Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Bölmə: Siyasət › ,
Tarix: 00:17 14.06.2023

 15 iyun 1993-cü il. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan bu gün Milli Qurtuluş Günü kimi bayramlarımız sırasına daxil edildi. Bu tarixi günün özündə ehtiva etdiyi çağırışlar keçilən yolun təhlilini daim bir zərurət kimi ortaya qoyur. Sual olunur: Azərbaycan xalqı nədən  xilas oldu? Tarixi Qayıdış Azərbaycana, xalqımıza nələri bəxş etdi?  Bir mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev İli» elan edilib. Təbii ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini yalnız bir il deyil, nə qədər ki müstəqil Azərbaycan dövləti, xalqı var daim təhlil edəcək, bu yolun uğurları ilə qürur duyacağıq. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin  həyat amalının təntənəsidir.

    1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi.  Müstəqilliyimizin bərpasının 31 ildən artıq dövrünü arxada qoyduğumuzu nəzərə alsaq  gənc nəslin böyük əksəriyyəti  ilk illərin reallıqlarını  tarix dərsliklərindən, Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı illərini özündə əks etdirən kitablardan oxuyur, eyni zamanda, böyüklərdən eşitdikləri ilə bu biliklərini daha da zənginləşdirirlər. Daim gənclərə ünvanlanan bu müraciət hər birimizi daha da qürurlandırır: Xoşbəxtsiniz ki, sözün əsl mənasında müstəqil  Azərbaycanın vətəndaşlarısınız. O Azərbaycanın ki, Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli  tələbi əsasında  hakimiyyətə qayıdışı ilə Azərbaycana bugünkü uğurları bəxş etdi.  Müstəqiliyimizin bərpasının ilk illəri tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı dövrü kimi yazılıb. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda böyük Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə  müstəqilliyimiz üçün yaradılan təhlükələri aradan qaldırdı.

   Bu gün hər bir sahənin inkişafı dahi şəxsiyyət  Heydər Əliyevin adı ilə bağlıdır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Eyni zamanda, belə bir çağırışı da səsləndirmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində gənclərə diqqət və qayğı öndə olub. Hələ hakimiyyətinin  birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək  yüksək ixtisaslı kadrların yetişdirilməsi, gələcəkdə onların Azərbaycanın  inkişafına öz töhfələrini vermələri üçün minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilirdi. O illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında da məqsəd hərbi kadrların  yetişdirilməsi idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrilmişdi. Azərbaycanın  hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci ildə imzaladığı Fərmanla ilk Gənclər Forumunun keçirildiyi tarixin- 2 fevralın Gənclər Günü  kimi təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Artıq üç ildir ki, gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günü qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ümummilli Lider aydın strategiya ilə  gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan  Dövlət Proqramları təsdiqlənmişdir.

  Dahi şəxsiyyətin adı ilə bağlı olan, bu gün cəmiyyətin avanqard qüvvəsinə çecrilən Yeni Azərbaycan Partiyasında da gənclərin daha çoxluq təşkil etməsi Ümummilli Liderin əsas çağırışlarındandır. Bu gün partiyada təmsil olunan 800 minə yaxın üzvün böyük əksəriyyətini, 40 faizini gənclər təşkil edir. Azərbaycan gəncliyi  Ümummilli Liderin  yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaqdan böyük qürur hissi keçirir, eyni zamanda, öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Bu, dahi şəxsiyyətin yaratdığı  möhkəm təməlin nəticəsidir.

      Ümummilli Liderin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini uğurlu  fəaliyyəti ilə təsdiqləyir. Belə ki,  Ulu Öndər  Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəvi baxımdan  zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, onların  hərtərəfli inkişafı və ölkə həyatının bütün sferalarında  fəal iştirakı üçün mühüm zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin  Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər İli” elan edilməsi gənclərə diqqətin bariz nümunəsidir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Təbii ki, bu sıralamanı xeyli artıra bilərik. Bu qürurverici məqamı daim bildirməliyik ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük İkinci Qarabağ  müharibəsində həlledici rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük fəxr hissi ilə qeyd etdiyi kimi,  müharibədə əsas missiyanı məhz cənab İlham Əliyevin  Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

     Bu gün tarixi Zəfərimizin sevincini və yaratdığı reallıqları yaşayırıq.  İkinci Qarabağ müharibəsində  şəhidlik zirvəsinə ucalmaqla işğalçı Ermənistan üzərindəki tarixi Qələbə ilə Azərbaycan xalqına Zəfər sevincini yaşadan gənclərimiz dünyanın hərb tarixinə yeni səhifə yazdılar. Müzəffər Ali baş Komanldan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz  27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində mənfur düşmənə heç vaxt unutmayacaqları dərsi verdilər. Bu tarixi Zəfərimizdə Vətən, torpaq sevgimizin böyüklüyü, tariximizə sahib, məğrur, yenilməz xalq olduğumuz beynəlxalq səviyyədə də etiraf edilir. Azərbaycan gəncləri daim Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi.  

   Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün təmin edilməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulmasıdır.  2003-cü ildə Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyevin «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» sözlərini reallaşdırmaqla ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini davam etdirməklə xalqına verdiyi vədləri yerinə yetirdi. Dahi şəxsiyyətin bu arzusunun reallığa çevrilməsi, torpaqlarımızın azad edilməsi yolunda anlarından keçən Vətən oğullarının həyat yolu indiki və gələcək nəsillər üçün bir məktəbdir.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Gənclərimiz torpaqlarımızın azadlığı  uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib. Tarixi həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında  gənclərimizin fəal iştirakı dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi.  Dövlət başçısı İlham Əliyev    2020-ci ildə  Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasda Ona ünvanlanan «İndi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına cavabı ilə Azərbaycan gəncliyinin keçdiyi inkişaf yolunun, bugünkü vəziyyətinin və persprektivlərin aydın ifadəsini yaradır. Prezident İlham Əliyev bildirmişdir:  «Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib… Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir… Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.» Möhtərəm Prezidentimiz əlavə olaraq onu da qeyd etmişdir ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir.

  Qısa təhlil əsasında Azərbaycanın gələcəyi olan gənclərimizə olan inamı və etimadı açıqladıq. Təbii ki, etimad böyük məsuliyyətdir. Gənclərimiz Ulu Öndər Heydər Əliyevin ideyalarının fəal təbliğatçısıdır. Daim dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək   müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfələrimizi verəcəyik. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ruslan Qasımov,
Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini,
"Cəmiyyətin və Medianın İnkişafı" İB İdarə heyətinin üzvü, Türkiyədə Atatürkçü düşüncə birliyinin Fəxri üzvü