Azərbaycanda silah əldə etmə yaşı artırılır-Təhlükəsizlik, yoxsa məhdudiyyət?

Tarix: 21:43 14.02.2025
Azərbaycanda mülki şəxslərin odlu silah əldə etmə yaş həddi 21-ə qaldırılır. Qanunvericiliyə edilən bu dəyişiklik təhlükəsizlik tədbiri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Millət vəkili Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunması üçün görülən tədbirlər mühüm əhəmiyyət daşıyır:
“Qərarın qəbul edilməsi çox önəmli və vacibdir. Əslində, qərarın qəbul edilməsinə çoxdan ehtiyac duyulurdu. Bu gün dünyanın mənzərəsinə baxdıqda, qətl hadisələrinin sayının artdığını və onların cəmiyyətə təsirini müşahidə edirik. Bu da ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsinə mühüm təsir göstərəcək. Biz təhlükəsizliklə bağlı məsələlərə böyük diqqətlə və məsuliyyətlə yanaşmalıyıq, çünki bu, olduqca vacib bir mövzudur.
Dövlətimizin bu məsələlərlə bağlı gördüyü tədbirlər kifayət qədər sərtdir və özündə bir çox mühüm elementləri və məsələləri ehtiva edir. Bu tədbirlər nə qədər sərt olsa da, bir o qədər vacibdir, çünki bu olduqca önəmli bir məsələdir.
Digər tərəfdən, silahın olması cinayətlərin baş verməsinə şərait yaradır. Əgər silah varsa, cinayət törətmək üçün də imkan mövcuddur. Lakin görülən tədbirlər cinayətkarlığın azalmasına, cinayət hadisələrinin sayının düşməsinə müsbət və ciddi təsir göstərəcək.
Ölkəmizdə cinayətlərin sayında azalma müşahidə ediləcəyini gözləyirik. Çünki insanların əlində silah olduğu halda, təhlükəsizlik riskləri artır. Bu da silahların dövriyyəsi ilə bağlı məsələləri gündəmə gətirir və onların tənzimlənməsini vacib edir. Ona görə bu məsələyə ciddi və obyektiv yanaşma artıq çoxdan zəruri olub. Biz bu andan etibarən, bu gündən başlayaraq, vacib addımlar atmalı və məsuliyyətli mövqe sərgiləməliyik.
Əgər lazımi tədbirləri görməsək, bunun ciddi fəsadlarını və nəticələrini yaşaya bilərik. Bu baxımdan, sözügedən məsələ son dərəcə vacib və diqqət tələb edən bir mövzudur”.
Xanım Ağamalıyeva