Elçin Mirzəbəyli: Ərdoğanın Kiprdən sonra ölkəmizə səfər etməsi qədər təbii heç nə ola bilməz
Bölmə: Siyasət › ,Tarix: 20:54 12.06.2023
Türkiyə prezidentlərinin ilk səfərlərini Şimali Kipr Türk Respublikasına (ŞKTR) və Azərbaycana etmələri ənənə xarakteri daşıyır. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğan kimi milli dəyərlərə, ənənələrə sadiq olan bir dövlət başçısının ŞKTR-dən sonra ölkəmizə səfər etməsi qədər təbii heç nə ola bilməz.
Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri hər zaman region dövlətlərinin və dünyanın diqqət mərkəzində olub. Amma bu dəfə vəziyyət tamamilə fərqlidir. Çünki Türkiyədə keçirilən son seçkilərdə istiqlalına, milli dəyərlərinə sahib çıxan Türkiyə ilə qardaş ölkəni yenidən xarici amillərdən asılı vəziyyətə salmaq istəyənlər mübarizə aparırdı. Bu mübarizədə milli iradə “demokratiya”, “insan haqları” kimi yalnız Qərbin işinə yarayanda yada düşən ifadələrlə süslənmiş imperializmə qalib gəldi.
Seçki qutularından Rəcəb Tayyib Ərdoğanın adı ilə yanaşı Türk Dünyasının birliyi, bütövlüyü də çıxdı. Türk xalqı XIX əsrin sonlarından başlayaraq, Azərbaycandan Türkiyəyə və Türk Dünyasına qanad açan, son 20 il ərzində isə sözdən əmələ keçən, gerçəkliyə çevrilən ideallara səs verdi. Türk xalqı Türkiyə-Azərbaycan sevgisini, qardaşlığına, Türk Dünyasının bütövlüyünə və işıqlı gələcəyini və təbii ki, güclü Türkiyəni seçdi.
Bu baxımdan, Ərdoğanın səfərin dosta və dost olmaq istəməyənlərə mesajlarla zəngin olacağını, Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni yüzili ili bağlı bəzi mühüm məqamları ifadə edəcəyini, tarixi səfər olacağını düşünürəm.
Elçin Mirzəbəyli