Yuxular şüuraltımızın mesajıdırmı?-Psixoloq AÇIQLAYIR

Tarix: 20:40 13.03.2025
"Yuxular insanın şüuraltında olan duyğuların, qorxuların, istəklərin və travmaların əksi ola bilər".
Bu sözləri "informator.az"a açıqlamasında teleaparıcı, psixoloq Ülkər Musayeva söyləyib. Psixoloq yuxuların psixoloji mənaya malik olub-olmamasından da bəhs edib:
"Onlar insanın duyğusal vəziyyətini əks etdirməklə yanaşı, beynin məlumat emalı və yaddaşı gücləndirməsi ilə də bağlıdır. Yuxular, insanın daxili vəziyyətini, bastırılmış duyğularını və həll olunmamış problemlərini ortaya çıxara bilər. Hər bir detal insanın özünə aid müxtəlif tərəfləri simvolizə edə bilər. Əgər yuxularımızı diqqətlə təhlil etsək, onlardan müəyyən mesajlar ala bilərik. Tez-tez təkrarlanan yuxular, narahatlıq doğuran motivlər və ya güclü emosiyalarla müşayiət olunan yuxular şüuraltımızın bir problemi həll etmək üçün bizə xəbərdarlıq etdiyini göstərə bilər. Bu, adətən, həll olunmamış emosional problemlər, qorxular, stress və ya həyatımızda dəyişiklik tələb edən vəziyyətlə bağlı olur. Yuxuların yaratdığı emosiyalara diqqət yetirmək, şüuraltında nə baş verdiyini anlamağa kömək edə bilər".
Fatimə Abdulrəhimli