Millətimizin Günaz Tv- yə hava, su kimi ehtiyacı var

Bölmə: MEDİA › ,
Tarix: 12:54 21.01.2016

“Gəzməyə Qərib ölkə, ölməyə.....?” rubrikasının növbəti qonağı ABŞ-da fəaliyyət göstərən GünAz Tv-nın (Güney Azərbaycan TV)-nın aparıcısı Cavad İsmayılbəylidir.

Cavad müəllim öncə özünüz haqqında məlumat verməyinizi istərdik. Hardan hara gəlmisiniz?

-İlk oncə sizi və oxucularınızı salamlayıram. Guney Azərbaycanın Biləsuvar şəhərindənəm, İran-İraq müharibəsində ön cəbhədə əsgər idim. O savaşdan nadir adamlar sağ qurtara bilirdi. Tale elə gətirdi ki, mən də sağ-salamat evə qayıtdım. Könüllü əsgər getmədiyimə gorə, təhsili davam etdirmək, is tapmaq çətin olduğu üçün Iranı tərk etmək qərarına gəldim. İqtisadi baxımdan Azərbaycana səfər etmək daha sərfəli idi və 1993-cü ildə Bakıya gəldim. Təhsil üçün yaş həddimin çoxluğuna baxmayaraq oxumaqda qərarlı idim ve nəhayət həmin ilin sentyabr ayında hazırlıq fakültəsində dil kurslarına başladım, 1994-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. 1997-ci ildə radio-televiziya üzrə bakalavr və 1999-cu ildə magistr pilləsini bitirdim. Media fəaliyyətimlə parallel musiqi sahəsində də aktiv idim. Azərbaycan radiolarında, televiziyalarında musiqi əsərlərim hələ də səslənməkdədir. Bu mənim üçün sevindiricidir ona görə ki, həm də yeganə ney ifaçısıyam. Qədim Alətlər Ansamblı, Savalan Qrupundaki ifalarım yəqin ki, musiqisevərlərin yadında qalmış olar. Özünü tərif olmasın Azərbaycanın tanınmış musiqiçiləri həmişə arzulayıblar ki, onların musiqi qrupunda iştirak edim. Məsələn, Alim Qasımov, rəhmətlik İslam Rzayev, Qədir Rüstəmov çox istəyiblər ki, neyin müşayəti ilə muğam oxusunlar. Tənbəllikdən onların istəklərini yerinə yetirmədiyim üçün peşmanam. Təqdimatımın davamı olaraq uzun-uzadı danışa bilərəm, İrandakı müharibədən və Bakıdakı müsiqi fəaliyyətimdən yazsam bir neçə kitab müəllifi ola bilərəm, dediyim kimi tənbəl insanam.

Bütöv Azərbaycan Birliyi (BAB) mətbuat xidmətinin rəhbəri olduğum dövürdə jurnalistlik fəaliyyətimdən daha çox siyasi arenada aktiv idim. Təbii ki, Azərbaycan Milli Azadlıq Həraktının lideri Əbülfəz Elcibəydən sonra bir çox insanların iradələri zəyiflədi, hər gün onun ətrafında olanlar bəydən sonra yoxa çıxdılar. Belə bir dönəmdə mən BAB-da fəaliyyətimi daha da gücləndirdim, mətbuat xidmətinin məsuliyyətini öhdəmə aldım və Azərbaycanı tərk etdiyim zamana qədər bu missiyanı davam etdirdim. Nəhayət 2004-cü ilin noyabr ayında BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının statusu ilə siyasi sığınacaq alaraq Amerikaya gəldim.


GünAz TV-nin missiyası Güney Azərbaycanın məhv edilmiş varlığını bərpa etməkdir


Bakı Dövlət Universitetinin məzunusunuz. Orda əldə etdiyiniz bilgilər karınıza gəlir?

-Birinci sualın cavabında qısa da olsa BDU-da təhsilim barədə bilgi verdim. Ordan əldə etdiyim bilgilərə gəldikdə bunu deyə bilərəm ki, universitet mühiti, yəni ora daxil olmaq, oradakı həyatı yaşamaq müəllim-tələbə ünsiyyətini yaxından hiss etmək, nəhayət uzun zaman içində olduğun tabuları qırmaq özu bir uğurdu. Baxmayaraq ki, ana dilimizdə təhsil alırdım, eyni zamanda mən ve mənim kimi tələbələr üçün həm də ağır bir prosses idi. İnsan əsasən uşaqlıq illərində dil və gramatikanı mənimsəyir, yad bir dildə, yəni fars dilində yazıb-oxuyasan sonra 30 yasında gedib ana dilinin incəliklərini yenidən öyrənəsən, buna görə də yerli öyrəncilərlə rəqabət etmək təbii ki, çox çətin idi. Üstəlik Sovetler Birliyindən miras qalan təhsil sistemi, sanmıram ki, hansısa tələbə, hətta müəllimlərin özlərini qane etmiş olardı. Mənə görə, oxuduğum dönəmdə təhsil sistemində ciddi reform gərəkirdi, təəssüf ki, yenicə müstəqilliyini əldə etmis, üstəlik korrupsiyalı bir təhsildə bu mümkün deyildi. Akademik hesab etdiyimiz dilimizdə böyük qüsurlar var. Lazımdır bu barədə ayrıca bir söhbətimiz olsun. Təbii ki, jurnalistlik elə bir prosesdir ki, rəssamlıq , ya da musiqiçi kimi burda da gərək xüsusi istedadın olsun, yaradıcılıq qabiliyyətin olsun. Dili, kültürü və mənəviyyatı əlindən alınan və təhqir olan bir şəxs, ya da toplumdan bunu gözləmək mümkün deyil. Bu sualınıza belə bir yekun cümlə əlavə edim ki, Amerikada yasadığıma baxmayaraq əgər 11 ildir öz ana dilimizdə TV aparıcısı kimi çalışırımsa bu BDU-nun jurnalistikasında aldığım təhsil və diplom sayəsindədir.


Alim Qasımov, İslam Rzayev, Qədir Rüstəmov istəyiblər ki, neyin müşayətiylə muğam oxusunlar


Aparıcısı olduğunuz GünAz Tv-nin missiyası nədir, nə vaxt yaranıb, kim yaradıb?

- Adından da bəlli olduğu kimi GünAz TV-nin missiyası Güney Azərbaycanın illərlə məhv edilmiş varlığını yenidən bərpa etmək, əridilmiş dilini, musiqisini, mədəniyyətini, adlarını, coğrafi məkanını, tarixi abidələrini və s.. dirçəltmək. Panfarsizm düşüncəsi fars şiəliyini bayraq edərək din adı ilə millətimizi cəhalətdə yaşadır, hər şey farslasdırılıb bunun üçün də istər şah zamanı, istərsə də indiki molla dönəmində İran Elmlər Akademiyası millətin pulu ilə qeyri-farslara qarşı amansız bir siyasət yürüdür, GünAz TV bu tabuları məhv etmək üçün yaradıldı və demək olar ki, millətimizin özünə qayıdışı, kimliklərinə qayıtmasında əvəzsiz rol oynayır. Panfarsizm düşüncəsi hesab edir ki, çoxmillətli (multiculture) İranı yalnız, hər şeyi farslaşdırmaqla qoruyub saxlamaq mümkündür. Əks təqdirdə İran parçalana bilər, bunun üçün də ərəblərə, türklərə və kürdlərə eyni taleyi yaşadırlar. Millətimiz övladlarına istədikləri türk adlarını qoya bilmir, yer adlarimizi dəyişib fars adları qoyublar, əyalət büdcələrində də ayri seçkiliklər var. Məsələn, Şərqi Azərbaycanın illik büdcəsi 2015-ci ildə 200 milyard tüməndi, İsfahan əyalətinin büdcəsi isə 1200 milyard tüməndi, yəni 6 dəfə Azərbaycandan çox, bir haldakı cəmiyyət baxımından demək olar bərabərdilər, ərazi baxımından isə Azərbaycandan daha böyükdür. Belə ayrı seçkiliklərə görə, GünazTV İran dövlətinin qeyri-fars millətlərinə o cümlədən Güney Azərbaycan türklərinə qarşı yürütdüyü amansız siyasətin zərurətindən yarandı. Günaz TV-nin digər missiyası isə Qarabağın işğalı ilə bağlıdır. Rus, fars ve işğalçı Ermənistanın törətdiyi qanlı cinayəti beynəlxalq arenaya çıxarmaq bizim əsas milli vəzifələrimizdən biridir. Günaz TV fəaliyyətə başladığı gündən Qarabağ ve işğal olunmuş digər ərazilərdəki erməni cinayətlərini davamli olaraq gündəmdə saxlayır. Mən inanmıram ki, Azərbaycandan yayımlanan bütün kanallar GünAz TV qədər Qarabağ hadisəsinə vaxt ayırmış olsunlar. Müstəqil Azərbaycanda demokratiyanın inkişafı qarşımıza qoyulan digər vəzifə sayıla bilər, Azərbaycan hakimiyyətini bəzən tənqid, bəzən isə təqdir etmek bizə o qədər yüngül başa gəlmir, çoxlu qınaqlarla üzləşirik və maraqlıdır bu daha çox güneylilər tərəfindən olur ki, siz yenicə müstəqilliyini eldə etmis bir dövlətə niyə toxunursuz? GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı bu 3 məqsədlə TV-nin açılışını elan etdi və bu əsasda da verilişlər 11 ildir davam edir. GunAz TV-nin yaranmasına gəldikdə, uzun illər bir qrup xaricdə yaşayan güneylilər tərəfindən fikir olaraq gündəmdə idi. Çoxlu konfranslar kecirilirdi, GunAz TV-dən öncə bəzi kanallar yarandı, amma müstəqil deyildilər deyə tez də bağlanırdılar. Farsların kanalından həftədə 1-2 saat yayımlanırdılar, farsların əleyhinə nəsə danışanda kanalın fəaliyyətinə son qoyurdular. Bu faktlar bir növ bais oldu ki, bir oğul gəlsin və uzun illər topladığı paranı risk edərək GünAz TV-nin açılmasına sərf etsin. Bu da Ahmed Obalıydı. Bakıda olduğum zaman mənə dedi ki, belə bir fikrim var, amma yardıma ehtiyacım var, bura gələ bilsən çox yaxşı olar, bərabər kanalı işə salarıq. Nəhayət işlərimi elə planladım ki, Bakıdan birbaşa Çikaqoya gəldim. 2004-cü ilin noyabr ayında bura catdıqdan sonra Ahmed bəy avadanlıqlar almağa başladı, minimum imkanla nəhayət 2005-ci ilin ilk aylarında efirə çıxa bildik. 24 saatliq bir TV oldu. Indi də inana bilmirəm ki, GünAz TV 11 ildi efirdədir ve bunun yeganə səbabkarı da Ahmed Obalıdır. Başlanğıcda növbə ilə həm aparıcılıq edirdik, həm də texniki işləri görürdük. Sonra Bocalıdan bir tələbə təsadüfən yardım etməyə başladı və hələ də bizimlə çalışmaqdadır. Necə ki, bir zamanlar Quzey Azərbaycanda millət evdə, maşında, dükanda , bazarda Azadlıq radiosunu dinləyirdi, indi də GünAz TV Güney Azərbaycan üçün o rolu daha geniş anlamda oynamaqdadır, bunun üçün də çox qısa bir zamanda populyar kanala çevrildi.


Rus, fars ve işğalçı Ermənistanın törətdiyi qanlı cinayəti beynəlxalq arenaya çıxarmaq əsas vəzifələrimizdən biridir


GünAz Tv-nin missiyası nə zaman başa çatacaq?

-Bir gün GünAz TV-nin də missiyası sona çatacaq, yəni o günkü Güney azad olacaq bizim də fəalliyət dayandırılacaq. O zamana hələ çox var.GünAz istədiklərinin bir qisminə nail ola bilib, əsas missiya qarşıdadı. Millətimizin GünAz TV- yə hava, su kimi ehtiyacı var. Bu Güney Azərbaycanın yeganə səsidir, yəni geniş auditoriya anlamında. Missiyamiz o zaman bitə bilər ki, millətimiz fars əsarətindən azad olsun, Qarabağın işğalına son qoyulsun, nəhayət, demokratik ve sağlam bir Azərbaycan cümhuriyyəti mövcud olsun, yəni Putinsiz bir Azərbaycan.


Verilişlərimizin 90%-i İranla bağlı olanda, bəzən qeyri-dəqiq xəbərlər də efirə gedə bilir


Sizin fəaliyyətinizi izləyəndə heç də demək olmaz ki, informasiyalarınız obyektivdir. Dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlar da yayımlayırsınız. Etik qaydaları niyə pozursunuz?

-Baxın biz professional televiziya deyilik, bunun üçün nə maddi imkan var, nədə ki, jurnalist heyəti və texniki qrup üzvlərimiz. Verilişlərimizin 90%-i də İranla bağlı olduğunda istər-istəməz bəzən qeyri-dəqiq xəbərlər də efirə gedə bilir. İrandakı müxbirlərimiz könüllülərdi, eyni zamanda qeyri-peşəkarlardı. Öz xərcləri hesabına bilgilər toplayıb göndərirlər, heç birini də tanımırıq. Biz istəsək belə tanıtdırmazlar, çünki kimlikləri acıqlanarsa, ağır cəzaya məruz qala bilərlər. Buna görə də bəzən İran xəfiyyə orqanlarının özləri bizə yalnış bilgilər göndərirlər, belə halda təbii ki, yalnış bilgilər də efirə gedəcək. Xatırladım ki, burda-Çikaqoda kiçik bir komanda ilə çalışırıq, efirdə Əhməd bəy, bir də mən oluram. Araşdırmalarımızda internet və fərdi əlaqələrə görə, məhdudlaşır, deməzdim informasiya qıtlığı ilə üzləşirik yox, əksinə o qədər məlumatlar göndərilir ki, bəzən hamısını oxuya bilmirik, amma bütün bunları ayrı-ayrı kanallardan dəqiqləşdirmək mümkün olmur, nəticədə yalnış bilgilər də efirə gedə bilər. Gündə 8 saat canlı yayımımız var. Bölgülər əsasında həftədə 3 gün hər dəfə isə 3 saatın məsuliyyəti mənimlədi, bunu Əhməd Obalı ilə birlikdə tamaşaçılarımıza təqdim edirik. Hər dəfə isə yeni mövzular, təkliflər və s… Təbii ki, 3 saat ərzində canlı bir verilişdə hər hansı bir yalnışlıq baş verəcəkdir. Bunları söyləməklə özümüzə bəraət qazandırmaq istəmirəm, sadəcə mühacir televiziya olduğu üçün kadr qıtlığı var. Bu səbəbdən də çox vaxt uzun-uzadı və yorucu söhbətlərdə müşahidə etmək olur. İndi siz özünüz düşünün 24 saatlıq bir TV hər gün də 8 saat canlı efir 11 ildi də davam edir, səhvləri bağışlamaq olarmı? Mən əminəm ki, bir gün gələcək professional verilişlərə başlayacağıq. Güclü kadrlarımız, texniki avadanlıqlarımız və güclü montaj qrupumuz yaranacaq. Onu da xatırladım ki, tamaşaçi auditoriyamızın sayı VOA, BBC kimi kanallardan, illik büdcələri milyonlarladı, onlardan çoxdu. Tam əminliklə deyə bilərəm ki, 35 milyon güneylilərin 10 milyonu verilişlərimizi izləyir, Quzey Azərbaycan və xaricdəki tamaşaşılardan kənarda.


GünAz TV-nin digər missiyası Qarabağın işğalı ilə bağlıdır


-İranda yaşayan azərbaycanlıların hüququ nə vaxta kimi pozulacaq?

-Güney Azərbaycan Milli Hərakatı artiq belə mərhələləri geridə qoyub. İndi hüququn bərpasından söhbət getmir, kimliyini bilən hər bir azərbaycanlı istiqlaldan danışır. Biz qanun və hüquq ölkəsindən yayımlandığımız üçün bəzi hüquq normalarını gözləmək məcburiyyətindəyik ki, barəmizdə sikayət- falan edilməsin, amma millət tam sərbəstdir və daha rahat düşüncə və fikirlərini ifadə edə bilirlər. Hər canlı verilişin 45 dəqiqəsini   telefonlar üçün ayırırıq və hər gün də güneyə istiqlal mesajlarını eşitdirərək demək istəyirik ki, artıq 20 il bundan öncə deyil ki, daha cox əzilmiş, tapdanmış hüquqlardan danışsınlar. Təkcə Traktor futbol takımının oyununa yüz minlərlə azarkeş gedir, orada səslənən bəzi şüarları xatırlatmaq istəyirəm: “Bakı, Təbriz, Ankara, biz hara farslar hara. Azərbaycan bizimdir, Əfqanıstan sizindir. Fedrasyona İran, düşmənə Azərbaycan”. Və yaxud da Asia oyunlarında bu məzmunda bir plakat qaldırırlar: “South Azerbaijan in NOT Iran”. Yəni Güney Azərbaycan İran deyil. Bir zamanlar Ispaniyada Barselona futbol takımı tərəfdarları eyni şüarı yazıb stadiondan asardılar. “Catalan is NOT Spain”, yəni katalonlar Ispan deyillər. İndi həmin millət istiqlal üçün referendum keçirmək istəyir. Mənə görə, Güney Azərbaycan milləti öz müqəddərtını həll etmək mərhələsindədir, sadəcə bunun üçün hələlik fürsət yoxdur, amma yetər ki, beyinlər buna hazır olsun, sanıram belə bir mərhələdəyik.



Tamaşaçı auditoriyamızın sayı VOA, BBC kimi kanallardakından çoxdu


Sizin bu fəaliyyətinizə görə, İrandakı doğmalarnıza təzyiqlər edilirmi? Niyə onları da düşünmürsünüz?

-Qaldırdığım yük çox ağırdır, bunun fərqindəyəm. Biz elə dövlətdən danışırıq ki, heç bir vətəndaş, ya da beynəlxalq hüquq normalarına əməl etmir. Hakimiyyətini qoruyub saxlamaq naminə öz yaxın adamlarını belə dar agacından asır, çox qəddar və namərd rejimdir. Doğmalarıma etdikləri barədə danışmaq istəmirəm, milli fəallar barədə olsaydı, bəlkə də rahat danışa bilərdim, bir haldakı yüzlərlə milli fəala 9 il, 15 il cəza verirlərsə, mən tezyiqdən danışa bilmərəm, amma məndən qisas almaq üçün nə lazımdır ediblər. Hər halda biri bu missiyanı öhdəsinə almalıdır. Mən də onlardan biri. Hələ qarşıda görüləsi işlərim çoxdur. Mən yetkin yaşa çatdıqdan sonra milli fəaliyyətə başlamışam, buna görə də ailə üzvlərim, ya da yaxınlarım məsuliyyət daşımamalıdır. Danışmaq istəsəm açıqlayası faktlar çoxdur. Allah cəzalarını versin.



Çox qəddar və namərd rejimdir

İran-Azərbaycan-ABŞ-bir sözlə son marşurutunuz hara olacaq? Ümumiyətlə hara yaşamaq üçün rahatdır?

-24 ildi muhacirət həyatı yasayıram. Artıq adət etmişəm, burdan o yana ayrı bir qitə yoxdur, yoxsa gedərdim. (Gülür). Mənim üçün Amerikada yaşamaq daha münasibdir, özümü çox güvəndə hiss edirəm, qanunlar ölkəsində yasayıram ve heç bir ayrı-seçkiliklərlə qarşılaşmamışam. Vətən dediyimiz Azərbaycan məni özümə-kimliyimə qaytardı, mənə təhsil verdi, tariximi, keçmişimi öyrətdi, buna görə doğma vətənimə borcluyam, amma yaşamaq üçün münasib ölkə deyil, nədənləri də bəllidir. Mən indi Amerika vətəndaşıyam, onun pasportunu daşıyıram, buna görə də ölkə konstitusiyasına and içmişəm. Sabah lazım olsa bu ölkə uğrunda gedib savaşaram, həm də öz istəyimlə. Bu sevginin arxasında hüquq və qanunun aliliyi, onun icrası dayanır, buna görə də hər bir vətəndaş mənim kimi düşünür. Əslində belə şəraiti Azərbaycan da yarada bilərdi, təəssüf ki, mövcud durumu buna icazə vermir. Bayaq qeyd etdim Azərbaycan Putinin işğalınadır. Son marşurutum yəqin ki, o dünyaya olacaq.

Müsahibəyə görə təşəkkür edirik.

Müəllif: Nazilə Xaqani