Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq genişlənir-Politoloqdan açıqlama
.jpg)
Tarix: 18:40 26.05.2025
Azərbaycan və İtaliya xüsusi təyinatlı qüvvələrinin görüşü iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığın davamı kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür görüşlər təsadüfi deyil və ikitərəfli münasibətlərin hərbi-texniki sahəyə qədər genişləndiyini göstərir:
“Azərbaycanla İtaliya arasında enerji, iqtisadiyyat, ticarət və turizm sahələrində sıx əməkdaşlıq mövcuddur. Bundan əlavə, hərbi sahədə də əlaqələr getdikcə inkişaf edir. İtaliyanın ‘Leonardo’ şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycana hərbi yük təyyarəsi tədarük olunub. Bu, hərbi-texniki əməkdaşlığın praktik nəticələrindən biridir. Azərbaycanın İtaliya ilə qurduğu münasibətlər yalnız iqtisadi deyil, eyni zamanda strateji və hərbi müttəfiqlik xarakteri daşıyır. Azərbaycan hərbçilərinin NATO ölkəsi olan İtaliya nümayəndələri ilə görüşü ölkəmizin müdafiə sisteminin NATO standartlarına uyğun şəkildə inkişaf etdiyini göstərir. İtaliya bu qurumun aparıcı üzvlərindən biridir və hərbi-texniki sahədə böyük təcrübəyə malikdir. İtaliya xüsusilə hərbi sənaye məhsullarının istehsalı baxımından vacib tərəfdaşdır. Bu cür əməkdaşlıqlar Azərbaycanın milli maraqlarına tam uyğundur və ölkənin hərbi gücünü möhkəmləndirir”.
Ayan Əsgərova