Əfv Məsələləri Komissiyasının Fəaliyyəti və Əfv Gözləntiləri

Tarix: 15:14 13.02.2025
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Mövzu ilə bağlı Mətbuat şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcid "informator.az"a açıqlamasında bildirib ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası baş tutub. İclasa komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edib:
"Samir Nuriyev çıxışında indiyədək Azərbaycanda imzalanan əfv sərəncamlarından danışıb, Prezident İlham Əliyevin humanizm prinsiplərinə əsaslanan qərarlarını vurğulayıb. Daha sonra iclasın gündəliyi müzakirəyə çıxarılıb. İlk iclasda yüzdən çox müraciət nəzərdən keçirilib. Bu müraciətlər əsasən ağır cinayətlər və ömürlük həbs cəzasına məhkum edilən şəxslərlə bağlı olub. Hər bir müraciət ayrı-ayrılıqda müzakirə edilib, hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların rəyləri nəzərə alınıb, komissiya üzvlərinin fikirləri dinlənilib və səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib".
Müsahibin sözlərinə görə, əfv müraciətlərini məhkumların özləri, onların yaxınları və ya hüquq müdafiəçiləri təqdim edir:
“Bu müraciətlərin qanunvericiliyin tələblərinə uyğunluğu Əfv komissiyasının Katibliyi tərəfindən araşdırıldıqdan sonra müzakirəyə çıxarılır. Komissiyanın növbəti iclaslarının da keçirilməsi nəzərdə tutulur. Əfv komissiyasının işi təxminən iki ay davam edəcək və yekun qərarlar may ayına qədər Prezidentə təqdim ediləcək. Əfv sərəncamının məhz həmin dövrdə imzalanacağı gözlənilir. Əfv qərarı Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir və hər bir müraciətə fərdi qaydada, həssaslıqla yanaşılır".
Aydan Quliyeva