"Türkiyə təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biridir"

Tarix: 21:48 14.03.2025
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, keçirilən görüşdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, ikitərəfli münasibətlərin inkişafı, müxtəlif növ pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq imkanları və Türkiyə şirkətlərinin Ukraynanın bərpasında iştirakı müzakirə edilib.
“Dövlətimiz Türkiyəni həm strateji, həm də təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biri hesab edir. Ukrayna, Prezident Ərdoğanın qarşıdan gələn səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır”, - deyə Zelenski bildirib.
Mövzuyla əlaqədar politoloq Tural İrfan bildirib ki, Ukrayna və Türkiyə arasında münasibətlər hər zaman normal olub:
“Təbii ki, Türkiyənin Rusiya ilə də əlaqələri mövcuddur. Lakin bu münasibətlər Ukrayna - Rusiya savaşından əvvəldən başlayıb. Türkiyə məlumdur ki, Ukraynanın yanındadır və onun qələbəsini istəyir, lakin Rusiya ilə də fərqli sahələrdə ticarət və iqtisadi münasibətləri var. Hazırda Türkiyənin Ukraynaya dəstəyi və aralarında azad ticari əlaqələrin qurulması Rusiya üçün gözlənilməz deyildi. Eyni formada olmasa da, fərqli şəkildə oxşar əlaqələr Rusiya ilə qurula bilər”.
Ekspertin sözlərinə görə, beynəlxalq aləmdə Türkiyənin Ukraynaya dəstəyi müsbət qarşılanır və məlumdur ki, o, mümkün olduğu qədər dəstək verə bilir:
“Çünki Rusiya ilə də müəyyən münasibətlərin pozulmasında maraqlı deyil. Bu ticarət əlaqələri hazırkı dövrdə Ukrayna üçün hava-su kimi vacibdir. Bu əlaqələr Ukraynanın ayağa qalxmasına əhəmiyyətli töhfə verəcəkdir.
Türkiyənin Suriya savaşındakı rolu kimi, Ukrayna savaşı da Türkiyənin vasitəçiliyi ilə bitəcək. Çünki ABŞ demək olar ki, Ukraynanı atıb, Avropa da yalnız savaşı körükləyir. Ancaq Türkiyənin rolu sönük görünsə də, təsiri böyükdür və hesab edirəm ki, müdrik bir yol seçib savaşın bitməsinə səbəbkar olacaq. Ticarət əlaqələrinin inkişafı üçün sazişin imzalanması Türkiyə və Ukrayna arasında əməkdaşlığın genişləndiyini, inkişaf etdiyini göstərir ki, bundan sonra Türkiyə bu münasibətləri və iqtisadi maraqlarını qorumaq üçün digər lazımi addımları da ata bilər”.
Asiman Vəliyeva