Taksi sayı azaldıldı -Tıxac niyə azalmır?

Bölmə: Sosial › ,
Tarix: 21:44 13.03.2025

Paytaxtda taksi sayı kəskin azaldılıb. Ancaq nə avtomobillərin azalması müşahidə olunur, nə də tıxac problemi həllini tapır. 2023-cü ildə operatorların idarə etdiyi taksilərin sayı 67 000-dən artıq idisə, hazırda bu rəqəm 23 000-ə endirilib. Sayın aşağı salınması ilə tıxacın da nisbətən azalacağı ehtimal edilirdi. Lakin vəziyyət dəyişmədi.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıdakı tıxacların əsas səbəbi şəhərin iri sənaye və ticarət mərkəzi olmasıdır:

 

"Əhali sayı kifayət qədər çoxdur, üstəlik, Bakı artıq turistik şəhərə çevrilib və burada zəngin mədəni həyat mövcuddur. Tez-tez müxtəlif tədbirlər keçirilir ki, bu da nəqliyyat sıxlığını artırır. Bundan əlavə, şəhərin mərkəzinə doğru hərəkət edən köhnə avtomobillərin sayı da kifayət qədərdir. Taksi sayının azaldılması əsasən köhnə və yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədi daşıyırdı. Burada əsas hədəf sərnişinlərin daha təhlükəsiz və keyfiyyətli xidmətdən yararlanmasını təmin etmək idi. Bu məqsədə qismən nail olunub – taksilər indi daha təhlükəsizdir və xidmət səviyyəsi müəyyən qədər yüksəlib. Tıxac problemini həll etmək üçün artıq 2025–2030-cu illəri əhatə edən dövlət proqramı mövcuddur. Bu proqramın əsas məqsədi Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu təkmilləşdirməkdir. Plan çərçivəsində tıxac yaradan əsas amillər aradan qaldırılacaq, yeni yollar salınacaq, körpülər və tunellər inşa ediləcək. Xüsusilə "butulka effekti" yaradan dar yollar genişləndiriləcək və yenidən qurulacaq".

 

Mehriban Nəsibova