Azərbaycanın jurnalistika məktəbi daha yüksəkdir

Tarix: 15:58 15.01.2016
Gəzməyə Qərib ölkə, ölməyə.....?” rubrikasının növbəti qonağı hazırda Türkiyədə yaşayan ANS TV və “New Baku Post” qəzetinin sabiq əməkdaşı Pərvanə Sabirqızıdır.
Türkiyəyə niyə getmisiniz?
-Bir çoxlarınız bilirsiniz ki, mən Türkiyəyə əvvəllər müalicə məqsədilə tez- tez gedirdim. Demək olar ki, ildə 7-8 dəfə İstanbula gedirdim. Elə oldu ki, İstanbulda fəaliyyət göstərən Can Azərbaycan TV kanalından iş təklifi aldım və dəyərləndirdim. Çünki, mənim dinlərin tarixindən bəhs edən bir proyektim vardı, bizim televiziyalar müəyyən səbəblərdən onu öz kanallarında yayımlamaqdan çəkindilər. Tollerant deyilən bir ölkədə buna şəraitin yaranmamasına çox üzüldüm. Və Türkiyədən iş təklifi alınca düşünmədən qəbul etdim.
Nə işlə məşğulsunuz?
-Elə oldu ki, bir müddət sonra daha perspektivli Novita Media Yapım şirkəti məni işə dəvət etdi. Hazırda işimi burada davam etdirirəm. Azərbaycan şirkətidir, çox maraqlı və Türkiyə standarlarından fəqrli, kreativ proyektlər üzərində çalışırıq. Yaxın zamanlarda TV və çap jurnalistikasına aid proyektlər tamaşaçılara təqdim olunacaq. Baş redaktoru olduğum yeni jurnalımız da işıq üzü görəcək.
Türkiyədən iş təklifi alınca düşünmədən qəbul etdim
Yəni jurnalist həyatını orada davam etdirirsiniz?
-Yuxarıda qeyd etdiyim kimi, jurnalistlik həyatım Türkiyədə də davam edir. Bu mənim peşəmdir və ixtisasımı sevirəm.
- Türkiyə mediasını izləyirsiniz və Azərbaycanla müqaisədə nə deyərdiniz?
-Sovet imperiyasının mənfi xüsusiyyətlərilə yanaşı, təhsil və mədəniyyət sahələrində bizə müsbət təsiri də olub. Bunu danmaq olmaz. Jurnalistika sahəsində əldə etdiyimiz biliklər başqa ölkələrdə rahat fəaliyyət göztərməyə yardım edir. Türkiyə mediası barədə onu deyə bilərəm ki, texniki cəhətdən beynəlxalq standartlara tam cavab verir. Bu, onların işlərini daha da yüngülləşdirir. Əlbəttə peşəkarları da az deyil. Amma ümumi götürdükdə mən deyərdim ki, Azərbaycanın jurnalistika məktəbi daha yüksəkdir. İstər savad, təhsil istərsə də , dünyagörüşü, peşəkarlıq baxımından. Jurnalist tarixi, öz və dünya ədəbiyyatını yaxşı bilməlidir. Bu, bizİm üstünlüyümüzdür. Məsələn, Azərbaycanda siyasi bölmədə çalışan jurnalistə iqtisadiyyat və ya mədəniyyətlə bağlı reportaj hazırlamaq tapşırığı verilsə, o bunun öhdəsindən peşəkarcasına gələcək. Amma burada əksəriyyəti bir istiqamətdə çalışır. Buradakı imkanlar Azərbaycan jurnalistlərinə yaradılsa, inanın ki, dünyanın öndə gedən dövlətlərinin mediasına meydan oxuyarlar.
Hər zaman ANS-çiyik
- ANS-in bir çox verilişləri dəyişib, yeni formatlı verilişlər efirə çıxır. Yenidən bu kanala qayıtmaq istərdiniz?
-ANS həqiqətən də bir fərqli məktəbdir. Mən ANS-də 13 il çalışmışam. Jurnalistika sahəsində naliyyətlərimə bu kanala borcluyam. ANS-də çalışanlar müəyyən səbəbdən iş yerlərini dəyişsələr də, ömür boyu ANS-çi olaraq qalacaqlar. Necə ki, müəllim, həkim fəaliyyətini durdursa da, müəllim və həkim olaraq qalırlar, bizlər də yaşadığımız ölkədən və çalışdığımız başqa iş yerlərindən asılı olmayaraq hər zaman ANS-çiyik. ANS-ə qayıtmağa gəlincə, oraya yenidən qayıtmaq imkanım hər zaman olub. Həyatıma baxdıqda mən ANS-dən sonra başqa televiziyada çalışmamışam. Bakıda yaşasaydım və başqa şərtlər altında yenidən öz məktəbimdə (ANS-də)çalışardım.
Televiziya və radioda xəbəri oxudun, dinlədilər və bitdi, təkrar eşidə bilmərsən
-Qəzet jurnalistikasında da kifayət qədər təcrübə toplamısınız. Sizə elə gəlmirmi ki, çap mediasının erası başa çatıb?
-TV, radio, internet, video var. Dünya döndükcə, inkişaf etdikcə və daha nələr, nələr icad olunacaq. Bunların hamısı müsbət haldır. Lakin çap mediasının, yazılı ədəbiyyatın yerini düşünürəm ki, heç biri tuta bilməz. Tarix kitabları kimi, qəzet, jurnal da bir tarix səhifələridir. Televiziya və radioda xəbəri oxudun, dinlədilər və bitdi, təkrar eşidə bilmərsən. İnternet işıqlar kəsilsə və ya başqa texniki nasazlıq ucbatından orada oxumaq istədiyin kitab və ya xəbərdən dərhal məhrum qalacaqsan. Amma kitab, qəzet, jurnal hər zaman əlinin altındadır, şam işığında olsa belə oxuya bilərsən. Odur ki, tarixə düşən medianın erası davam edir və etməlidir.
Zaman göstərər, bəlkə nə vaxtsa Bakıya qayıtdım
- Azərbaycana qayıtmaq istəyirsiniz, yoxsa birtəfəlik Türkiyə?
-Hələ ki, Allah qismətimə Türkiyəni yazıb. Burada çalışıram və yaxın gələcəkdə Bakıya dönməyi düşünmürəm. Zaman göstərər, bəlkə nə vaxtsa Bakıya qayıtdım. İstənilən halda qərib ölkədən sonrakı dayanacaq və son mənzil, Vətən torpağıdır!
- Müsahibəyə görə təşəkkür edirik. Müəllif: Nazilə Xaqani