sözlərinə görə, bəzi hobbilər birbaşa terapiya kimi də istifadə olunur:

 

“Sənət terapiyası- rəsm çəkmək, heykəltəraşlıq və ya digər yaradıcılıq fəaliyyətləri insanın daxili hisslərini ifadə etməsinə kömək edir. 

Musiqi terapiyası- musiqi dinləmək və ya ifa etmək insanın duyğularını tənzimləməsinə və rahatlamasına yardım edir.

Bağçılıq terapiyası- təbiətlə ünsiyyətin stressi azaltdığı və zehni rahatlaşdırdığı elmi tədqiqatlarla sübut olunub.

Heyvanlarla terapiya- atlarla və ya itlərlə terapiya stress və narahatlığı azaltmaqda effektivdir.

Yazı terapiyası- duyğularını yazmaq, gündəlik tutmaq və ya şeir, hekayə yazmaq insanın düşüncələrini daha yaxşı anlamağına kömək edir”.

 

Müsahibimiz qeyd edib ki, hobbilər terapiya qədər təsirli ola bilər, lakin dərin psixoloji problemlərdə professional psixoloji dəstək də vacibdir:

 

“Buna baxmayaraq, hobbilər psixi sağlamlığı qorumaq və gücləndirmək üçün çox effektiv bir vasitədir.

Stress yaranan zaman onun kölgəsində qalmaq yerinə, çıxış yolu axtarın. Beyninizi, hüceyrələrinizi aktiv şəkildə işlətmək ən gözək streslə başa çıxmaq yoludur. Yadınızda saxlayın hər kriz insan üçün bir fürsətdir. Əgər əzmlisinizsə bu şansı dəyərləndirə bilərsiniz”.

 

Nərmin Həşimova