Türkiyə-İran gərginliyi və regional siyasət

Bölmə: Siyasət › ,
Tarix: 22:24 14.03.2025

Son günlərdə Türkiyə və İran arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Xüsusilə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın Yaxın Şərqdəki milis qruplarına verdiyi dəstəyi tənqid etməsi, qarşılıqlı diplomatik notaların verilməsinə səbəb olub. Bu gərginlik fonunda, iki ölkənin regional siyasətə yanaşmaları, Suriyadakı qüvvələr balansı və ümumilikdə Yaxın Şərqdəki strateji maraqları yenidən müzakirə mövzusuna çevrilib.

Türkiyə və İran arasındakı hazırkı gərginlik regional siyasətə necə təsir edəcək və bu, gələcəkdə iki ölkə arasında daha ciddi qarşıdurmaya səbəb ola bilərmi?

 

Mövzu ilə bağlı siyasi şərhçi Kazım Kazımov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə ilə İran arasında Suriya məsələsində zaman-zaman fikir ayrılıqları yaşanıb: 

 

"Xüsusilə Bəşər Əsəd hakimiyyətdə olduğu dövrdə İran onun ən yaxın müttəfiqlərindən biri olub, Türkiyə isə Əsədə qarşı döyüşən müxalif qüvvələri dəstəkləyib. Bu isə iki ölkə arasında münasibətlərin sərinləşməsinə səbəb olub".

 

Ekspertin sözlərinə görə, Bəşər Əsəd devrildikdən sonra İranın Suriyadakı mövqeyi demək olar ki, tamamilə zəifləyib, Türkiyə isə əksinə, bölgədə təsirini artırıb:

 

" Son dövrlərdə Türkiyə-Suriya əlaqələrinin normallaşması istiqamətində addımlar atılır. Əhməd Şaranın Türkiyəyə səfəri və Əsəddən sonra Türkiyədən Suriyaya ilk diplomatik heyətin göndərilməsi bunu sübut edir.

Bununla yanaşı, Suriyanın bəzi bölgələrində baş verən silahlı qarşıdurmalar Türkiyə-İran münasibətlərində gərginliyi yenidən artırıb. Əsədə yaxın qüvvələrin silahlı qiyam cəhdində İran tərəfindən maliyyələşdirilən və hərbi cəhətdən dəstəklənən qrupların adı hallanıb. Həmçinin Hizbullahın da bu prosesdə iştirak etdiyi iddia edilir.

Mövzuya münasibət bildirən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan baş verənləri Suriyanın sabitliyini pozmağa yönəlmiş addım kimi qiymətləndirib və dolayısıyla İranı işarə edib. Tehran isə bu ittihamlara sərt cavab verib".

 

Lakin politoloq Kazım Kazımov hesab edir ki, bütün bu gərginliklərə baxmayaraq, Türkiyə və İran arasında müharibə ehtimalı yoxdur:

 

"İki ölkə arasında fikir ayrılıqları olsa da, hərbi qarşıdurma ehtimalı real görünmür. Hər iki dövlət regional sabitliyin qorunmasının vacibliyini anlayır və münasibətləri tamamilə pozacaq bir addım atmaq istəməz. Mövzu ilə bağlı danışıqların davam edəcəyi gözlənilir".

 

 

Türkan Kərimli