Səhv etmə qorxusunun öyrənmə prosesinə təsiri

Tarix: 22:15 24.02.2025
Öyrənmə insan həyatında mühüm bir prosesdir. Lakin bu proses bəzən çətin və stresli ola bilər. Xüsusilə də səhv etmə qorxusu öyrənməyi çətinləşdirə bilər. Bəzi insanlar səhv etməyi mənfi bir hal kimi qəbul edir və bu, onların inkişafına mane olur. Halbuki, əslində, səhvlər öyrənmə yolunun ayrılmaz hissəsidir.
Psixoloq Vüsalə Əmiraslan "informator.az"a açıqlamasında bildirib ki, universitetə hazırlıq müddətində demək olar ki, hər bir gənc abituriyent dövründən keçir:
“Bu dövrdə onlar universitetə qəbul olmaq üçün müxtəlif imtahanlara – sınaq və buraxılış imtahanlarına girirlər. Həmin mərhələdə səhv etmə qorxusu da formalaşmağa başlayır. Hər kəs səhv edə bilər, amma hər kəs səhvini qəbul edə bilmir. Əgər bu qorxu həddindən artıq güclənərsə və insanın gündəlik həyatına mənfi təsir edərsə, bu, psixologiyada "obsessiv-kompulsiv pozuntu" adlandırılan vəziyyətə gətirib çıxara bilər. Bu zaman beyində müəyyən fikirlər yaranır, insan diqqətini cəmləməkdə çətinlik çəkir və oxuduğu material yadında qalmır. Bu problemlə mübarizə aparmaq üçün bəzi effektiv metodlar var. Ən əsası, dərs oxuma metodunu dəyişdirmək və diqqəti tam şəkildə oxunan materiala yönəltmək lazımdır. Həmçinin, səhv etməyin təbii bir proses olduğunu qəbul etmək və bundan dərs çıxarmaq önəmlidir. Daha effektiv öyrənmək və səhv etmə qorxusunu azaltmaq üçün həm psixoloji, həm də praktiki yanaşmaları tətbiq etmək faydalı ola bilər".
Səhv etmək insanı zəiflətmir, əksinə, onu daha güclü edir. Öyrənmə prosesi heç vaxt düz bir xətt üzrə getmir. Hər bir səhv yeni bir dərs gətirir və insanı daha təcrübəli edir.
Bənövşə Zahidli