Azərbaycan "Eurovision-2018"də "X my heart" mahnısı ilə təmsil olunacaq
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201805/3406152_t.jpg)
Tarix: 16:38 01.05.2018
Sayca 63-cü "Eurovision-2018" mahnı müsabiqəsi 8, 10, 12, may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.
İnformator.az-ın məlumatına görə, Lissabon şəhəri artıq gerisayımlara start verib və bu ilki müsabiqəni Portuqaliya ictimai yayım şirkəti olan "Radio e televizao de Portuqal" təşkil edir. 43 ölkədən olan təmsilçilər qalibiyyət uğrunda yarışacaqlar. "Eurovision-2018"-in şüarı "All aboard" yəni "Hamı göyərtəyə!" kimi tərcümə olunur. Müsabiqənin ilk yarımfinalı mayın 8-i çərşənbə axşamı, ikinci yarımfinal mayın 10-u cümə axşamı, final isə mayın 12-si şənbə günü keçiriləcək.
"Eurovision-2018" -in aparıcıları 4 xanımdan ibarətdir. Bu aparıcılar Filomena Kautela, Silviya Alberto, Daniyela Rua, Katarina Furtado olacaq. Mahnı müsabiqəsi Altis (Altice) arenada keçiriləcək. 20 minlik tamaşaçı tutumuna malik olan bu arena Avropa İttifaqı ölkələri arasında ən geniş həcmli qapalı məkanlardan sayılır. Arena 1999-cu ildə 19 yaşlılar arasında Basketbol üzrə dünya çempionatına, 2005-ci il MTV musiqi mükafatına, Castin Biber, Adel, Leydi Qaqa, Britni Spirs kimi məşhurların konsertlərinə ev sahibliyi edib. "Eurovision-2018"-in bu ilki səhnə tərtibatı Floran Viderə məxsusdur. Səhnə gəmi göyərtəsini xatırladır və Portuqaliyanın mədəniyyət və tarixini əks etdirir. Lissabon Texnologiya İncəsənət Memarlıq muzeyində keçiriləcək Qırmızı Xalçanın açılış mərasimi isə 6 may baş tutacaq.
Azərbaycanı bu il müsabiqədə Aysel Məmmədova "X my heart" mahnısı ilə təmsil edəcək.
Ölkələr arasında yenə də iddialı olan Azərbaycan ilk yarım finalda 1 nömrəsi altında çıxış edəcək.
Hər il olduğu kimi bu il də bir neçə ölkə favorit göstərilir. Bunlar arasında İsrail xüsusilə vurğulanır.
Təmsilçi Netta "Toy" adlı mahnısı ilə artıq yarışmaya 20 gün qalmış "Eurovision-2018"-in rəsmi YouTube səhifəsində 14 milyondan çox baxış sayı toplamağı bacarıb. Ikinci ən çox baxış sayı 4 milyondan çox olmaqla Ispaniya təmsilçiləri Alfred və Amalia və onların ifa etdiyi "Tu cancion" mahnısı yer alır. Favoritlər arasında Bolqarıstan, Italiya, Fransa, Çexiya da ilk yerlərləri tuturlar.
Maraqlı hadisələrdən biri də bu il müsabiqədə 2009-cu il "Eurovision-2018" mahnı müsabiqəsinin qalibi Aleksandr Rybakın yenə də Norveçi təmsil etməsi olacaq. O, ikinci yarım finalda 1 nömrəsi altında "That's how you write a song" mahnısını ifa edəcək.
Qeyd edək ki yarışmada böyük beşlik ölkələri olan Almaniya, Fransa, Italiya, Ispaniya, Birləşmiş Krallıq, və ev sahibi Portuqaliya birbaşa finalda iştirak edəcək. Azad Nuriyev
BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi