Ukrayna və Rusiya 303 hərbçini dəyişib

Tarix: 21:19 26.05.2025
Ukrayna və Rusiya arasında daha 303 hərbçinin mübadiləsi baş tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İstanbulda əldə olunmuş razılaşma əsasında 303 rus hərbçisi geri qaytarılıb, eyni sayda ukraynalı əsir isə Ukrayna tərəfinə təhvil verilib.
Beləliklə, tərəflər arasında razılaşdırılmış “1000-ə 1000” hərbi əsir mübadiləsi tamamilə başa çatıb.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az "a açıqlamasında bildirib ki,əsr mübadiləsi önəmlidir, çünki müharibə tərəflərin artıq bütün meydanlarda bir-birilə açıq qarşıdurmaya girdiyini göstərir:
“Bu isə o deməkdir ki, tərəflər arasında siyasi və diplomatik manevrlər, danışıqlar və razılaşmalar öz əhəmiyyətini itirib. Onlar arasında ehtimad tamamilə itib və masa arxasında dialoq mümkün olmur.
Belə bir şəraitdə əsr mübadiləsi və digər humanitar qərarlar, ehtimadın yenidən bərpası və daha sonra gücləndirilməsi baxımından önəm daşıyır. Bu addımlar münaqişə tərəflərinin yenidən masa ətrafında toplaşması və danışıqlara başlaması üçün bir imkan yaradır. Yəni tərəflər istəsələr, bir-birilərinə ehtimad göstərə bilərlər, atəşkəs və ya digər razılaşmalar əsr mübadiləsi kimi ilkin humanitar jestlərlə başlaya bilər.
Lakin hazırkı mərhələdə ehtimadın tam şəkildə formalaşmasından danışmaq çətindir. Bunun üçün öncə tərəflər arasında qarşılıqlı iddialarda müəyyən bir uzlaşma olmalı, hər bir tərəf qarşı tərəfin hansı məsələlərdə narahat olduğunu bilməli və bu narahatlıqları minimuma endirməyə çalışmalıdır. Prinsipial bir razılaşma əldə olunmadan ehtimaddan danışmaq real deyil.
Mövcud durumda problem təkcə ehtimadsızlıq deyil, ondan daha dərinə gedən ərazi məsələləri və ölkələrin xarici siyasət maraqları ilə bağlı fikir ayrılıqlarıdır. Bu məsələləri həll etmək isə sadə deyil. Buna baxmayaraq, əsr mübadiləsi istiqamətində atılan addımlar az da olsa bir ümid işığı yaradır. Bu, sülhə doğru gedən yolda kiçik də olsa yeni bir addımdır”.
Siyasi şərhçi əlavə edib ki, İstanbul danışıqları bu nöqtədə həm ehtimadı bərpa etmək, həm də ərazi məsələlərini qarşılıqlı güzəştlərlə həll etmək üçün bir çıxış yolu kimi nəzərdən keçirilə bilər:
“Amma hələlik konkret və təsirli bir təkliflər paketi ortada yoxdur. Danışıqlarda iştirak edən dövlətlərin özü də başa düşür ki, Rusiya və Ukrayna ərazi məsələsində olduqca prinsipial mövqe sərgiləyir. Ona görə də hər hansı bir tərəfin maraqlarına zidd təkliflər paketi hazırlamaq, vasitəçi ölkələrin nüfuzuna belə zərər vura bilər.
Nəticə etibarilə, həm İstanbul danışıqları, həm də digər formatlı danışıqlar hələ ki, münaqişəni tam həll edə biləcək səviyyəyə çatmayıb. Bu yalnız Rusiya və Ukrayna ilə bağlı məsələ deyil. Qərbin və Şərqin müxtəlif formatlardakı müdaxilələri də müəyyən razılaşmaların qarşısını alır. Beləliklə, bu münaqişənin tezliklə bitməsini istəməyən güclərin də mövcudluğu danışıqların nəticəsiz qalmasına səbəb olur.
Gələcəkdə yeni əsr mübadilələri və digər humanitar razılaşmalar gözləniləndir. Müharibənin davam etməsinə baxmayaraq, vasitəçi tərəflər hər iki ölkə ilə təmaslarını saxlayır, danışıqlar aparır və bu danışıqlarda əsas diqqət humanitar məsələlərə yönəlir. Bu baxımdan, gələcəkdə əsr mübadiləsi, cəsədlərin təmizlənməsi və digər humanitar mövzularda razılaşmaların əldə edilməsi mümkündür”.
Mahmudlu Ləman