Elxan Şahinoğlu: Separatçılar tərksilah olunmasalar anti-terror əməliyyatı qaçılmaz olacaq
Bölmə: Siyasət › ,Tarix: 08:30 16.06.2023
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların “xarici işlər naziri” Sergey Kazaryan təmsil etdiyini bəyan edib.
İnformator.az xəbər verir ki, bu haqda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Ekspert bildirib ki, Moskvanın iddiasına görə, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun rəsmi Bakı və Qarabağ erməniləri ilə dialoqunun tərəfdarıdır. Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı “xain” kimi göstərməsi ondan xəbər verir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir.
Kremlin yayıdığı xəbərdə bir məqam da diqqəti çəkir. Deməli amerikalılar Qarabağ ermənilərini xəbərdar ediblər ki, Bakı ilə dialoq alınmasa Azərbaycan ordusu bölgədə anti-terror əməliyyatına başlayacaq. Burada gizli heç nə yoxdur, həqiqətən dialoq alınmasa, separatçılar tərksilah olunmasalar anti-terror əməliyyatı qaçılmaz olacaq.
Aytac Əhmədova