Cəlal Əliyev necə müsahib idi?

Bölmə: MEDİA › ,
Tarix: 15:06 01.02.2016

“Azərbaycanın  tanınmış ictimai-siyasi xadimi, akademik Cəlal Əliyev necə müsahib idi? Çətin, yoxsa? ” sualı ilə  informator.az saytı jurnalistlərə müraciət edib.

Aygün  Muradxanlı. Korrespondent.az saytının baş redaktoru:



Cəlal Əliyev hər şeydən öncə açıq sözlü adam idi. Siyasi mövqeyindən və əqidəsindən çıxış edərək fikirlərini ən kəsə, həm də ən kəskin formada bildirirdi.Hətta bu kəskin ton bəzən məsələlərə rəhmətlik Heydər Əliyevin qarışmasına gətirib çıxarırdı. Ancaq Heydər Əliyev də bildirirdi ki, onu mövqeyindən döndərmək və yumşaltmaq mümkün deyil. H.Əliyevin zarafatla dediyi "Cəlal Əliyevə heç mən də söz deyə bilmirəm" ifadəsi çoxlarının yadına gələr. Bir sözlə, onun hər çıxışı bir olay olurdu. Milli Məclisdəki çıxışları da o sıradan. Allah rəhmət eləsin.

Elbrus Ərud. "Qafqazinfo.az"ın təsisiçisi və baş direktoru:



Hec vaxt müsahibə almamışam, hec vaxt da müsahibə verdiyini görməmişəm. İki dəfə çıxışını eşitmişəm bu günə kimi, parlamentdə.  Hər ikisi də ANS haqqında.

İlhamə Qasımlı-tanınmış jurnalist



Doğrusu, həmişə vahiməli təsir bağışlayırdı. Və jurnalistlərin qrup şəklində ona yaxınlaşmasını xatırlamıram, çünki parlamentdəki çərçivəsiz çıxışlarından sonra insanda belə təəssürat  vardı ki, bu adama yaxınlaşsaq ağla gəlməyən hər bir reaksiyanı verə bilər.

2000 və ya 2001-ci il idi. Prezident Heydər Əliyevin Naxçıvana səfərlərindən biri idi. Bir baxdım ki, Cəlal Əliyev tək dayanıb və ətrafında da ona yaxınlaşmasının qarşısını ala biləcək kimsə yox. Sırf reaksiyasına marağımdan ona yaxınlaşdım. Marağım sualımdan o qədər önəmli idi ki, indi o anda ondan nə soruşduğumu xatırlamıram. Cavab verdi. Sualım kimi onun cavabını da xatırlamıram. Amma siyasi sual olmadığını dəqiq bilirəm. Doğrusu mən ondan kobud reaksiya gözləyirdim. Normal şəkildə cavab verdi. Amma ayrılana qədər onun kəskin reaksiya verəcəyi fikri məndən uzaqlaşmadı.

İlqar Rəsul-APA TV-nin direktor müavini, aparıcı:



Əslində birinin necə müsahib olması həm də jurnalistin bacarığından asılıdır.Xatırlayıram ki, illər öncə AMEA-da prezident seçkiləri idi. Fasilə zamanı Cəlal Əliyev akademiyanın dəhlizində kiminləsə söhbət edirdi. Demək olar ki, aparıcı KİV-lərin hamısının müxbirləri orada idi. Hamı onlara baxırdı. Amma nədənsə heç kim yaxınlaşmırdı. Sanki ürək eləmirdilər yaxınlaşmağa. Halbuki, o vaxt artıq bir müddət idi ki, Cəlal Əliyev parlamentə gəlmirdi. Ümumiyyətlə mətbuatda da görünmürdü. Bir qədər gözləyib, heç kimin akademikə yaxınlaşmayacağından tam əmin olandan sonra ona yaxınlaşdım. Özümü təqdim edib sullarımı verdim. Söhbətimizin sonuna yaxın iki jurnalist də yaxınlaşıb diktafon tutdular. Həmin günün səhəri bütün qəzetlər o müsahibəni manşetə çıxartmışdılar. Demək ki, danışdıra bilsən, Cəlal Əliyev də pis müsahib deyildi.