İşsizlik və Şəxsiyyət Dəyişikliyi

Bölmə: Sosial › ,
Tarix: 21:25 12.02.2025

İşsizlik günümüzün aktual problemlərindən biridir. Lakin hər kəs bu problemin iqtisadi bucağından yanaşır. Psixoloji problemləri isə kölgəli qalır.

 

 Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova "informator.az"a açıqlamasında bildirib ki, işsizlik deyiləndə insanların ağlına ilk növbədə maddi çətinliklər gəlir. Halbuki bu, təkcə iqtisadi problem deyil, eyni zamanda psixoloji və sosial təsirləri də olan ciddi bir vəziyyətdir:

 

"Uzun müddət işsiz qalmaq insanın özünə olan inamını sarsıdır, onu bacarıqsız və dəyərsiz hiss etməyə vadar edir. Bununla yanaşı, işsizlik insanı cəmiyyətdən uzaqlaşdırır, sosial əlaqələr zəifləyir və depressiyaya meyillilik artır. Çünki iş sadəcə pul qazanmaq üçün vasitə deyil, həm də insanın özünü ifadə etməsi, sosial mühitdə yer tutması və ümumiyyətlə, həyata mənalı baxması üçün vacib bir amildir. İşini itirən insan əvvəlcə bunun müvəqqəti olduğunu düşünür və yeni iş tapacağına ümid edir. Lakin aylar, hətta illər keçdikcə iş tapmaq çətinləşir, bu ümid zəifləyir və nəticədə motivasiya azalır. Ətrafın "Hələ də iş tapa bilməmisən?" kimi sualları isə əlavə təzyiq yaradır və insan tədricən sosial mühitdən uzaqlaşmağa başlayır. Çünki o, öz daxilində artıq müəyyən psixoloji gərginlik yaşayır və ətrafın bu cür reaksiyası onun üçün daha da ağır olur. Bunun nəticəsində insanlar özlərini cəmiyyətdən təcrid edirlər, ünsiyyətdən qaçırlar və getdikcə daha çox özlərinə qapanırlar.

İşsizliyin psixoloji təsiri yalnız inamsızlıq və motivasiya itkisi ilə bitmir. Uzun müddət iş tapa bilməyən insanlarda yuxu rejimi pozulur, aktivlik azalır, hətta iş axtarmaqdan belə imtina edirlər. Çünki depressiyaya düşən insan həyatdan ümidsiz olur və özünü hərəkətə gətirmək üçün heç bir güc tapa bilmir. Bu da işsizliyin təkcə iqtisadi yox, həm də psixoloji və emosional yük olduğunu göstərir".

 

Müsahibimiz işsizliyin psixoloji təsirlərini azaltmaq yollarından da danışıb:

 

"1. Gündəlik rejim yaratmaq- İşləyən insanlar kimi işsizlər də özlərinə müəyyən bir gündəlik plan qurmalıdır. Məsələn, səhər tezdən oyanmaq, idmanla məşğul olmaq, kitab oxumaq və müəyyən saatlarda iş axtarmağa vaxt ayırmaq psixoloji sağlamlığı qorumağa kömək edir. Belə bir rejim insanın həyatına nizam gətirir və ona boşluq hissindən uzaqlaşmağa imkan verir.

 

2. Kiçik hədəflər müəyyən etmək- Bəzən insanlar iş tapmağı böyük və çətin bir proses kimi görürlər və buna görə də motivasiyalarını itirirlər. Halbuki kiçik hədəflər qoyaraq bu prosesi daha asan və idarəolunan hala gətirmək olar. Məsələn, bir gün CV-ni yeniləmək, digər gün yeni bacarıqlar öyrənmək, iş elanlarını araşdırmaq kimi kiçik tapşırıqlar insanın məqsədsiz hiss etməsinin qarşısını alır.

 

3. Sosial əlaqələri qorumaq- İşsizlik insanın sosial çevrəsinə də təsir edir. Bir çox insan bu dövrdə qapanmağa və tək qalmağa meyilli olur. Lakin sosial əlaqələrin qorunması çox vacibdir. Əks halda, tək qalmaq depressiyanı daha da dərinləşdirə bilər. Bu səbəbdən işsiz olsa da, insan dostları və ailəsi ilə ünsiyyətdə qalmalı, sosial tədbirlərdə iştirak etməyə çalışmalıdır.

 

4. Psixoloji sağlamlığa diqqət yetirmək- İşsizlik dövründə stress və narahatlıq artır. Bununla mübarizə aparmaq üçün meditasiya və nəfəs texnikalarından istifadə etmək faydalıdır. Məsələn, 4 saniyə nəfəs alıb, 4 saniyə saxlamaq və sonra 4 saniyə ərzində nəfəsi vermək kimi sadə texnikalar sakitləşməyə və narahatlığı azaltmağa kömək edir.

 

5. Könüllü fəaliyyətlərə qoşulmaq- İşsiz qalan insanlar üçün könüllü fəaliyyətlərə qoşulmaq çox faydalı ola bilər. Müxtəlif təşkilatlarda könüllü işləmək həm yeni bacarıqlar qazanmağa, həm də sosial çevrəni genişləndirməyə kömək edir. Eyni zamanda, insan özünü cəmiyyətə faydalı hiss etdiyi üçün motivasiyası artır.

 

İşsizlik insan psixikasına güclü təsir etsə də, bu dövrü daha rahat və az itki ilə keçirmək mümkündür. Əsas odur ki, insan özünü buraxmasın, kiçik də olsa, hər gün irəliləyiş əldə etməyə çalışsın. Unutmayın ki, siz yalnız işinizlə deyil, şəxsiyyətiniz, bacarıqlarınız və xarakterinizlə də dəyərlisiniz. Neqativ düşüncələrdən uzaq duraraq, kiçik ümidlərə inanmaqla həyatınızı daha müsbət istiqamətə yönləndirə bilərsiniz".

 

Nigar Həsənzadə