Bölgələrdə sertifikasiya imtahanlarının reallıqları-Təhsil keyfiyyəti

Tarix: 22:20 14.02.2025
Bölgələrdə və paytaxtda çalışan müəllimlərin hazırlıq səviyyəsi, sertifikasiya imtahanlarının nəticələri və resurslara çıxış imkanlarındakı fərqlər təhsil gündəmində yenidən aktuallaşıb.
Bəs Bölgələrdə işləyən müəllimlərin sertifikasiya imtahanlarından keçə bilməməsinin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, son 10-15 ildə bölgələrdə çalışan müəllimlərin müəllimlərin işə qəbulu imtahanında (MİQ) iştirak edib uğur qazana bilməməsi və ya aşağı nəticə ilə keçməsi faktı mövcuddur:
“Düzdür, bu, o demək deyil ki, bölgələrdə çalışan müəllimlər sertifikasiyadan keçə bilmirlər. Xüsusən müstəqillik dövründən əvvəl kollec təhsili almış və ya saxta diplomla işə qəbul olunmuş müəllimlərin olması bu gün bu nəticələrə təsir göstərir. Bölgə və şəhər məktəblərində çalışan müəllimlərin hazırlıq səviyyəsinə gəldikdə isə hər iki tərəfin səviyyəsi eynidir. Tədris proqramı istər paytaxtda, istərsə də bölgələrdə bütün orta və tam orta ümumtəhsil müəssisələrində eynidir. Sadəcə olaraq, paytaxt məktəblərində çalışan müəllimlər üçün tədris resurslarına çıxış daha əlçatandır. Bölgələrdə isə internetin olmaması və ya zəif olması, bəzi vəsaitlərin internet üzərindən əldə edilməsində çətinliklər yaradır ki, bu da paytaxtla müqayisədə fərq doğurur. Sertifikasiya imtahanlarının məzmunu və tələblərinə gəldikdə isə hesab edirəm ki, proqram eynidir. Suallar məhz mövcud təhsil proqramı əsasında hazırlanır və bu, həm paytaxtda, həm də bölgələrdə bütün müəllimlər üçün keçərlidir. Yəni bölgə və paytaxt müəllimləri üçün ayrıca proqram tərtib olunmur. Düşünürəm ki, sertifikasiya prosesi gələcəkdə müəllimlər üçün müəyyən təlimlərin keçirilməsinə imkan yaradacaq. Bu imtahanlardan sonra Təhsil Nazirliyi vahid bir data bazası formalaşdırır və burada aparılacaq təhlillər nəticəsində xüsusilə bölgə müəllimləri üçün müxtəlif təlimlərin təşkili mümkün olacaq”.
Mehriban Nəsibova