İlham Əliyev müdaxilə etdi, Mirşahin efirə qayıtdı

Bölmə: MEDİA › ,
Tarix: 14:57 23.01.2016

Milli Tele Radio Şurasının ANS-in “Hesabat” verilişinin yayımının 1 ay müddətində dayandırılmasına dair qərarı prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra ləğv edilib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə MTRŞ-dən bildiriblər.

Qeyd edək ki, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev məsələ ilə bağlı açıqlama verib:

"ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.

İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq, həmişə Azad Sözə və Mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.

Dövlət başçısı həmişə olduğu kimi, Azərbaycanda Demokratiyanın, Söz Azadlığının, Müstəqil Mətbuatın və eyni zamanda Sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prerzidenti növbəti dəfə vətəndaşlarının Konstitusion Hüquq və Azadlıqlarının qarantı olduğunu isbat etdi.

Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!"