Paşinyan: Sülh sazişi təsdiqlənməsə, Konstitusiyanı dəyişəcəyik

Tarix: 21:18 26.05.2025
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.
"Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistanın qanunlarına uyğun olmadığına qərar versə, mənim şəxsi mövqeyim bundan ibarətdir ki, Konstitusiyaya dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm ki, sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz", – deyə o qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları müsbət effekt verir və bu sülhün möhkəm, daimi, əsaslı olması üçün ciddi və qətiyyətli işlər aparılır:
"Ermənistan müəyyən manevrlər edərək üstünlük əldə etməyə, yayınmağa cəhdlər etsə də, Azərbaycan dövlətinin, xüsusən dövlət başçısının müdrik siyasəti və yüksək təcrübəsi sayəsində rəsmi İrəvan tamamilə neytrallaşdırılaraq danışıqlar masasına əyləşdirildi və öhdəlikləri qəbul etməyə razı salındı. Bu, Azərbaycanın hərb meydanından sonrakı diplomatiya meydanında qazandığı daha ciddi və zəruri qələbəsi idi.
Hazırda Ermənistanın baş naziri qeyd edir ki, sülh müqaviləsi imzalanarsa, bu qərar Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilə bilər. Bu zaman həmin qərar əsasında da Konstitusiyaya dəyişikliklər edilə bilər. Təbii ki, Azərbaycanın tələbi ondan ibarətdir ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı iddialarından vaz keçməlidir. Şübhəsiz ki, hazırda sözügedən sülh müqaviləsinin müddəaları hər iki tərəflə razılaşdırılıb. Əgər burada Ermənistanın mövcud dövlət sənədlərinə uyğunsuzluq varsa, şübhəsiz ki, müqavilənin bəndləri deyil, Ermənistanın Konstitusiyası dəyişməlidir".
Onun sözlərinə görə, bu məsələ dövlət əhəmiyyətli məsələ olduğu üçün, daha doğrusu, bilavasitə Ermənistanın taleyi ilə bağlı olduğu üçün, onlar bu addımı mütləq atmalıdırlar:
"Nikol Paşinyan bunu anlayır. Lakin xarici təsirdə olan müxalifət və əsasən də Rusiyaya bağlı dairələr buna etiraz edə bilər. Etirazların isə hökumətin qərarına təsir edəcək gücdə olacağını düşünmür. Konstitusiyanın dəyişməsi hüquqi baxımdan təbiidir və bu mümkündür. Siyasi baxımdan da Ermənistan üçün bunun vacib olduğu baş nazir səviyyəsində izah edilib. Sadəcə icra etmək qalır ki, burada da təsir və təzyiqləri dəf edərək icraata başlanılmalıdır.
Sülh sazişinin Ermənistan üçün faydalı olması, təhlükəsizliyi üçün önəmliliyi cəmiyyətə izah edilməlidir. Əgər bu anladılarsa, Ermənistan cəmiyyətinin ciddi etirazı olmaz. Konstitusiyalarının dəyişməsi Azərbaycanın haqlı tələblərindən biridir və bu, Ermənistan üçün vacibdir. Sülh müqaviləsi əsaslı, köklü və daimi olmalıdır. Əslində bu, Ermənistanın özü üçün zəruri sayılmalıdır. Hesab etmək olar ki, bu məsələ də həllini tapandan sonra artıq sülh mərhələsinin yekunlaşmasını görə bilərik. Münasibətlərin müsbət yöndə inkişafı bu kimi açıq mövzuların həllinə müsbət təsir göstərir. Odur ki, əlaqələr, danışıqlar və razılaşmalar öz müsbət effektini göstərməkdədir. Yaxın aylarda Ermənistanın bu mərhələni keçəcəyini güman edirəm".
Aygün Babayeva