Liderlik və insanları idarəetmə bacarığı

Tarix: 20:55 26.02.2025
“Liderlik həm doğuştan gələn, həm də zamanla inkişaf etdirilə bilən bir xüsusiyyətdir”.
Bu sözləri psixoloq Gülşən İsmayılova “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, bəzi insanlar təbii liderlik qabiliyyətinə sahib ola bilərlər:
“Məsələn, insanları təsir altına almaq, onları motivasiya etmək və istiqamətləndirmək bacarığına malik olurlar. Lakin liderlik, zamanla, təcrübə və öyrənmə ilə də inkişaf edə bilər. İnsanlar özlərini inkişaf etdirərək daha yaxşı liderlərə çevrilə bilərlər. Yəni, liderlik həm doğuşdan gələn xüsusiyyətlərə, həm də inkişaf etdirilə bilən bacarıqlara əsaslanır”.
Psixoloq idarəetmə və liderlik arasındakı incə nüans haqqında da danışdı:
“İdarəçilər, mövcud qaydalara və prosedurlara uyğun olaraq resursları səmərəli idarə etməyə çalışırlar. Liderlik isə insanları ilhamlandırmaq, onları bir məqsəd ətrafında birləşdirmək və motivasiya etmək məqsədi daşıyır. Liderlər, gələcəyi görmə qabiliyyətinə malik olub, insanları bu məqsədə çatmağa inandıra bilirlər. İdarəetmə daha çox planlaşdırma, təşkilatçılıq və nəzarətlə əlaqəli olsa da, liderlik daha çox baxış bucağı yaratmaq və insanların inamını qazanmaqla bağlıdır”.
Müsahibimiz liderlərə xas olan xüsusiyyətlər haqqında da danışdı:
“Liderlərdə bir neçə əsas xarakteristik xüsusiyyət mövcuddur:
Baxış bucağı yaratmaq və məqsəqlilik: liderlər gələcəyə baxaraq, böyük məqsədlər təyin edir və insanları həmin məqsədə yönəldir.
Empatiya: liderlər, başqalarının ehtiyaclarını və hisslərini başa düşərək, onları dəstəkləyir və anlamaya çalışırlar.
Özünə inam: liderlər öz bacarıqlarına və qərarlarına güvənirlər və bu inamı komandasına da ötürə bilirlər.
Ünsiyyət bacarıqları: liderlər fikirlərini açıq və təsirli şəkildə ifadə edə bilir və insanlarla sağlam münasibətlər qururlar.
Qətiyyət: liderlər çətin vəziyyətlərdə qərar verə bilmək və qarşıya çıxan maneələri aşmaq qabiliyyətinə sahibdirlər”.
Nərmin Həşimova