Əhməd əş-Şaranın Bakı səfərinin əsas hədəfi

Bölmə: Siyasət › ,
Tarix: 21:13 14.07.2025

 

Suriya Respublikasının keçid dövrü prezidenti Əhməd əş-Şəranın Azərbaycan Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində prezidentlər arasında ikitərəfli və geniş tərkibli görüşlər keçirilib. Tərəflər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında iştirakı Bakı üçün yalnız iqtisadi maraqlara, yoxsa daha geniş geosiyasi hədəflərəmi əsaslanır? Və Əhməd əş-Şaranın səfəri Suriyanın beynəlxalq təcriddən çıxışı baxımından real dönüş nöqtəsi sayıla bilərmi?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a bildirib ki, Azərbaycan–Suriya münasibətləri sadəcə enerji sektorunda mühüm addımlarla bitmir:

 

"Burada Azərbaycan–Suriya münasibətlərinə həm ikitərəfli dövlət, həm də beynəlxalq miqyasda yanaşmaq lazımdır. Əsas dörd aspekti biz zamanla əməkdaşlıq inkişaf etdikcə nəzərdən keçirə bilərik, onların sayı da arta bilər, amma bu gün üçün dörd əsas aktual məsələni diqqətdə saxlamalıyıq.


Birincisi və ən əsası enerji məsələsidir. Azərbaycan enerjinin işlənməsi və dünya bazarlarına çıxarılması baxımından çox yüksək təcrübəyə malikdir. Suriyada isə vətəndaş müharibəsindən qalma acı təcrübələr və qaz yataqlarının, xüsusilə də neft yataqlarının YPG-nin de-fakto rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin nəzarəti altında qalması Suriyanı neft-qaz ölkəsi ikən kənardan asılı vəziyyətə salıb. Azərbaycan bu nöqtədə Suriyanın həmin asılılığını aradan qaldıra bilər. Eyni zamanda, həmin o ərazilər terrorçulardan təmizləndikdən və mərkəzi hakimiyyətə tabe edildikdən sonra Azərbaycan tərəfi Suriyanın neft-qaz ehtiyatlarının işlənib dünya bazarına çıxarılmasında da önəmli yer tuta bilər və oradan pay əldə edə bilər. Bu da Azərbaycanın özünün iqtisadi maraqlarında, əlbəttə ki, uğurlu bir siyasət kimi qarşımıza çıxacaq. Əgər Suriya özünün enerji sektorundakı üstünlüklərini bir mənalı şəkildə ABŞ-nin şirkətləri ilə həyata keçirərsə, bu halda Çin və Rusiya ona qarşı davamlı təzyiq siyasəti yürüdəcək və bu da Əhməd əş-Şaranın istəmədiyi bir reallıqdır. Onsuz da daxili siyasi sabitliyi olmayan Suriya üçün bu, istənilməz bir hal olar. İndi Suriya hakimiyyəti bu məsələdə elə bir tərəflə işləməyə çalışır ki, həmin bu müqavilələr nəticəsində həm onun neft-qaz ehtiyatları dünya bazarına çıxsın, həm də dünya ölkələri tərəfindən təhdidlərlə üzləşməsin. Bu nöqtədə Azərbaycan həm Şərqlə, həm Qərblə, həm Rusiya və Çinlə, həm də Avropa dövlətləri ilə yüksək əlaqələrə sahib bir ölkə kimi ən yaxşı alternativ olaraq ön plana çıxır.

 

İkincisi yenidənqurma məsələsidir. Azərbaycan Qarabağı xaraba qoyulmuş halından yenidənqurma işləri sayəsində oraya həyat gətirib. Bununla yetinməyib, beynəlxalq hava limanları, beynəlxalq görüşlərin keçirilməsi ilə Azərbaycan Qarabağa beynəlxalq mahiyyət gətirməyə başlayıb. Bu da “soft power” dediyimiz, dövlətlərin ən çox istifadə etdiyi təsir vasitəsi olan yumşaq güc metodlarının Azərbaycan tərəfindən də uğurla istifadə edildiyinin göstəricisidir. Suriya tərəfi indi öz şəhərlərinin dağıdılması fonunda onların yenidən bərpası məsələsində Azərbaycanın bu təcrübəsini də öyrənə bilər. Həm dağıntıları aradan qaldırmaq, həm həyat gətirmək, həm də yenidən beynəlxalq aləmə adaptasiya olmaq prosesi başlaya bilər.

 

Üçüncü məsələ beynəlxalq məsələlərdir. Prezidentlərin görüşlərində də qeyd olunub ki, Azərbaycan–Türkiyə–Suriya münasibətlərinin yeni vektor üzrə inkişaf etdirilməsi məsələsi ön plandadır. Bu isə gələcəkdə müttəfiq münasibətlərin formalaşmasına səbəb ola bilər və zamanla həmin o münasibətlər inkişaf edərək digər dövlətləri də öz təsir dairəsinə sala bilər. Bu da Azərbaycanın əhəmiyyətini artıracaq. Çünki Yaxın Şərq kimi bir regionda Azərbaycanın sülh və sabitliyə təminat verən ölkəyə çevrilməsi, həqiqətən, bu addımlar uğurlu olarsa, o halda Azərbaycan bir növ dünya siyasətində, qlobal proseslərdə iştirak etməyə başlayacaq.

 

Dördüncü məsələ isə terror məsələsidir. Suriyada hələ də terror prosesi davam edir. Azərbaycan isə bir vaxtlar 24 saatlıq antiterror əməliyyatı ilə bölgədə davam edən neçə onilliklər sürən terrorizmi bitirib. Bu gün Suriyada terrorizmin bitməsinə ehtiyac var. Suriyadakı terrorizmdə də erməni təcrübəsindən az-çox istifadə olunub. Ona görə də Suriya tərəfi mümkündür ki, bu antiterror əməliyyatlarının necə təşkil edildiyini və qısa zamanda çoxillik problemi həll etmə təcrübəsini də Azərbaycandan öyrənmək istəyəcək və bu istiqamətdə terrora qarşı mübarizədə də Suriya–Azərbaycan əlaqələri daha yaxşı nəticələr vəd edə bilər".

 

Politoloq bildirib ki, Əhməd əş-Şaranın Azərbaycana səfəri Suriyanın beynəlxalq təcridindən çıxışı baxımından real dönüş nöqtəsinə çevrilə bilər:

 

"Əgər atılan addımlar bu ana qədərki kimi uğurlu və qətiyyətli atılacaqsa və Əş-Şara hakimiyyəti hansısa kənar güclərin yalan vədlərinə inanıb Türkiyə–Azərbaycan mərkəzli siyasətdən imtina etməyəcəksə, alınan qərarlar, imzalanan sənədlər olduğu kimi məntiq etibarilə həyata keçiriləcək və Azərbaycan təcrübəsi, Türkiyə dövlətçilik modeli Suriyada tətbiq edilərsə, o halda zamanla biz Suriyanın təcriddən xilas olduğunu görə bilərik və Suriyanın beynəlxalq əlaqələrinin də inkişafının şahidi ola bilərik".

Türkan Kərimli