Azərbaycan… Ahəngdar rəngarəngliyin xalısı

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:08 15.01.2016


Paytaxt Bakıdakı Xalça muzeyində məşhur Azərbaycan şairi Füzuliyə ehtiram əlaməti olaraq divardan bahalı bir xalça asılıb. Nadir xalçalardan ibarət böyük kolleksiyadakı digər xalçada isə Nizami Gəncəvinin şeirlərindən parçalar toxunub.

İnformator "worldmedia.az"a istinadən xəbər verir ki, yüksək zövqlə seçilmiş rənglər və böyük incəliklə toxunmuş xalçalar bu şairlərin ədəbiyyat dünyasında, çoxlu şairlər yetirmiş ölkənin tarixində hansı yer tutduğunu göstərir, sönməyən odlar diyarı Azərbaycanın hekayəsini bu və ya digər şəkildə nəql edir. Axı xalçaçılıq sənəti kimi, Azərbaycan da tarix boyu gözəlliklə çağırışın, rəngarəngliklə mürəkkəbliyin sintezi olub.

Azərbaycanın yaşadığı müxtəlif tarixi mərhələlər qədim bəşər irsinə sahib olan bu ölkənin mədəni komponentlərində öz təsirini buraxıb. Burada – Qobustanda tarixi daş dövrünə gedib çıxan ən qədim insan düşərgələrindən birinin izləri var. Quruçay və bəşər mədəniyyətinin inkişafı ilə bağlı olan bu izlər, Azərbaycandakı bir neçə mağarada aşkarlanmış üst paleolit və son tunc dövrlərinə aid mədəniyyətləri göstərir.



Region eramızdan əvvəl 550 il ərzində Əhəmənilərin hakimiyyəti altında olub və zərdüştilik də burada məhz həmin dövrdə yayılıb. Yeri gəlmişkən, bu dinə aid məbədlərdən biri indi də Bakıda qalır. Sonra ölkə Böyük İskəndər imperiyasının bir hissəsinə çevrilib. Azərbaycanda Sasani və Bizans sülalələri hökmranlıq edib, eramızın 7-ci əsrində islamın buraya gəlməsindən sonra isə Azərbaycan müsəlman ərəblərin tabeliyinə keçib.

Adətən, səfərlərdə olan tədqiqatçının əsas düşüncəsi və fikri, ilk növbədə, öz araşdırması ilə bağlı məsələlərə yönəlir. Beləliklə, Azərbaycana ilk səfərə yollanmış, tarixin müxtəlif kəsimlərində İran coğrafiyasının hüdudlarında olmuş mühitlə tanışlığa çalışan iranşünas araşdırmaçı kimi, bu səfərimdə geosiyasi çalarlar da var idi.

Bakı hava limanına çatanadək tədqiqatçı həmkarlarımın (onların çoxu qərbli idi, çünki Orta Asiya və Qafqaz regionlarını araşdırmağa çalışan ərəb tədqiqatçısına nadir halda rast gələrsən) mənə verdikləri “orada ehtiyatlı ol” tövsiyəsi beynimdən çıxmırdı. Mənə deyirdilər ki, “ölkə polis gücü ilə idarə olunur”, “orada yol getmək belə, çətindir” və s. Oxumuşdum ki, Bakıda hicabla rahat gəzmək asan məsələ deyil. Amma öz-özümə demişdim ki, bu, uzaqbaşı, qarşıya qoyulmuş vəzifənin çətinliyini bir qədər artıracaq, vəssəlam...



Lakin vəziyyət baş cür oldu. Azərbaycan torpağına ayaq basdığım andaca kiçik aeroport sakit və nizam-intizamlı göründü. Pasport yoxlanışından qısa vaxtda keçdim, səfər çantam, mənə deyilənlərin əksinə olaraq, ayrıca yoxlanılmadı. Çıxar-çıxmaz bir nəfərin gülümsəyərək mənə əl yellədiyini gördüm – bu, Qafqaz Media Fondunun əməkdaşı Ramil Əzizov idi. Bu fond əl-Cəzirənin tərəfdaşlarından biridir, rəhbəri isə orada media sahəsində tanınmış Umud Mirzəyevdir.

Görüşlərimizin gündəliyini müəyyən etmək üçün aeroportdan birbaşa Qafqaz Media Fonduna – iclasa yollandım və bu zaman yolboyu paytaxt Bakının müasirliyinə, təmizliyinə şahid oldum. Bu şəhər Şərqlə Qərb üslublarını gözoxşayan şəkildə sintez edərək birləşdirən çoxnövlü memarlıq nümunəsidir.

Azərbaycan təcrübəsi ictimai və mədəni komponentlər arasında qarşılıqlı bağlılığın mövcud olduğunu göstərir. Bu əlaqə ərazisi hazırda 86,6 kvadrat kilometr olan bir ölkədə “Azərbaycan nümunəsi” adlandıra biləcəyimiz bir dini vəziyyətin yaranmasına gətirib çıxarıb. Azərbaycanda cəmiyyətin əsas komponentini və əksəriyyəti təşkil edən şiə və sünni müsəlmanlarla yanaşı, yəhudilər, erməni apostol kilsəsinin, rus ortodoks kilsəsinin nümayəndələri yaşayır. Ölkədə digər dinlərin, o cümlədən Zərdüştiliyin məbədləri olub. Onlardan biri olan Atəşgah indiyədək qalır. Onun tikilmə tarixi 17-ci əsrə gedib çıxır. Vaxtilə fransız yazıçısı Aleksandr Düma (ata) bir müddət orada qalmışdı və bu məbədin alovunun neft-qazla zəngin Suraxanıda (“fontan vuran dəliklər” deməkdir) bir muzey kimi qorunub saxlandığını qeyd etmişdi.

Əksər statistik məlumatlara görə, Azərbaycan əhalisinin 96%-i müsəlmandır, yerdə qalanı isə xristianlıq, yəhudilik, zərdüştilik kimi digər dinlərin nümayəndələrinin payına düşür. Amma hökumət rəsmiləri deyirlər ki, müsəlmanlar əhalinin 92%-ni təşkil edir. Bundan başqa, bəzi statistik məlumatlara görə, şiələr müsəlman əhalinin 85%-ni, sünnilər isə 15%-ni təşkil edir. Lakin dini məsələlər üzrə yüksək rütbəli rəsmilər sünni müsəlmanların nisbətini 35%-dək qaldırırlar.



Azərbaycanda dini vəziyyət ölkənin geosiyasi mövqeyinin çətinlikləri ilə ciddi şəkildə bağlıdır. Bu, ölkənin xarici siyasətində də belədir. Ölkə regionda öz təsiri və rolu olan Rusiya, Türkiyə və İran kimi siyasi aktorlarla əhatə olunub. Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlət olsa da, islam ictimai və mədəni kimliyi təşkil edən əsas komponentdir. Azərbaycan bu gün özünün dünyəvi milli kimliyini formalaşdırır. Dini kimlik burada ümumi kimliyin tərkib hissəsidir. Azərbaycanda dini müəssisələr “radikal qruplar” adlandırılanların nüfuzunun qarşısını almaq üçün ciddi siyasət yeridir.

Azərbaycan postsovet dövlətlərindən biridir. Sovet dövləti onu zor gücünə, dəyənəklə idarə edib. Azərbaycan Avropanın siyasi xəritəsində mühüm və əsas dövlətlərdən hesab olunur. Eyni zamanda Vaşinqton və İsraillə də güclü əlaqələr qurmağı bacarmış Azərbaycan, özündə Rusiya, İran və Türkiyəni birləşdirən, böyük rəqabətin getdiyi coğrafi mühitdə yerləşir. Belə bir mühitdə aktiv və balanslaşdırılmış siyasət apara bilmək beynəlxalq əlaqələrin qurulması sənətindən daha çox, “mövcudluğunu saxlamaq” peşəsinə çevrilib.

Azərbaycan geosiyasi mövqeyinin ona verdiyi üstünlükləri dərk edir və bundan irəli gələn imkanları genişləndirməyə çalışır. O, Şərqlə Qərb arasında əsas ticarət və enerji yollarının qovuşuğunda yerləşən bir ölkədir. Dünyəvi sisteminə baxmayaraq, özünün islam dünyası və irsi ilə bağlılığını qırmayıb və qırmır. O, həmçinin Avropa ilə Asiya, xristian dünyası ilə islam dünyası arasında körpü, yerləşdiyi region üçün olduqca mühüm dəhliz və enerji qapısıdır.



Azərbaycanla Rusiya arasında əlaqələrin tarixi daha çox qan və zorakılıq, işğal və münaqişə ilə bağlıdır. Din və insanların dini azadlıqları rus siyasətinin (xüsusilə, sovet dövründə) əsas qurbanlarından olub. Azərbaycan, ümumiyyətlə Qafqaz regionunun müsəlmanları, Sovet rejiminin dini boğmaq siyasətindən çox əziyyət çəkib. Sovet İttifaqı qurulmamışdan əvvəl Azərbaycanda təxminən 2 min məscid var idi. Ötən əsrin 80-ci illərinin əvvəllində isə Bakıdakı 5 böyük məsciddən yalnız 2-nin, ümumilikdə Azərbaycanda isə cəmi 15-ə yaxın məscidin açılmasına icazə verilmişdi. Təbii ki, bütün bunlar bir çox insanı dini ayinləri və namazları öz evlərində gizlincə yerinə yetirməyə sövq edirdi. Qafqazın şeyxülislamı Allahşükür Paşazadənin dediyinə görə, sovet rejiminin dini azadlıqları boğma siyasəti Azərbaycanın Cənubi Qafqazdakı qonşularını – Ermənistanla Gürcüstanı da əhatə etmişdi.

Hazırda Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatır. Ölkədə 2100 məscid fəaliyyət göstərir. Bu məscidlər şiələr və sünnilər arasında bölünməyib. Əksinə, bu məscidlərdə gah şiə, gah da sünni din xadimlərinin imamcüməliyi ilə Allahın adı ucalır, şiə ilə sünni birlikdə namaz qılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Quranlı zarafatla, eyni zamanda ciddi tərzdə deyir: “Bilirsən, Sovet İttifaqı niyə dağıldı? Cavab sadədir: çünki o, insanların qəlbindəki Allaha qarşı mübarizə apardı”.

...Bakı küçələrini dolaşıb hava limanına doğru hərəkət edərkən, ucalan böyük Azərbaycan bayrağını gördüm. Məni müşayiət edənlər deyir ki, “bu bayraq müstəqillikdən sonra, sovet lideri Stalinin böyük heykəlinin yerində ucaldılıb. O heykəl isə artıq keçmişdə qalıb”...