Azərbaycanda meyitlərin yandırılmasına ehtiyac varmı?- Millət vəkilindən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:09 13.02.2025

Azərbaycanda dəfn qaydaları ilə bağlı müxtəlif müzakirələr aparılır. Xüsusilə, kremasiya – yəni meyitlərin yandırılması məsələsi zaman-zaman gündəmə gəlir. Dünyanın bir sıra ölkələrində geniş yayılmış bu təcrübənin Azərbaycanda tətbiqi mümkün olub-olmadığı, həmçinin bunun hüquqi və dini aspektləri ilə bağlı suallar yaranır. 


Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa "informator.az"a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı müzakirələr aparılır və cəmiyyətin tələbi olduğu halda müxtəlif seçim imkanları nəzərdən keçirilə bilər:

 

"Cəmiyyətdə, əgər belə bir tələb yaranarsa, insanların öz dini mənsubiyyətinə uyğun və ya dini mənsubiyyətindən asılı olmayaraq müxtəlif seçimlər etməsi nəzərdən keçirilməlidir. Çünki bu, fərdi seçim azadlığı ilə bağlı bir məsələdir. Bəzi qəbiristanlıqları su basır, digərləri isə heç bir müəyyən dizayna uyğun qurulmur. Bundan əlavə, qəbiristanlıqların saxlanması da ciddi problemə çevrilir. Bəzən bu məkanlar insanların qeyri-mədəni fərqlənmə vasitəsinə çevrilir ki, bu da əlavə narahatlıq doğurur".

 

O, məsələyə kompleks yanaşmağın vacibliyini vurğulayaraq bildirib ki, vətəndaşlara seçim hüququ tanınmalıdır:

 

"Kimlərsə dini inanclarına uyğun ənənəvi dəfn mərasimini seçə bilər, digərləri isə külünün müəyyən bir yerə yerləşdirilməsini istəyə bilər. Bu, insanların azad seçim hüququna aid bir mövzudur. Demokratik ölkələrdə bu məsələyə necə yanaşılırsa, bizdə də oxşar qaydalar tətbiq edilə bilər".

 

Nergiz Orucova