Hindistanda Azərbaycan məhsullarına boykot çağırışı

Bölmə: Siyasət › ,
Tarix: 16:47 26.05.2025

2025-ci ilin mayında Hindistanın Assam və Jharkhand ştatlarında fəaliyyət göstərən yerli ticarət palataları Azərbaycan və Türkiyə məhsullarına qarşı boykot çağırışı ediblər. Çağırışlara səbəb kimi Azərbaycanın Pakistanla yaxın münasibətləri göstərilir. Bu münasibətlərin Hindistanın maraqlarına zidd olduğu vurğulanır. Məsələ ictimaiyyət və ekspertlər arasında da birmənalı qarşılanmayıb.


Mövzu ilə bağlı “informator.az”a açıqlama verən politoloq Əli Mustafa Hindistanın bu addımını əsasən siyasi jest kimi dəyərləndirir:


“Son vaxtlar Hindistan və Pakistan arasında gərginlik artıb və bu, bir çox ölkələri mövqe sərgiləməyə vadar edir. Azərbaycan isə Pakistanı dəstəkləməklə düzgün mövqe seçdi. Çünki Pakistan Qarabağ münaqişəsi dövründə açıq şəkildə Azərbaycanın yanında oldu. Türkiyə də eyni addımı atdı və bu, dostluq münasibətlərinin təzahürüdür".


Ekspertin sözlərinə görə, Hindistanla Azərbaycanın münasibətləri əvvəllər də səmimi olmayıb:


“Hindistan Ermənistana silah satıb və müxtəlif səviyyələrdə bizə qarşı dost olmayan mövqe sərgiləyib. Ona görə də boykot çağırışı bizi təəccübləndirmir. Lakin bu addım münasibətlərin tamamilə pozulmasına gətirib çıxarmayacaq".


Əli Mustafa qeyd edir ki, Hindistanın çağırışı daha çox simvolik xarakter daşıyır:


“Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi onsuz da yüksək deyil. Həmin ştatlarda Azərbaycan məhsullarının yayılması barədə dəqiq məlumat yoxdur. Bu səbəbdən boykotun iqtisadi zərəri az, siyasi jest kimi dəyərləndirilməsi daha məqsədəuyğundur".


Ekspert əlavə edir ki, Hindistanın bu mövqeyi Azərbaycanın Pakistanla münasibətlərinə ciddi təsir göstərməyəcək:


“Azərbaycanla Pakistan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir və bu, dəyişməyəcək. Hindistan isə əgər münasibətləri dəyərləndirmək istəyirsə, əvvəlcə Ermənistanla bağlı tutduğu mövqeyə nəzər yetirməlidir".

 

Solmaz Muradova