Prezident Ərdoğan: Avropa Birliyini düşdüyü çıxmazdan yalnız Türkiyə xilas edə bilər

Tarix: 21:13 24.02.2025
Prezident Ərdoğan bildirib: “Avropa demokratiyalarında yaranan boşluğu son seçkilərdə də görüldüyü kimi ifrat sağçı demoqoqlar doldurur. Avropa Birliyini iqtisadiyyatdan müdafiəyə, siyasətdən beynəlxalq nüfuza qədər düşdüyü bu çıxmazdan yalnız Türkiyə, Türkiyənin tam üzvlüyü xilas edə bilər".
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışının əsas məqamları bunlardır:
Buradan bütün könül dostlarımıza hörmət və sevgilərimi çatdırıram. Bir çox məsələləri müzakirə etdiyimiz toplantımızı az öncə tamamladıq. “Xidmət edən izzət tapar” anlayışı ilə böyük və güclü Türkiyə ideyamıza davam edirik. Əziz millətimizə olan xidmət borcumuzu ödəməyə çalışırıq.
Bu gün Avropada ifrat sağ hərəkatlar siyasətin əsas aktorlarına çevrilib. Avropa mərkəz siyasətinin zamanın ruhunu düzgün oxuya bilməməsi bunun əsas səbəblərindən biridir. Liberal demokratiya ciddi bir böhran və çıxılmaz vəziyyətə düşüb. Bir dövrün dərmanı hesab edilən liberal demokratiya əvvəlki gücünü itirib və insanlara inam verməkdə acizdir. Bu gün Qərbdə yaşanan vəziyyət məhz budur. Son seçkilərdə də gördüyümüz kimi, bu boşluğu ifrat sağçılar doldurur.
Qəzzada 61 mindən çox mülki şəxsin qətliamına göz yuman Qərb sinifdən kəsilib. İtirilən nüfuz və etibarın bərpası artıq mümkün deyil. Eyni zamanda, 4-5 nəsildir Avropada yaşayan vətəndaşlarımızın sülh və təhlükəsizliyinə önəm veririk. Avropa ilə münasibətlərimizin əvvəlki ritmində olmasını vacib sayırıq. Avropa Birliyini düşdüyü çıxmazdan yalnız Türkiyə xilas edə bilər. Avropaya yeni nəfəs verəcək yeganə güc Türkiyədir, Türkiyənin tam üzvlüyüdür. Biz hər zaman olduğu kimi, konstruktiv yanaşma ilə üzvlük prosesimizi irəlilətmək arzusundayıq. AB və ona istiqamət verən ölkələrin səhv mövqedə israr etməyi dayandırması lazımdır. Türkiyə olaraq, 360 dərəcəlik baxış bucağı ilə bir ayağımızı Ankaraya sabitləyib, digər ayağımızla dünyaya dönməyə davam edəcəyik.
“Asiya səfərlərimiz çox məhsuldar keçib”
650 milyona yaxın əhalisi olan Malayziya, İndoneziya və Pakistan səfərlərimiz son dərəcə məhsuldar keçib. İmzaladığımız 48 sənəd çərçivəsində bir çox sahədə əməkdaşlığımızı gücləndirdik. On minlərlə insan bizi salamlayıb. Üç ölkə ilə də xarici ticarətdə yeni hədəflər müəyyən etdik. Bu ölkənin çörəyini yeyən hər kəsin bu vəziyyətdən narahat olmaq əvəzinə qürur duyması lazımdır. Amma bizdə bir cür düzəlməyən dağıdıcı müxalifət var. TOGG-un 52 mindən çox avtomobili artıq yollardadır. Yay aylarında sedan modeli də təqdim ediləcək. Çinli BYD şirkətinin 1 milyard dollarlıq sərmayə ilə quracağı zavodun tikintisində ciddi irəliləyiş var. Digər bir Çin şirkəti isə Samsunda sərmayələrini həyata keçirir və hazırlıqlarını tamamlayıb. Tezliklə fabrikin təməlini atacağımızı görəcəyik.
“Rusiya-Ukrayna müharibəsi başa çatmalıdır”
Partiyamızın 12 oktyabrda başlayan qurultay marafonunu dünən tamamladıq. Bundan sonra xarici əlaqələrə daha çox önəm verəcəyik. Ukrayna Prezidenti Zelenskinin səfərindən sonra bu gün Lavrovu qəbul etdik. Bu görüşləri önəmli hesab edirik. Müharibənin ilk günündən etibarən sülh üçün mübarizə aparırıq. Hər iki qonşu ölkə ilə balanslı əlaqələr qurmuşuq. Mart 2020-ci ildə birbaşa danışıqlara ev sahibliyi etdik. Qara dəniz taxıl təşəbbüsünü həyata keçirdik. 33 min ton taxılın Türkiyə boğazlarından dünya bazarına çıxmasına zəmin yaratdıq. Müharibənin danışıqlar masasında başa çatması Türkiyənin əsas məqsədlərindəndir. İstanbul prosesi xaricində bu günə qədər qurulan bütün platformalarda Rusiya kənarda qalıb və nəticə əldə edilməyib. Qarşılıqlı danışıqlar vasitəsilə bu müharibə sona çatmalıdır. Hər bir ölkəyə ağır bədəl ödətdirən bu müharibənin artıq bitməsini istəyirik.
“Ramazan fürsətçiliyinə icazə verməyəcəyik”
11 ayın Sultanı Ramazana yaxınlaşmağın sevincini yaşayırıq. Şənbə günü ilk sahur və iftarımızı edərək mübarək Ramazana başlayacağıq. Ramazan ayının bütün insanlığa xeyir gətirməsini diləyirik. Fürsətçilik peşində olanlara qarşı zəruri tədbirlər görürük. Dövlət olaraq nəzarət vəzifəmizi ən yaxşı şəkildə yerinə yetiririk. Vətəndaşın çörəyinə göz dikən bu fürsətçilərə millətimizin dəstəyi ilə göz açdırmayacağıq. Vətəndaşlarımızın hüquqlarının qorunması bizim üçün prioritetdir. Azad bazar demək, başıboşluq demək deyil. Ticarət, Kənd Təsərrüfatı və Maliyyə nazirliklərimiz, Ramazan sevincinə kölgə salmaq istəyən tamahkarlara qarşı ciddi səylər göstərir.
TRT XƏBƏR
Günel Verdiyeva