Bəlkə indi hansısa qəbristanlığın, yaxud hansısa bir dəlixananın daimi sakini idim
Bölmə: MEDİA › ,Tarix: 11:48 28.12.2015
İnformator.az saytı “Gəzməyə Qərib ölkə, ölməyə.....?” rubrikasını davam etdirir. Bu dəfəki qonaq Almaniyada yaşayan jurnalist Fəxri Hacıbəylidir.
-Fəxri, ölkədən çıxıb getməyinizin səbəbi nədir? İndi harda yaşayırsız və necə? Özünüz haqqında bir qədər ətraflı məlumat verərdiniz. Getməyə dəyərdimi?
-İlk öncə sualın “getməyə dəyərdimi” önə alıb buna cavab olaraq deyim ki, insan öz ölkəsindən kənarda, qürbət eldə heç cür xöşbəxt ola bilməz. İnsan öz vətənində xoşbəxtdir, öz vətənində güclüdür. Hesab edirəm ki, hansı səbəbdən olursa-olsun vətəni tərk edirsə getdiyi yerdə sosial, maddi imkanının səviyyəsi nə qədər yaxşı olsa belə o xoşbəxt deyil və mühacir içərisində olduğu mədəniyyətin ona münasibətindən asılı olmayaraq yerlilərlə münasibətdə ikinci növ insandır. Bəlkə də Amerikada, Kanadada fərqlidir, amma Avropada bu belədir. Heç bir insan vətəndə doğuşdan malik olduğu haqlara, hüquqlara yad ölkədə tam şəkildə nail ola bilməz. O bunlari getdiyi yerdə sonradan əldə etməlidir. İstənilən cəmiyyətdə rast gəlinən “gəlmə” stereotipləriylə hər addımda rastlaşaraq, hər addımda “sən buraya məxsus deyilsən, gəlməsən” ifadə edən baxışları, formal suallarda, blanklarda rastlaşdığı bəlkə də və əsasən də formal xarakter daşımayan “bu ölkəyə gəlmə səbəbləri”nə verdiyin, yazdığın “izahatlarla”...
İnsanın doğulduğu, vətəni saydığı yer o yerdir ki, sənə bu tip suallar verilmir və ya verilməsi qeyri-təbii səslənir. Sən vətənində nədən olduğun, haradan gəldiyinlə bağlı soru eşitsən belə bu səndə hansısa diskomfort yaratmır, sual sənə komplekslərni xatırlatmır. Bir sözlə, vətənin sənin komplekslərsiz, davamlı burada nədən olduğun izahatları vermədiyin və ya verməli olmadığın, haqqın olan yerdir. Bu baxımdan deyim ki, yox, dəyməzdi vətəni tərk etməyə. İndiki gəldiyim nəticə mənə diqtə edir ki, heç bir halda vətəni tərk etməyə, hər şeyi yenidən, sıfırdan başlamağa dəyməzdi. Sən nə qədər güclü, əlahiddə xüsusiyyətlərə sahib olmalısan ki, uzun illərini verməklə zəhmət hesabına əldə etdiklərini yarıda, natamam tərk edib onu qeyri-müəyyən bir ortam və şərtlərdə yenidən, başdan başlayasan və bir nəticəyə ümid edəsən. Hər zaman gözlənilən alınmaya bilər və əsasən də alınmır.
Ancaq indi bu nəticəyə gəlməm, bunu indi ən azı fiziki baxımdan ifadə edə bilməm üçün də demək o addım atılmalıydı. Belə bir deyim var: İndiki ağlım olsaydı dünənki səhvi etməzdim. Amma dünənki səhvi etmədən də bugünkü kimi ağıllı ola bilməzdim.
Orada qalmaqda davam etsəydim nə olacaqdır, həyatda olacaqdimmi, olsaydim ömrümü harada davam etdirəcəkdim, dəqiq deyə bilmərəm. Kim bilir bəlkə yaxşı olardi, bəlkə indi hansisa qəbristanlığın, yaxud hansısa bir dəlixananın daimi sakini idim. Bilmirəm nə baş verərdi. Və əslində elə bu qeyri-müəyyənlik də həlledici oldu.
Bir məqamı kəsinliklə vurğulamaq istərdim ki, Heydər Əliyevin siyasi idarəçiliyi dövrü Azərbaycanda siyasi və demokratik mədəniyyətin çiçəklənmə dövrü, inkişafının pik nöqtəsi sayıla bilərdi. Bizim bir toplum, xalq olaraq hər halda yarada biləcəyimiz bu qədərdir və inanmıram ki, bundan artığına da nail ola bilərdik və bilərik. Mən həmin dövrdə ən nüfuzlu müxalif mətbuat orqanında - “Yeni Müsavat” qəzetində və daha sonra “Azadlıq” radiosunda çalışmışdım. O dövrdə məmur-jurnalist, məmur-siyası fəal münasəbətləri indikindən çox fərqliydi. Əgər əvvəllər məmur yazısından narazı qaldığı mətbuat orqanına, jurnalistə narazıçılığını daha çox və təbii ki, nadir hallarda hüquqi yolla, hüquq müstəvisində ifadə edirdisə, adının mətbuatla hansisa qalmaqalda hallanmasını arzu etmirdisə, bölgələrdə siyasətlə məşğul olan fəalların belə toxunulmazlıq, təhlükəsizlik qarantiyası vardısa, sonrakı illərdə vəziyyət tamamilə dəyişdi. Məmurlar əsasən qeyri-hüqiqi vasitələrdən istifadə edərək, həm də köhnədən qalma haqq-hesab çürütmə prosesinə start verdilər. Əsəbi məmurları qorxudan çəkindiricilik amili ortadan qalxdı, sanki bunları açıb buraxdılar mətbuatın, siyasi fəaliyyətlə məşğul olanların üzərinə. Artıq mətbuatla, jurnalistlərlə məmur çəkişmələri, hesablaşmaları inkognito (yəni adını bildirmədən, özgə adı altında) aparılmırdı, əskinə birbaşa öz adıyla, sanki kiməsə göstərir, nümayiş etdirircəsinə açıq-aşkar hesablaşmalara başlanıldı. Siz mənim şərti olaraq mümkün demokratik mədəniyyətimizin pik nöqtəsi saydığım o illərdə seçki məntəqəsində xarici müşahidəçilərin gözü önündə müşahidəçinin, jurnalistin əzişdirilməsini təsəvvür edərdinizmi? Qətiyyən! Mən müşahidə etməmişəm, belə bir fakt barədə bilgim yoxdur. Məmurlar daha konfliktdən qaçan, daha uzlaşmağa meyilli, mətbuata daha sayğılı idilər. Heydər Əliyev şəxsiyyətinin ağırlığı qarşısında məmurlarda bir qorxu, rəhbər xofu vardı. 2003-cü ildən sonra mənim üçün bu dövr qapandı. Artıq nostalji hisslərlə oturub yeni şərtlər daxilində boynuna nə zaman, kimin, hansi “boz ip ölçəcəyi”ni gözləmək yersiz idi. Bunun üçün həddindən artıq romantik inqlabçılıq, fədailik duyğularına sahib olmaq lazım idi ki, mən bu qədər duyğusal ola bilmədim. Ona görə də vəziyyəti qiymətləndirib mühacirət həyatını seçməli oldum. Doğrudur bu gün qürbətdə olsam da yenə doğru bildiyimi edirəm, uyğun bildiyim formatda fəaliyyətimi davam etdirirəm. Lakin bu dövrdə çoxsaylı sıxıntılar da yaşadım. On ildən artıqdır ki, canımdan artıq sevdiyim vətənimi, doğmalarımı görə bilmirəm. Atam vəfat etdi, onun qarşısında son övladlıq borcumu belə yerinə yetirə bilmədim. Bir sözlə cüzi qazandıqlarımla yanaşı itgilərimin miqyası daha çox oldu mənimçün...
Yox, dəyməzdi vətəni tərk etməyə
- Vaxtıyla çalışdığınız və daha sonra məlum səbəblər üzündən fəaliyyətinizi dayandırmalı olduğunuz “Azadlıq” radiosunun Azərbaycan redaksiyası sizin jurnalist karyeranızda hər hansı bir rol oynayıbmı?
- Mən “Azadlıq” radiosunadək “Yeni Müsavat” qəzetində işləmişdim. Hansı ki, həmin dövrdə adı çəkililən qəzet tirajı, oxunaqlığıyla, yanaşı yazılarının yerlərdə əks-səda doğurması ilə fərqlənirdi. Mən “Azadlıq” radiosuna jurnalistika təcrübəsiylə, “Yeni Müsavat” məktəbindən gəlmişdim. Təbii ki qəzet jurnalistiasiyla radio jurnalistikasi fərqlidir. Qəzet səhifəsindən sənlə oxucu arasında heç bir əlavə ifadə, hissləri, düşüncələrini oxucuya çatdırmaq üçün ifadə imkani yoxdur. Oxucu ilə yazar arasinda cansız sətirlərdən başqa heç nə yoxdur. Qəzetçilik jurnalistdən daha çox hazırlılıq, fikr ifadə edə bilmək üçün daha dərin dil və ifadə imkanları tələb edir. Radio da səs, yazdığını səsləndirmək, səsinin intonasiyası, ahəngi ilə fikri, ifadəni çatdıra bilmə imkanları var. Təsvirli, görsəl mediada bu imkan bir az da artıqdır. Demək bu pillələmədə qəzet ilk yeri tutur və mən də radioya qəzetdən gəlmişdim.
Həmin dövrdə “Azadlıq” radiosunda işləmək bir çox jurnalist üçün əlçatmaz görünürdü, burda işləmək çoxların arzusu idi. Təbii ki, burda işləmək mənim mətbuat karyerama yeni bir çalar əlavə etdi. Mən burda vaxtilə radio dalğalarında səsinə sevə-sevə qulaq asdığım jurnalistlərlə tanış olmaq, onlarla işləmək imkanı qazandım. 20 yanvar hadisələrindən səsini eşitdiyimiz Mirzə Xəzərlə radionun əməkdaşı olaraq çalışmaq təbii ki, maraqlı idi.
On ildən artıqdır ki, canımdan artıq sevdiyim vətənimi, doğmalarımı görə bilmirəm
- Almaniyaya getməyinizdə, bu ölkədə məskunlaşmaqda vaxtilə işlədiyiniz “Azadlıq” radiosunun hər hansı bir rolu oldumu?
Mənim mühacirətə getməyim heç də bir başa hər hansı olayla yox, sadəcə həmin vaxt baş verən ümumi proseslərin nəticəsində baş verib. O ki qaldı vaxtilə işlədiyim radionun mühacirət həyatıma təsiri, bunu ümumən jurnalistika fəaliyyətimdə bir çalar, bir rəng olaraq görürəm.
- “Azadlıq” radiosunun sizin işlədiyiniz dövrdəki fəaliyyəti ilə indiki fəaliyyəti arasında paralellər aparılsa hansı fərqlər ortaya çıxar? Sizcə radionun hansı dövrdəki fəaliyyəti daha obyektiv idi?
-Burda iki məqama diqqət yetirmək lazım gəlir. Birinci sırf peşəkarlıq, ikincisi isə radionun yarım əsrdən bəri formalaşmış imici və təməl qayəsidir. “Azadlıq”radiosu uzun illər əsasən Sovetlər Birliyinin idarəçiliyinə qarşı dissident hərakatının və bu sistemə qarşı müxaliflərin bir növ tribunası, dissident ruporu rolunu oynayıb. Sovetlər dağılandan sonra radionun funksiyasına dəyişiklik edilərək daha çox xəbər mediası fəaliyyətinə keçilməsinə üstünlük verildi. Görünür buna görə də 2 sentyabr 2004-cü ildə radioda köklü kadr dəyişikliyinə start verildi. Biz işləyən dövrdə Azərbaycanda informasiya texnologiyaları yayğın deyildi. Biz bir növ, nuh əyyamından qalma radio texnikasından istifadə edirdik. Bir xəbəri yazmaq üçün yeganə və iki adamın güclə sığışdığı studiyanın boşalmasını gözləyirdik. Səsimizi maqnit lentə yazırdıq. Bunu özü bacarmayanlara texnik yardım edirdi. Yadımdadır mətni oxuyarkən hər dəfə çaşanda Rasim (texniki əməkdaşımız) üzə vurmasa da əsəbi halda “okey, bir də başdan (və ya, son cümlədən) başlayaq” deyib lenti geriyə firladırdı... O zaman internet nə olduğunu bilmirdik də məhdud imkanlar və ağır iş şəraitində işləməli olurduq. Bölgə müxbirlərinin vəziyyəti isə daha acınacaqlı, fəaliyyət şərtləri bürodakılardan bir az da pis idi. Amma bununla belə çevik və obyektiv xəbərlər hazırlayırdıq və hesab edirəm ki, biz daha çox obyektiv idik, biz daha çox insanlarla birbaşa təmasda olurduq. O vaxt, yəni Mirzə Xəzərin idarəçiliyi dövründə istər Praqadan, istərsə də Bakı bürosundan jurnalistin işinə azacıq belə olsun müdaxilə yox idi. Özünüsenzura hissləri bizə yad idi. Lakin zaman keçdikcə radioda nəinki özünüsenzura, rəhbərliyin senzurası, hətta radionun içərisində, büroda yaranmış qruplaşmaların belə senzurası hiss olunurdu. Nəticədə radio bir növ qaragüruhun toplaşdığı bir siyasi dostlar klubuna çevrildi. Radio bir növ ayrı-ayrı şəxslərin istəklərinin – siyasi simpatiya və antipatiyasının ifadə vasitəsinə çevrildi. Bizim dövrdə Pragada bir kişi, büroda da bir xanim vardi. Bürodakı o xanim Praqadakı kişinin həlledici fikrinin bürodaki bir növ ifadəçisi, hamının sayğıyla yanaşdığı bir xanım idi. Sonrakı illərdə də “Praqada bir kişi, büroda bir qadın” formatı vardı. Amma sonrakı formatda Pragadakı kişi bürodakı qadının iradəsinin təsiri altında idi və əsasən onun fikrinin, rəyinin ifadəçisi rolunu oynayırdı. Bu açıqca hiss olunurdu. Bizim radio kollektivi daha səmimi, münasibətlər daha dostcasına idi.
O dövrdə məmur-jurnalist, məmur-siyası fəal münasəbətləri indikindən çox fərqliydi
-Almaniyada hansısa tədbirlərin birində ermənilərə sərt cavab vermişsiniz. Bu hansı hadisə ilə bağlı idi. Mümkünsə bu barədə bir qədər ətraflı məlumat verərərdiniz.
-Hadisə 5 il öncə olub. Ermənistan prezidenti Almaniyaya rəsmi səfərə gəlmişdi. Bu haqda məlumatı alanda şəhərdəydim və məndə bu tədbirdə iştirak etmək istəyi yarandı. “Konrad Adenauer” fondunda görüş təşkil olunmuşdu. Almaniya XİN əməkdaşları, siyasətçilər, deputatlar və fond rəhbərlikləri qatılmışdı tədbirə. Qapıda dayanmış alman xanım sadəcə əl çantama baxıb məni buraxdı içəri. Yəqin ki, məni Berlində yaşayan və ya oxuyan bir erməni zənn etdi. Düşünmürəm ki, mənim azərbaycanlı olduğumu bilsəydilər tədbirə buraxardılar. Almanlar belə tədbirlərdə insident yaşansın istəmirlər. Erməni dövlət başçısının qatıldığı bir tədbirdə azərbaycanlının, həm də bu azərbaycanlı içəridəkinin cinayətkar əməlinin qurbanıdırsa, iştrakı mümkün insident deməkdir.
Tədbirdə erməni katolikosu (yaxud da mənim katolikos hesab etdiyim qara geyimli, boynundan xaç asılmış bir zat) iştirak edirdi. Birdən mənim erməni olmadığımı bilib tədbirdə iştirakıma mane olarlar düşündüm, “bəladan qaçmaq üçün ən yaxşı yer onun öz həndəvəridi” prinsipiylə düz katolikosun yaxınlığında əyləşdim. Tədbir başlayan kimi də əl qaldırıb sual növbəsinə durdum. Ermənistanın işğalı nəticəsində Ağdamın Əliağalı kəndindən didərgin salındığımı, evimin işğal edildiyini və (o zaman) artıq 18 ildir evimə gedə bilməydiyimi və mənim vətənimin, evimin nə vaxtadək işğal altinda saxlanacağını sual etdim.
İndi aradan daha 5 il də ötüb. İndi evimi 18 yox, 23 ildir görə bilmirəm. Beləcə beşilliklər arxada qoya-qoya ömrü və Qarabağa qayıdış ümidlərini tükətməklə məçğuluq. Ritorik sualla məqsədim Sarkisyanın işgalçı bir ölkənin rəhbəri olduğunu, əlində mənim soydaşlarımın qanı olduğunu onun üzünə çırpmaq, bu hiyləgər, xəbis şəxsin əslində bir hərbi cani olduğunu orada olan alman siyasətçilərinin, dövlət yetkililərinin nəzərinə çatdırmaq idi. O da elmədi tənbəlik, əsil erməni xarakteri nümayiş etdirərək bu işğalla heç bir əlaqəsi olmadığını vurğuladı, guya oradaki orduyla heç bir əlaqəsi olmadığını, yerli qarabağlı ermənilərin öz vətənlərini azad etdiklərini iddia etdi. Təbii ki, heç bir utanc hissi keçirmədən.
Nə qədər qəribə də olsa məhz həmin olaydan sonra öz azərbaycanlılarımızın əliylə mənə qarşı təxribatlara əl atıldı. Görünür Sarkisyana qarşı sərt mövqeyim kimlərinsə xoşuna gəlməmişdi. Belə nəticəyə gəldim ki, bir erməni siyasətçisinə, erməni dövlətinin rəhbərinə sərt tövrün bədəli olduqca ağırdır. Adamı özününkülərin əliylə elə günə salarlar, elə sanksiyalarla üz-üzə qoyarlar ki, illərlə belini düzəldə bilməzsən. Eyni davranışı Azərbaycan siyasətçisi və dövlət başçısına edənlərin alqışlanması, qarşısında Azərbaycan da daxil olmaqla hər yanda yaşıl işıqlar yandırılması sübut edir. Ancaq imkan düşsə yenə də eyni addımı atardım.
- Ailəniz üçün məlumdur ki, nələrsə edirsiniz. Bəs ölkəniz Azərbaycan üçün Almaniyada nə iş görürsünüz?
- Burda olduğum müddətdə həmişə çalışmışam ki, məhdud imkanlarımla zəngin istəklərimi uzlaşdırıb ölkəm üçün nələrsə edim. Hesab edirəm ki, ən azı bir şəxsi belə Azərbaycan həqiqətlərinə inandırmaq, içərisində olduğumuz durumu anlatmaq, tariximiz, başımıza gətirilənlərlə bağlı yanlış fikirləri aradan qaldırmaq, Azərbaycan adına bir tədbir düzənləmək və ya bu tip tədbirlərə qatılmaq da bir iş, bir fəaliyyətdir. Zənnimcə hər bir fərd xalqı, ölkəsi üçün əlindən gələni əsirgəməməlidir. Miqyasından asılı olmayaraq...
Ancaq təəssüf ki, Azərbaycandan olan minlərlə soydaşlarımız bu yöndə istəklərini reallaşdırmaq üçün maddi imkanlarının olmaması ucbatından bu realizə oluna bilmirlər. Maddi imkanı olanların da ümumxalq məsələlərə həsr ediləcək istəkləri olmur. Ancaq məhdud imkanlarımızla da olsa Azərbaycan sevdalısı olan soydaşlarımızın bir araya gələcəyi bir təşkilat təsis etmək üçün yanvarın 22-də Praqada toplaşmalıyıq. Fəaliyyətimizi və imkanlarımızı götür-qoy etmək, koordinasiya olunmaq üçün təşkilatlanmağa ehtiyac var. Planlarımız çoxdur, bunları reallaşdırmaq üçün yəqin ki, bizə dəstək olacaq soydaşlarımız da tapılacaq. Hələ baxacağıq kimlərlə, hansı səviyyədə işləyəcəyik.
Heydər Əliyevin siyasi idarəçiliyi dövrü Azərbaycanda siyasi və demokratik mədəniyyətin çiçəklənmə dövrü, inkişafının pik nöqtəsi sayıla bilərdi
- Nə vaxtsa Vətənə qayıtmağı düşünürsünüzmü?
- Vətən sevgisini ən gözəl, poetik şəkildə Abbas Səhhət ifadə edib - “Vətən əcdadımızın mədfənidir”, yəni dəfn olunduğu yerdir. Hara getsək də, yenə son mənzilimiz oradır. Biz hər birimiz o torpağın bağrından süzülüb gelmişik, ətimiz, qanımız o torpaqdan, sudan yoğrulub. Sonda da o torpağa dönməliyik, ona qarışmalıyıq.
Mənim üçün “vətənə dönmək” anlayışı mühacirətdə yaşayan istənilən bir Azərbaycandan olanın vətəninə dönməsindən daha fərqlidir. Mən lap Azərbaycana dönsəm də tam olaraq bunu “vətənimə döndüm” adlandıra bilmərəm. Mənim vətənə dönüşüm daha keçilməz maneələr arxasında gizlənib. Birinci Bakılı, Gəncəli Azərbaycana dönüşdür, bir də Şuşalı, Kəlbəcərli, Ağdamlı Azərbaycana dönüş. Mən içimdə bu iki iztirabı, ikisinə də olan həsrəti daşıyıram. Birinci keçiləsi, dəf ediləsi maneədir. Axi mənim ikincili dərdim – sadəcə Azərbaycana, Bakıya dönməklə ödənilməyəcək vətən ehtiyacim da var.
-Siz yəqin ki, birincini nəzərdə tutdunuz?
-Mən də ondan danışım. Biz ölkəmiz var olduğu sürəcə varıq. Azərbaycan qüdrətləndikcə biz də sayılıb-seçılırik. Haraya getsək də o dil, o mədəniyyiət bizi yaşadır, təmin edir, yedirir, bizə kimlik qazandırır. Təbii ki, müəyyən maneələr aradan qalxan kimi vətənə qayıtmağı düşünürəm. Amma bilsəm ki, mənim ata-baba yurdum düşmən tapdağından azad olunub və ya bu prosesə start verilib o zaman indi maneə saydığım nələrsə də mənə bir an gecikmədən oraya qayıtmağa mane olmazdı. İndi 23 ildir həsrətiylə yaşadığım, bir an belə fikrimdən çıxmayan, sızıltısını hara getsəm də özümlə daşıdığım doğum yerimi, uşaqlığımın keçdıyı ata yurdumu görmək həvəsi istənilən təhlükəni görməzdən gəlmək üçün yetərlidir. Yetər ki, son dəfə doğma yurdumun havasıyla bircə dəfə nəfəs alım. Buna nə qədər ehtiyacım var, bir bilsəniz...
İnanın bu pafos deyil, düşüncəmdən keçənlərdir.
Müsahibəyə görə təşəkkür edirik.