Oruc tutmağın sağlamlığa təsiri və düzgün qidalanma qaydaları

Tarix: 21:56 14.03.2025
Ramazan ayı başlayıb və bir çox insan oruc tutur. Bunun insan sağlamlığına təsiri müxtəlif fikirlərə səbəb olur.
Oruc tutmağın bədənə təsiri necədir, hansı hallarda tövsiyə edilmir və iftarla sahurda hansı qidalar daha faydalıdır?
Mövzu ilə bağlı dietoloq Leyla Zülfüqarlı “İnformator.az”a açıqlamasında bildirib ki, insan ac qaldıqda, orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir:
" Bu prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnən, köhnələn hüceyrələri təmizləyir. Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, həm bu orqanda reabilitasiya prosesi başlayır, bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır. Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir".
Ekspertin sözlərinə görə,Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də, qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır:
" Bu, həmin şəxslərin orucluqda düzgün qidalanmamalarının nəticəsidir. Dietologiya elmi həyatda Tanrının buyurduqları ilə çox bənzərdir. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. “Köklüyün sirri-arıqlamağın açarı” adlı kitabımda Ramazanda düzgün qidalanma haqqında geniş yazmışam. Bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram".
Türkan Kərimli