Jurnalistikanı siyasətə tabe eləmək istəyənlər bizdən daha çox idi
Bölmə: MEDİA › ,Tarix: 12:46 12.01.2016
“Gəzməyə Qərib ölkə, ölməyə.....?” rubrikasının qonağı hazırda Çexiyada yaşayan Azadlıq, Avrasiya, Pressfakt qəzetlərinin və Azadlıq radiosu Azərbaycan redaksiyasının keçmiş əməkdaşı Rövşən Əliyevdir.
- İnsan daha çox harda azaddır? Ölkəsində, yoxsa kənarda?
-Prinsipcə, heç bir fərqi yoxdur. Azadlıq ölkədən daha çox insanın özü ilə bağlıdır. Sürünənlər üçün istənilən yer doğmadır. Uçanlar üçün həm yer, həm səma lazımdır. Yəni səma sürünənin nəyinə gərəkdi? O başqa məsələ ki, bəzi ölkələrdə hava da sərt nəzarət altındadı. Ancaq heç bir nəzarət daxili azadlığa təsir eləyə bilməz.Ölkədən qıraqda yaşamaq yersiz səmada olmaq kimi bir şeydi.
Heç bir nəzarət daxili azadlığa təsir eləyə bilməz
- Ölkədə baş verən hər hansı bir faciəyə kənardan baxmaq çətindir, yoxsa ölkənin içindən?
- Faciə qurbanlarıına kömək eləyə bilmirsənsə harda olmağın nə fərqi. Ölkə içində bəzən belə bir əhval olur: “elnən gələn bəla toy-bayramdır”. Ancaq inanmıram ki, bu əhval hamıda olsun. Kənardan baxmağın bir ağırlığı da var. Müqayisə eləyə bilirsən. Başqa, daha qabaqcıl toplumların fövqəladə hallara hazırlığını, yardımın peşəkar təşkilini, kompensasiyaların hüquqi bazasını bizdəki özfəaliyyətlə, göstərməçiliklə müqayisə eləyirsən. Sosial, hüquqi problemlərin həlli əvəzinə ənamlar verilməsini tələb eləyən aktivistləri görürsən. Medianın yalançı vətənpərvərliyini, yalançı dövlətsevərliyini seyr edirsən.Məsəl üçün, yazda Bakıda bina yananda nə qədər qəzetçi heç yanğın sönməmiş Fövqəladə Hallar nazirinin təbliğatını özünün birinci dərəcəli işi saydı və bunu, guya dövləti müdafiə eləmək kimi qələmə verdi. Hətta Afrika ölkələrində media belə biabırçılığa getmir. “Trend”, “Azərtac” deyilən agentliklər var. Ən ağır faciələr, fəlakətlər olanda belə bu agentliklər üçün baş xəbər hansısa rəsmi görüşdür, hansısa protokoldur. Medianın insan faciəsinə bu cür yanaşması Türkmənistan, Qüzey Koreya kimi ölkələrdə qalıb. Artıq Afrika ölkələrinin mediasında belə şeylər yoxdu. Bu mənada kənardan baxmaq ağırdır.
- Praqa ömürlük məkanınızdır? Və “Ah, Avropa nə yaxşı mən sənin bir parçana çevrilmişəm” – deyə sevinirsinizmi?
- Xeyr, bura iş dalınca gəlmişdim. Ölkədəki medianın kiçik imkanları daxilində orda nə iş mümkündür - görmüşdüm. İlk nömrəsindən başlayaraq könüllü kimi yardım elədiyim, sonra müxbir, şöbə müdiri, redaktor müavini olduğum “Azadlıq” qəzetində 2-3 ilin içində istədiyim xeyli işi görə bildim. Yaxşı jurnalistlər cəlb elədik, çox faciəvi, emosional, qarışıq dövrdə qəzetin qaraguruhun təsiri altına düşməsinə imkan vermədik. Sovet jurnalistikasından başqa bir təcrübəsi olmayan bir məkanda yeni redaktə qaydaları, iş prinsipləri qoyduq. Ancaq bu işi sona çatdıra bilmədik. Jurnalistikanı siyasətə tabe eləmək istəyənlər bizdən daha çox idi. Qəzetdən gedəsi olduq. “Press-fakt”da kültür və sosioloji məsələləri də işıqlandırmağın yolunu göstərdik, vacibliyini önə çəkdik. “Avrasiya”da yeni iqtisadi şəraitdə qəzetin siyasətə yox, marketə bağlı olmasının vacibliyini vurğuladıq. Ölkənin daxilində mediada çalışmaq mənim üçün maraqlı idi. Ancaq əlavə təcrübəyə, bilmədiyim şeyləri öyrənməyə, görmədiklərimi görməyə ehtiyacım var idi. Ona görə, Azadlıq radiosunda çalışdım. Orda istədiyim vaxtdan çox qaldım. Hər il qayıtmağı düşünsəm də, müxtəlif səbəblərdən bu iş ləngidi. Elə Azadlıq radiosu da Azərbaycanın, bəlkə də onun bir kəndinin uzantısı kimi görsənir mənə. Bloqumda bu barədə çox yazmışam. İstəyən www.cagdasmedia.wordpress.com – dan oxuya bilər.
Ölkədəki medianın kiçik imkanları daxilində orda nə iş mümkündür – görmüşdüm
- Azərbaycan jurnalistkasının indiki durumunu necə şərh edərdiniz?
- Azərbaycan mediası bu gün dördüncü hakimiyyətə yox, beşinci təkərə çevrilib. Sükanı da Rusiyanın beşinci kolonunun əlindədir. Jurnalistlərin çoxunun çalışdığı, sərmayələrin çoxunun yönəldiyi ana axın mediasını deyirəm. Bununla belə, ümidverici media proyektləri də var. Çox kiçik imkanla, kiçik maliyyə ilə dünya standartlarına uyğun məhsul qoyurlar ortaya. Pulun əsas hissəsini xərcləyənlərin işi isə orta əsrlər səviyyəsindədir.
- Bəs bu gün Azərbaycanda son dəb texniki avadadnlıq və gözəl ofislərlə təmin olunan xəbər mediası oxucuya nə çatdırır?
- ANS-pressayağı çıxmasın, bu gün həmin mediada qadınların çoxu meşşanlıqla məşğuldurlar, kişilərin çoxu isə moşenniklik dalınca qaçırlar. Özünü dövlətçiliyin müdafiəçisi kimi qələmə verən təminatlı media iki tip işlə məşğuldur: Qərbi söymək, hakimiyyəti öymək. Peşəkarlıq baxımından jurnalistlərin söyməsi də, öyməsi də yolverilməzdir. Siyasi baxımdan isə, əgər bunun ölkəyə xeyri olacağını, dövlətin belə jurnalistikadan qazanacağını düşünürlərsə, mən də düşündüyümü deyim. Təbliğatın hakimiyyətin, dövlətin dayağı olduğunu düşünmək indiki dövrdə böyük bir aldanışdır. SSRİ-nin təcrübəsi göstərdi ki, əsas təbliğat deyil, əsas iqtisadiyyatın dalana dirənməməsidir. İqtisadiyyat amilinin qabağında bütün arqumentlər boğboğazlıqdır. Qərbi söyməyə gəlincə, bunun da nə dövlətə, nə hakimiyyətə faydası olduğunu düşünürəm. Bu yalnız ölkədə islamizmi gücləndirəcək.
Müəllif: Nazilə Xaqan