AZƏRBAYCAN TÜRKCƏSİNİN YAD SÖZLƏRDƏN TƏMİZLƏNMƏSİ YOLLARI

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:00 03.04.2018

Ərtoğrul Mehdizadə  

Vətənpərvər milli ziyalılarımız daima doğma ana dilimizin saflığı və onun yad sözlərdən təmizlənməsi uğrunda mübarizə aparmışdırlar. Azərbaycan türkcəsinin tərkibində ərəb, fars, rus və avropa mənşəli sözlər var. Ancaq rus və avropa sözləri istisna olmaqla, ərəb və fars dilləri daha çox üstünlük təşkil edir.
Avropa və rus sözlərini asanlıqla seçib dilimizdən çıxarda bilərik, bu o qədər də çətin deyildir. Amma ərəb və fars sözləri isə elə deyildir, onların üzərində işləmək və dilimizdən yox etmək üçün bir ay və yaxud bir il yox, bəlkə illərlə çalışmaq lazımdır. Buna baxmayaraq, dediyim məsələnin, türklər demişkən, çözümünü tapmaq qəliz deyil, əksinə, asandır. Sadəcə olaraq, zəhmət çəkmək zəruridir.
Məsələn, biz məişətimizdə hər gün ərəb-fars sözlərini mütəmadi olaraq, heç özümüz də bilmədən, istər-istəməz işlədirik. Çünki, leksionumuza keçmişdir. Artıq o sözləri özümüzünkiləşdirmişik. Necə ki, vətənimizə pənah gətirən hər hansısa bir insanı özümüzə qardaş bilərək qəbul ediriksə, qeyd etdiyim bu vacib işin nisbəti də bunadır. Azərbaycan türkcəmizi ərəb-fars sözlərindən bu cür təmizləyə bilərik. Məsələn, bir ərəbi və bir farsı-hərəsini ayrı-ayrılıqda danışdırmalıyıq; ərəbin dilindən çıxan hansısa kəlməni biz də işlədiriksə, deməli, o kəlmə ərəbcədir, onu tez leksionumuzdan silirik; keçirik farsın danışığına. Farsın da danışdığı hər hansısa bir sözü işlədiriksə, deməli, bilməliyik ki, işlətdiyimiz bu söz də farscadır. Onu da tez yox edirik və bu sözlərin əvəzinə başqa sözlər tapıb qoyuruq, daha doğrusu, boş xananı doldururuq. Yəni ki, bu qədər asan məsələdir. Əslində hərə bir amalın arxasınca getdiyi üçün özümüzə doğma olan işlər, tamamilə, yaddan çıxır.
Bu işlə məşğul olan insanlar çox təəssüflər olsun ki, az bir qisimdir. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Məhəmmədəmin Rəsulzadə və Firudin bəy Köçərli kimi şəxsiyyətlər bu müqəddəs işə böyük can yanğısı ilə yanaşmışdırlar. Onsuzda biri bizi öz musiqisilə işğal edir, biri öz mədəniyyəti ilə işğal edir. İmkan verməyək ki, biri də bizi öz dili ilə işğal etsin. Azərbaycan türkcəmizi mütləq və mütləq yad ünsürlərdən, yabancı sözlərdən təmizləməliyik!