Jurnalistika fakültələri hüquq fakültəsinə balı çatmayanların "cərimə batalyonu" olmaqdan qurtardı - Xatirə Hüseynova

Bölmə: MEDİA › ,
Tarix: 12:29 28.01.2016

İnformator Xatirə Hüseynovanın Musahibe.az-a jurnalistikada tətbiq olunmuş “Qabiliyyət imtahanı” barədə müsahibəsini təqdim edir.

Xatirə Hüseynova 2001-2011-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində televiziya və radio jurnalistikası kafedrasında çalışıb. 2011-ci ildə “Azərbaycanda televiziya tənqidi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Müxtəlif illərdə “Aydınlıq”, “Günay”, “De-fakto”, “Paritet” qəzetlərində yazıları dərc olunub, Sara TV sonra Lider TV-nin xəbərlər departamentində aparıcı, redaktor, AzTV-nin “Səhər” musiqili-informasiya proqramında “24 saat” informasiya bülleteninin aparıcısı olub. Hal-hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti  vəzifəsində çalışır.

Jurnalistika fakültəsində tətbiq olunmuş qabiliyyət imtahanı baradə ə deyə bilərsiniz?

-80-ci illərdə jurnalistika fakültəsinə qəbul zamanı abituriyent qabiliyyət imtahanından keçməli olurdu. Sonradan test imtahanı ilə kifayətləndik. Amma bunun acı nəticəsi özünü çox gözlətmədi. Jurnalistika fakültələri bura təsadüfən düşən, yaradıcılıq qabiliyyəti bir yana, istəyi olmayan zorən jurnalistlərlə doldu. Biz müəllimlər hər dəfə tələbədən praktik tapşırıgın nəticəsini istəyəndə "onsuz da mən jurnalist olmayacam ki..." "alibisini" eşitdik. Jurnalistikaya ancaq bu peşəni sevənlər, qazandığı vərdişləri zamanla professionallığa çevirə bilənlər, obyektiv informasiya uğrunda "savaşa" hazır olanlar gəlməlidirlər.

Bunun üçün qabiliyyət imtahanının olması vacibdir. Bir şərtlə, abituriyentlərin işini peşəkar redaktorlar yox, jurnalistika fakültələrinin müəllimləri dəyərləndirməlidirlər. Axı, 11-ci sinfi yenicə bitirmiş gəncdən yüksək səviyyəli jurnalist materialı tələb edə bilmərik. Yalnız əsl pedaqoq bu "xammal"dan necə yetişdirə biləcəyini yaxşı anlayır. Əsas müəyyən işartının olmasıdır, almazı cilalamaq üçün isə qarşıda 4 il var.



Xatirə xanım,sizin fikrinizcə,qabiliyyət imtahanında qoyulmuş qaydalar abituriyentlərin səviyyəsinə uyğundurmu?

-Qabiliyyət imtahanında qoyulan qaydalar, deyəndə abituriyentlərə 3 mövzu təklif olunur və bu sərbəst mövzularda esse yazmaqdır. Orta məktəbi bitirənlər üçün, hələ jurnalist olmağı arzulayanlar üçün bu, o qədər də çətin sınaq deyil.

Bəs, gələcəkdə, məktəblərdə şagirdləri jurnalistikaya həvəsləndirmək və ya jurnalist olmaq istəyənlərin  bacarıq və vərdişlərini artırmaq üçün xüsusi dərnəklərin təşkil olunması haqqında  nə deyə bilərsiniz?

-Orta məktəblərdə uşaqların fikrini ifadə etmək tərzini cilalamaq, onlarda analitik düşüncə qabiliyyətini formalaşdırmaq vacibdir. Əzbərçilikdən təfəkkürə keçmək, müqayisə, səbəb-nəticə əlaqələrini çatdırmaq bacarığını aşılamaq lazımdır. O ki qaldı, dərnəklərə. Bilik Fondunun belə bir layihəsi var - "Yazmağı bacaracaqsan" biz jurnalist olmaq istəyən abituriyentlər üçün ödənişsiz kurslar təşkil edirik.



Xatirə xanım, qabiliyyət imtahanının tətbiqindən sonra gözlənilən nəticələr özünü doğruldurmu?

-Qabiliyyət imtahanının tətbiqindən sonra birdən-birə yüksək nəticələr gözləmək sadəlöhvlük olardı. Jurnalistika fakültələrinə qəbul olan tələbələrin sayı kəskin azaldı. Amma buna baxmayaraq, qabiliyyət imtahanının keçirilməsi, məncə zəruridir. Ən azı ona görə ki, Jurnalistika fakültələri hüquq fakültəsinə balı çatmayanların "cərimə batalyonu" olmaqdan qurtardı. Məsələn, mən bir müəllim kimi auditoriyada jurnalist olmağı qəlbən arzulayan tələbələrə dərs demək istəyirəm. Düşünürəm ki, bu, savadlı kadrların yetişdirilməsinə yardım edəcək. İnanıram ki, bir neçə ildən sonra bu sahədə irəliləyişlər olacaq. Əgər, məktəblərdə maarifləndirici işlər görülsə, abituriyent qabiliyyət imtahanına  hazırlaşıb yüksək nəticə göstərə bilər.