Bullinqə qarşı mübarizə-valideynlər və müəllimlər nə etməli?

Tarix: 18:20 26.02.2025
Bullinq daha çox təhsil müəssisələrində, xüsusilə yeniyetmələr arasında müşahidə olunur.
Bu fikirləri “İnformator.az”a açıqlamasında psixoloq Aygün Ağabalayeva bildirib. Onun sözlərinə görə, burada təzyiq həm fiziki, həm də psixoloji ola bilər:
“Bullinqə məruz qalan uşaqlarda özünəqapanma, məktəbə qarşı istəksizlik, hətta intihar düşüncələri yarana bilər. Eyni zamanda, bu uşaqlarda qorxu, gərginlik və təşviş kimi hallar da müşahidə olunur”.
Psixoloq bu halın qarşısını almaq üçün valideynlərə müəyyən tövsiyələr də edib:
“Valideynlərə tövsiyə edirəm ki, övladlarını tərbiyə edərkən onların özgüvən hissini formalaşdırsınlar, çünki bullinqə məruz qalan uşaqların əksəriyyəti özgüvənsiz olduqlarına görə bullinə reaksiya verə bilmirlər”.
A.Ağabalayeva bullinq edən uşaqlara da psixoloji dəstəyin gərəkliliyini qeyd edib:
“Çünki düzgün psixologiya ilə yetişən uşaq heç kəsə zərər verməz. Adətən belə uşaqlar ailədə şiddət görən kəslər olurlar. Əsas olan vaxtında müdaxilə etməkdir. Burada məktəb-şagird-valideyn kompleks şəkildə işləməlidir”.
Psixoloq əlavə edir ki, valideyn övladı ilə düzgün ünsiyyət qurmalı, həm dinləyən, həm də danışan olmalıdır:
“Məktəbdə müəllimlər, evdə isə valideynlər uşağın vəziyyətini, reaksiyalarını və aqressiyasını müşahidə etməlidir. Buna görə də həm müəllimlər, həm də valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır”, - deyə o, yekunlaşdırıb.
Təhsil üzrə ekspert Elçin Süleymanov isə düşünür ki, bullinqin qarşısının alınması üçün başda məktəblərin psixoloqları və sinif rəhbərləri diqqətli olmalıdır:
“Sinifdə şagirdlərin davranışları və psixoloji vəziyyətləri nəzarətdə saxlanmalıdır. Eyni zamanda, valideyn-müəllim və məktəb arasındakı münasibətlər düzgün qurulmalıdır. Əgər şagirdin müvəffəqiyyət göstəricisi birdən-birə aşağı düşərsə və ya davranışlarında ciddi dəyişikliklər müşahidə olunarsa, bunun səbəbi mütləq araşdırılmalıdır. Bu dəyişikliklər ailədənmi, məktəbdənmi qaynaqlanır? Xüsusilə yeniyetməlik dövründə şagirdlər çoxsaylı zərərli təsirlərə məruz qalır. İnformasiya bolluğu, sosial şəbəkələr (məsələn, TikTok), kompüter oyunları və digər təsirlər onların davranışlarına müəyyən dərəcədə təsir göstərə bilər”.
E.Süleymanovum sözlərinə görə, şagirdlərin davranış pozuntularının səbəbi diqqətlə araşdırılmalıdır.
“Əgər bullinq səbəbindən təzyiqlər varsa, sinif yoldaşlarının təsiri, psixoloji və ya cinsi təzyiqlər müşahidə olunursa, və ya şagird birdən-birə özünəqapanır və həyatdan kəsilməyə başlayırsa, bu hallar mütləq müəyyənləşdirilməli və məktəb psixoloquna yönləndirilməlidir”.
Təhsil eksperti qeyd edir ki, məktəbdə şagirdləri ən yaxşı tanıyan insanlar sinif rəhbərləridir:
“Buna görə də, sinif rəhbərləri həm psixoloqla, həm də valideynlə sıx əlaqə saxlamalıdırlar”.
Ekspert sonda bu halın səbəb ola biləcəyi fəsadlardan söz açıb:
“Bu hallar ciddi problemlərə yol aça bilər və qarşısı alınmaz nəticələrə gətirib çıxara bilər. Məktəblər bu məsələlərə diqqətlə yanaşmalı və müvafiq tədbirləri görməlidir”, - deyə ekspert yekunlaşdırıb.
Pünhan Həsənova