“Bu cinayət növü bütün dünyanın qlobal problemlərindən biridir”

Bölmə: Sosial › ,
Tarix: 19:25 12.02.2025

İnsan alveri kifayət qədər mürəkkəb tərkibli cinayətlərdəndir. İnsan alveri cinayətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsində qeyd olunan cinayət transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növlərinə aid olan cinayətdir”.

 

Bu sözləri hüquq müdafiəçisi Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd etdi ki, 2005-ci ilə qədər Azərbaycanda insan alveri ilə bağlı faktlar yox idi:

 

“2005-ci ildən başlayaraq insan alveri ilə bağlı qanun qəbul olundu, sonra Daxili İşlər Nazirliyi nəzdində Baş İdarə təsis edildi. Bu cinayətin dispozisiyası belə verildi: İnsan alveri, yəni, şəxsin alqı-satqısı ona sahibliklə əlaqədar müəyyən razılaşmanın əldə edilməsi, onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi və eyni məqsədlə digər şəxslərə verilməsi üçün əldə edilməsi, saxlanılması, gizlənilməsi, daşınması. 

Bu cinayətlər şəxsin hüquq və azadlıqlarına yönələn cinayətdir. Bu cinayətin sanksiyasında əmlakı müsadirə olunmaqla 5 ildən-12 ilədək azadlıqdan məhrum etmək cəzası tətbiq edilir. Amma 2 və ya daha çox şəxs arasında törədilibsə, burada 8 ildən-12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. 

Son hədd isə 10 ildən-15 ilədək azadlıqdan məhrum etmə cəzasıdır. 

İnsan alveri mürəkkəb tərkibli cinayət olduğu üçün onun aşkar edilməsi olduqca çətindir, bəzən aşkar olunsa belə cinayətlərin ölkə hüdudlarından kənarda baş verdiyinə görə digər iştirakçıları axtarmaq çətin olur”.

 

Müsahibin sözlərinə görə, bu cinayət növü təkcə Azərbaycanın deyil, bütün dünyanın qlobal problemlərindən biridir:

 

“Mən sadəcə Beynəlxalq Əmək Təşkilatının təqdim etdiyi statistik rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm: il ərzində insan alveri cinayətlərinin qurbanlarının sayı 3 milyon nəfərə çatır. Qurbanların sırasında qadınlar çoxluq təşkil edir. Bu qurbanların kənd təsərrüfatında, məişətdə, sənayedə, tikiş fabriklərində əməyindən istifadə olunur. Daha çox 30 yaşa qədər olan qadınların istimarından yüksək gəlir əldə olunduğundan il ərzində məbləğ 32 milyon çox ABŞ dolları qədər olur. Ona görə də artıq həyəcan siqnalı çalmağın vaxtı çatıb. Bu sahədə beynəlxalq normalar, konvensiyalar var. Bu normalar və konvensiyaları dövlətlərin müəyyən qismi ratifikasiya etsə də, faktiki olaraq bununla mübarizədə normalar və konvensiyaları ratifikasiya edən hər bir dövlət fəal iştirak etmir”.

 

Müsahibimiz bildirib ki, Azərbaycan Respublikası kifayət qədər bu sahəyə ciddi yanaşır:

 

“Bu sahədə 3 milli fəaliyyət planımız var. 2025-2030-cu illər üçün yeni plan qəbul olunacaq. Burada Nazirlər Kabinetinin tərkibinə daxil olan hər bir Mərkəzi İcra Hakimiyyəti Orqanlarına müvafiq tapşırıqlar verilir.

Daxili İşlər Nazirliyin birinci müavini milli koordinator qismində Milli Məclisdə həm dövlətə, həm də ictimaiyyətə statistik məlumatlar verir. Burada işin ağır hissəsi Daxili İşlər Nazirliyin üzərinə düşür. DİN nəzdində fəaliyyət göstərən İnsan alverinə qarşı mübarizə Baş idarəsində 40-dan çox QHT formalaşdıran bir koalisiya yaranıb. Onlar bu sahədə əhalini maarifləndirmək istiqamətində cəmiyyətə müəyyən məlumatlar verirlər. 

İnsan istismarında kifayət qədər faktorlar var və bu faktorlar vətəndaşın hüquq və azadlıqlarına ciddi şəkildə ziyan vurur. Bu əməlin törədilməsi üsulları da çox qəliz, mürəkkəbdir. Bu cinayətlərin dispozisiyasında kifayət qədər spesifik cəhətlər var. 

Bu cinayət növü ehtiyatsızlıqdan törədilmir, əməlin nədən ibarət olduğu bilinir. Zərərçəkmiş şəxsin azadlığı məhdudlaşır, iradəsinə zidd xidmət göstərməyə məcbur edilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxs Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə iş tapmasına yalnız lazımi fəaliyyət lissenziyası olduğu halda yardım edə bilir. Əgər onlara xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər verilərsə, mütləq hər hansı bir rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilə müəyyən mülki və beynəlxalq normaların tələblərinə uyğun olmalıdır. 

Biz bu məsələdə həm qanunun sərtləşdirilməsinin, həm də Cinayət Məcəlləsində insan alveri ilə bağlı yeni bir fəslin tərəfdarıyıq”.

 

Nərmin Həşimova