Qoxuların insan emosiyalarına və keçmiş xatirələrə təsiri

Tarix: 21:38 14.02.2025
Qoxular insan emosiyalarına və yaddaşına güclü təsir göstərir. Çünki onlar beyində duyğular və xatirələrlə bağlı olan hissələrlə birbaşa əlaqəlidir. Müəyyən qoxular insanda nostalji hisslər oyadaraq keçmişdə yaşadığı anları və duyğuları yenidən canlandıra bilər. Bu səbəbdən qoxuların insan psixologiyası və gündəlik həyatdakı rolu böyükdür.
Bu mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, qoxu məsələsi ən çox hiperhəssas insanlara aiddir:
"Belə ki, əgər insanlar həssasdırsa, onlar qoxuya daha çox diqqət edirlər. Bu da, təbii ki, uşaqlıqdan gələn bir nüansdır. Hər bir ailədə, hər bir evin özünəməxsus qoxusu var. Bu qoxu hətta xatirələrə də hopa bilər. İnsan bəzən doğma yerin qoxusunu özü üçün o qədər spesifikləşdirir ki, hər hansı, hətta ona aid olmayan bir yerə getsə və ya qonaq getsə belə, orada ona olan münasibətdən asılı olmayaraq, əgər qoxu onun xoşuna gəlirsə, o yerə daha çox bağlanmağa başlayır.
Və ya əksinə, hansısa qoxu onun üçün uşaqlıqda yaşadığı neqativ hadisə ilə əlaqəlidirsə və bu hadisə zamanı fiziki şiddət olubsa, yaxud fiziki şiddət gördüyü dövrlərdə hər hansı bir kəskin qoxu mövcud olubsa, bu zaman həmin qoxu neqativ duyğu kimi yaddaşına həkk olunur və onun üçün ən xoşagəlməz qoxuya çevrilir. Məsələn, doğma, ona hörmət göstərilən və önəm verilən bir yerə getsə belə, orada uşaqlıq xatirəsi ilə bağlı hansısa neqativ qoxu hiss edərsə, həmin yer ona toksik gələ bilər. Hətta bəzi insanlarda həmin qoxunun yaratdığı emosiya nəticəsində qeyri-ixtiyari aqressiya yarana bilər".
Həmçinin psixoloq bildirib ki, qoxu ilə bağlı insanın özünəməxsus yaratdığı müxtəlif emosional reaksiyalar var:
"Məsələn, görsəl insanlar bir cür, eşitsəl insanlar başqa cür, ən çox isə hissiyatlı insanlar qoxu mövzusuna daha diqqətlə yanaşırlar. Onlar üçün iştirak etdikləri hər bir məkan qoxusuna görə fərqlənir və bu amilə önəm verərək bəzən insan münasibətlərini, hətta iş həyatlarını belə bu prinsiplə qurmağa çalışırlar. Əgər hər hansı bir ətir və ya qoxu insanın emosiyalarına bu qədər təsir edirsə, onun həyatını dəyişdirə bilirsə və qərar verməkdə çətinlik yaradırsa, mütləq psixoloqun köməyi ilə bu travmalardan qurtulmaq mümkündür".
Eyni zamanda psixoloq travmatik və xoş xatirələrin insanın psixoloji vəziyyətinə təsirini idarə etməyin yolları haqqda da danışıb:
"Bu zaman insanlar anlayacaqlar ki, hər hansı bir qoxu onların həyatına mane olmur və eyni zamanda qoxudan asılı olmayaraq həyatlarına davam edə bilərlər. Çünki hissiyatlı insanlar həyata daha həssas yanaşdıqları üçün hər bir xırda detalı təşviş və həyəcanla qarşılayırlar. Əgər qoxu onlar üçün problemə çevrilibsə, artıq ətraflarını da müəyyən səbəblərdən narahat etməyə başlayırlar. Yəni hər hansı bir qoxu onları narahat edirsə, "Buranı tərk edək", "Buradan gedək", "Bura mənim xoşuma gəlmədi" kimi ifadələrlə ətrafdakı insanları da narahat edə bilirlər. Bu narahatlıqları zamanında aradan qaldırmaq üçün insanlar psixoloji terapiyadan istifadə edə bilərlər".
Nigar Həsənzadə