Azərbycan OPEC-ə üzv olacaqmı? - ARAŞDIRMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:47 06.07.2023

Azərbaycan OPEC-ə üzv olarsa təşkilat bundan çox şad olar. Bu ifadələri OPEC-in baş katibi Heysəm əl-Qays bildirib. Baş katib müxtəlif maraqlar çərçivəsində bu açıqlamanı verib. Rəsmi Bakı isə hələ ki, bunda təşkilat qədər maraqlı deyil. OPEC-in Azərbaycanı üzv etmək istəməkdə əsas məqsədi nədir və Azərbaycan niyə təşkilata üzv olmaq barəsində düşünmür?

 

OPEC Azərbaycanın təşkilata üzv olmasını istəyir. Bu açıqlama isə OPEC-in Azərbaycana olan ehtiyacından doğur desək yeridir. Çünki OPEC bundan sonra neft bazarında və oradakı qiymətlərdə təkbaşına tənzimləyə bilməyəcəyini gördüyündən bu siyahıya əlavə 10 ölkə də qatmaq niyyətindədir. Belə ki, hazırda dünyada təqribən 70 neft çxaran ölkə var və onlardan yalnız 45-i neft ixrac edir. Bunlardan yalnız 12-si OPEC-ə üzvdür. Nəzərə almaq lazımdır ki, təşkilat uzun illərdir mövcuddur və bu göstərici olduqca aşağıdır. Buna görə də, OPEC Azərbaycanı və onun kimi digər ölkələri öz təşkilatına üzv etməkdə kifayət qədər maraqlıdır.

 

İqtisadçı Fuad İbrahimov hesab edir ki, bu ixracatçı ölkələrin bir araya gəlməsi ilə neft hasilatının və qiymətlərinin idarə olunması və stabilləşməsi istiqamətində bir formatın yaranması idi: “Əlbəttə ki illər keçdikcə digər üzv olmayan ölkələrin müəyyən narazılıqları və narazılıqlar nəticəsində qiymət əmələ gəlmə prosesində təlatümlərin yaşanması istər üzv olan ölkələrin, istər üzv olmayan ölkələrin maraqlarına kifayət qədər zərbələr endirirdi. Pandemiya dövründən sonra da təlatümlü qiymət artımı var”.

 

Amma eyni sözləri Azərbaycan üçün demək olmaz. Öz növbəsində bununla bağlı Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə bildirib ki, ölkə hələ OPEC-ə daxil olmaq barədə düşünmür: “Daxil olmaq istəməməsinə səbəb isə Azərbaycanın çıxardığı neft hasilatı ilə bağlı deyil. Çünki, təşkilata üzv olanlar arasında Azərbaycandan qat-qat az neft hasil edən ölkələr mövcuddur. Azərbaycan təşkilatın qoyduğu kvotanı asanlıqla doldura bilər”.

 

Mütəxəssislərin sözlərinə görə, bunun ölkə üçün həm müsbət, həm mənfi cəhətləri var. Rəsmi Bakı isə bunları müqayisə etməyə çalışır. Status nöqteyi-nəzərdən əlverişli bir təklifdir. Eyni zamanda bu, Azərbaycanın apardığı uğurlu qonşuluq siyasətinin də bir nəticəsidir. Ancaq Azərbaycanın bunda maraqlı olmamasının əsas səbəbi ixracatla bağlıdır. OPEC neft hasilatını istədiyi zaman artırıb azalda bilir. Bu səbəbdən elə Rusiya və Amerika da OPEC-ə üzv olmur. Öz inkişaflarını və neft siyasətlərini bir təşkilatın çərçivəsində məhdudlaşdırmaq istəmirlər. Təşkilata üzv olan ölkələr isə dünya ölkələrində neft qiymətlərinə təsir imkanlarından yararlanma məqsədi güdürlər. Azərbaycan isə digər üzv olmayan ölkələr kimi öz neft siyasətini məhdudlaşdırmamaq üçün OPEC-in bir üzvü olamaqda maraqlı deyil.

 

Bir sözlə, Azərbaycan hələki təşkilata üzv olmaq barədə düşünmür. Qeyd edək ki, hazırda Azərbaycan yalnız OPEK+ sazişinin iştirakçısıdır.

 

Xumar Bayramqızı