Şanxayda Kobelco Baosteel Automotive Aluminum Rolled Products şirkəti açılıb

Bölmə: Dünya › ,
Tarix: 19:02 14.02.2025

14 fevral (Xinhua) – Avtomobil alüminium lövhələri sahəsində ixtisaslaşmış Çin-Yaponiya birgə müəssisəsi olan Kobelco Baosteel Automotive Aluminum Rolled Products şirkətinin rəsmi açılışı Şanxayda baş tutub. Cümə axşamı keçirilən tədbir, avtomobil materialları sektorunda Çinli və Yapon şirkətləri arasında əməkdaşlığın artdığını nümayiş etdirib.

 

Çinin Baoshan Iron and Steel şirkəti (Baosteel), Baowu Aluminum Technology şirkəti və Yaponiyanın Kobe Steel şirkətinin birgə qurduğu bu müəssisənin qeydiyyatdan keçmiş kapitalı təxminən 1 milyard yuan (təxminən 139,4 milyon ABŞ dolları) təşkil edir. Çin və Yaponiyadan bərabər investisiya alan bu birgə müəssisə avtomobil istehsalçılarına ekoloji cəhətdən təmiz alüminium lövhələr tədarük edəcək.

 

Avtomobil sənayesində alüminium, nəqliyyat vasitələrinin çəkisinin azaldılmasında mühüm rol oynayır. Elektrikli avtomobillərin istehsalının sürətlə artması isə bu sahə üçün böyük bazar imkanı yaradır. Çində 2024-cü ildə avtomobil alüminium lövhələrinə tələbin 442.000 ton olduğu, 2027-ci ilə qədər isə bu rəqəmin 657.000 tona çatacağı gözlənilir. Şirkət, Baosteel və Kobe Steel-in texnoloji təcrübəsindən, istehsal səmərəliliyindən və qlobal bazar strategiyasından istifadə edərək yüksək səviyyəli avtomobil alüminium lövhələrinin tədarükünü artırmağı hədəflədiyini bildirib. Baosteel şirkətinin İdarə Heyətinin sədri Zou Jixin, bu birgə müəssisənin Çin-Yaponiya strateji əməkdaşlığını gücləndirdiyini və sənayenin “yaşıl” və az karbonlu inkişafa keçidini dəstəkləyərək tamamlayıcı üstünlükləri təşviq etdiyini vurğulayıb.

 

Bu təşəbbüs, Çinin avtomobil sənayesinə xarici investisiyaların artması tendensiyasının bir hissəsi kimi qiymətləndirilir və Şanxay bu prosesdə əsas mərkəzlərdən biri kimi seçilir. Fevral ayının əvvəlində Yaponiyanın Toyota Motor şirkəti Şanxayda tamamilə özünə məxsus olacaq yeni bir elektrikli avtomobil istehsalı zavodu qurmağı planlaşdırdığını açıqlayıb. Eyni zamanda, ABŞ-ın Tesla şirkətinin Megapack enerji saxlama batareyaları istehsalı üçün yaratdığı yeni “Megafactory” zavodu da çərşənbə axşamı günü Şanxayda istehsala başlayıb.


Son dakika haber

Əsmər Bəşirova