Qorxulu filmlərinin yuxularımıza təsiri

Tarix: 20:21 12.02.2025
Qorxulu filmlər bir çox insan üçün əyləncəli və adrenalinverici təcrübə olsa da, onların psixoloji və fizioloji təsirləri danılmazdır. Bəzi insanlar qorxulu filmlərdən sonra kabuslar görür, yuxusuzluqdan əziyyət çəkir və ya gecə narahat oyanır.
Məsələ ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında bildirib ki, biz hər hansı bir fəaliyyət növü ilə məşğul olan zaman orqanizmimizdə və psixologiyamızda müəyyən proseslər baş verir:
"Biz bu prosesləri dəqiq bilmədiyimizə görə, aydınlaşdırmadığımıza görə, bir çox proseslər var ki, bəsit dillə desək- bizə əcaib təsir göstərsə də, amma orqanizmimiz üçün və ya psixologiyamız üçün rahat zona olur. Yəni öyrəşdiyimiz bir hal və emosiya yaradır. Həyatımızda ümumiyyətlə elə məqamlar var ki, özümüzə də maraqlı gəlir ki, həm qorxuram həm də ki, davam edərək bunu etmək istəyirəm.
Bilirsiniz, insanlara individual yanaşsaq insanın gözləntiləri, təlabatları, ehtiyacları hansı istiqamətə gedirsə yəni, insan da hansısa bir meyilləri və maraqları yarana bilər. Biz sadə gözlə qıraqdan baxsaq görə bilərik ki, insanlar qorxu filmlərində həyacanlanırlar, onu belə dəhşətli bir dərəcədə dəhşətə gəldiklərini ifadə edərək kiminsə yanında bunu söhbət əsnasında danışırlar. Amma yenə də maraqları olur ki, gedib həmin qorxu filmlərinə baxırlar. Nəyə görə bu belə baş verir?
Emosiya ehtiyacını biz seçim olaraq başqa yerlərdən əldə edə bilmədiyimizə görə bunu belə bir yollarla əldə etməyə can atırıq, yəni həmən emosiyalara ehtiyac var ki, insan yenidən və təkrar qorxu filmlərinə baxır".
Psixoloq sözlərində həm də yuxuların bizə gələcəkdən xəbər vermədiyini və heç də keçmişin göstəriciləri olmadığını vurğulayıb:
"Ümumiyyətlə yuxu haqqında psixoanalizdə danışılıb. Yuxu bizim həyatımızda gün boyunca bizim ağlımıza gələn düşüncələr, fikrimizdə olanlar, rastlaşdığlarımız, eşitdiklərimizin məcmusudur. Həyatımızda 1 saniyə belə olsa hər hansısa fikrə düşürüksə, həmin gün onu çözməmişiksə, həll etməmişiksə onu zehnimizdəki rəfə yerləşdirməmişiksə biz yuxu rejimində olan zaman həmən o analiz və sintez prosesi başa çatmaq istəyir. Çünki insanın hər zaman belə bir ündə düşüncəsi, vəzifəsi, məqsədi olur ki, həyatında gün ərzində baş verənləri həll edim, rəflərimə yerləşdirim və bu mənim üçün gedişatın bağlanması, yəni həll edilmiş bir proses adı altında zehnimə yerləşsin.Ona görə də yuxu zamanı nə iləsə qarşılaşırıqsa, qorxuruqsa, üzülürüksə, hansısa bir emosiyaları yaşayırıqsa bu bizim gündəlik həyatımızda baş verənlərin məcmusudur. Yəni yuxular bizə gələcəkdən xəbər vermir və heç də keçmişin göstəriciləri deyil. Sadəcə yuxu bizim düşüncəmizdə olan həll edilən və ya həll edilməyən yaşantılarımızın məcmusudur.
Uşaqların qorxu filminə baxmağı əslində başqa tətikləyicilərdən əmələ gəlir. Əgər uşaqlar bunu evdə görürlərsə bu bir növ onlar üçün vərdişə çevrilir. Vərdişə çevrilən, qazanılan emosiya təkrarlanmaq istəyən zaman yenə də qorxu filmi kimi yadlarına düşür ki, qorxu filmi olan zaman o emosiyanı yaşadım, ona görə də təkrar-təkrar baxmaq istəyə bilərlər. Amma başlanğıcda onların informasiya mənbəyi valideynləri olur.
Qorxu filmləri əslində bir lövbər olaraq zehnimizdə yer alırsa bu bizə uzunmüddətli təsir göstərə bilər və uzun müddət bizə öz təsirini yada sala bilər. Ona görə də təkcə qorxu filmləri deyil, həyatımızda olan bir çox məqamlar bizim zehnimizdə lövbər salırsa , bu yenə də bizim psixologiyamıza pis təsir edəcək. Əgər hansısa bir qorxu filmindən həzz alırsınızsa və ya qorxu filmini izlədikdən sonra uzun müddət onun təsirindən çıxa bilmirsinizsə, bu sizin həm də tempramentiniz ilə əlaqəli ola bilər. Yenə də profesional dəstək almağınız məsləhətdir".
Aytac Mustafayeva