Əş-Şara Azərbaycanda İsrail rəsmiləri ilə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 18:19 14.07.2025

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara Azərbaycana rəsmi səfəri zamanı İsrail rəsmiləri ilə mühüm görüş keçirib. Məlumata görə, Prezident əl-Şaraya yaxın mənbə görüşlərin iki və ya üç dəfə davam edəcəyini bildirib. Habelə, Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əd-Dalatinin də bu görüşlərdə iştirak edəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı siyasi şərhçi Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyənin dəstəyi Əsəd rejiminin devrilməsində mühüm rol oynayıb:

 

"Suriyada, ümumiyyətlə, hakimiyyət devrildikdən sonra, yeni hakimiyyət formalaşdıqdan sonra, Əş-Şara ilə həm Türkiyənin yaxşı münasibətləri formalaşıb, burada Türkiyənin dəstəyi Əsəd rejiminin devrilməsində mühüm rol oynayıb. Həm də bundan sonra Azərbaycanın artıq o Əsəd dövründə yaranmış soyuluqdan sonra yeni müvəqqəti hökumətlə münasibətləri yaranıb və Azərbaycan Suriyanın illər ərzində məhv edilən infrastrukturunun bərpasında iştirak etməyə başlayıb.. Azərbaycanın təhlükəsizlik məsələlərində Suriya öz yardımlarını göstərməyə başlayıb və bu da təsadüf deyildi ki, Bakıda İsrail-Suriya görüşü baş tutub.

Bu, əslində, İsrailin təhlükəsizliyi baxımından çox əhəmiyyət daşıyır, çünki Suriyanın təhlükəsizliyi üçün böyük önəm kəsb edir. Suriya öz yeni, müvəqqəti hakimiyyətini mümkün qədər dirçəltməyə çalışır. Bunu mümkün qədər sürətləndirmək üçün qonşularla münasibətlər formalaşdırmaq lazımdır və qonşulara güvən verməlisən ki, artıq belə terror üzvləri olmayacaq, heç bir qonşuya təhdid olmayacaq. Bu məsələdə Azərbaycan Suriyanın yeni, müvəqqəti hakimiyyətinə öz yardımını göstərib və İsrail ilə münasibətlərin yaranmasına, artıq bu indiki görüşdən əvvəl də təmasların qurulmasında kömək olub. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Suriyanın təhlükəsizliyinə, tək Suriyanın yox, regionun təhlükəsizliyinə böyük töhfə verir. Burada Azərbaycan-Türkiyə koordinasiyası da mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Suriyanın infrastrukturunun bərpasında, oranın enerji təminatında öz töhfəsini verməyə çalışır".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, İsrail və Suriyanın diplomatik münasibətləri etimad mühiti yaradıldıqdan sonra Azərbaycanda keçirilən görüşlərdən sonra qurula bilər və bu, regionda yeni reallıqlar yaradacaq:

 

"Əvvəllər Suriyanın İsraillə münasibətləri çox gərgin olub və yeni müvəqqəti hökumət çalışır ki, bu münasibətləri qursun. Əş-Şara hakimiyyətə gəldikdən sonra ilk açıqlamalarında bildiribki, bizim İsraillə problemimiz yoxdur, biz İsrailə qarşı hər hansı bir addım atmaq istəmirik və bu, öz mövqeyini əslində ortaya qoyub.Amma bunu təbii ki, bir söz deyib, onu həyata keçirmək o qədər də asan deyil. Bunun üçün Azərbaycanın və bəlkə də digər ölkələrin də yardımı lazım idi, amma Suriya Azərbaycanı seçdi və Azərbaycan vasitəsilə İsraillə münasibətlərini bərpa etmək istəyir. Livan, Fələstin və Suriya-İran münasibətlərinə, mümkün təsirlərə gəldikdə, əlbəttə ki, Suriya çox önəmli mövqedə yerləşir. İranın Suriyaya qarşı həm Livanda, həm Fələstində, həm Yəməndə, həm də Suriyada müqavimət oxu var idi. Əsəd devrildikdən sonra Həmasın və Hizbullahın zəifləməsindən sonra artıq burada yeni bir konfigurasiya ehtiyacı yaranıb və bu konfiqurasiyanın qurulmasında Azərbaycan öz yardımını göstərməyə çalışır, o regionda təhlükəsizliyin təmin olunmasında töhfə verməyə çalışır. Bu görüşlər də çox güman ki, davam edəcək və Azərbaycan , həm İsraillə, həm digər ölkələrlə əlaqələri genişləndirəcək. Sülh və barışın yaşaması üçün də öz yardımını göstərməyə çalışacaq və bunun üçün Azərbaycan etibarlı bir ölkə sayılır. Azərbaycan həm İslam dünyasında, həm xristian dünyasında, həm Qərbdə, həm digər ölkələrdə, eləcə də İsraildə nüfuza malikdir və bu nüfuz imkan verir ki, Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında öz töhfəsini versin".

 

Gülhüseynova Güllər