Kəlbəcər və Laçında daha 9 su elektrik stansiyası tikilir
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:34 16.07.2023
İşğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə təmini istiqamətində işlər davam etdirilir. Bir neçə bölgədə artıq işlər yekunlaşmaq üzrədir. Yeni tikiləcək stansiyaların yerləri də bəllidir. Azad edilən ərazilərimizdəki su elektrik stansiyalarında 110 mln. kVts yaşıl enerji istehsal olunub.
3 il ərzində 11 yerdə yenidən qurulan və bərpa edilən bu SES-lər tam gücü ilə fəaliyyətdədir. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə tikintisi aparılan su elektrik stansiyalarında işlər yaxın aylarda yekunlaşacaq. Kəlbəcər və Laçın rayonlarındakı bol sulu, iti axan çaylar üzərində yerləşən, ümumi gücü 53 meqavat olan 11 kiçik su elektrik stansiyalarında istehsal edilən enerji ölkənin digər yerlərindəki az sulu, ümumi gücü 74 meqavat olan 13 kiçik su elektrik stansiyasından 2 dəfə daha məhsuldardır. Bu kiçik su elektrik stansiyalarında hər kilovat saata görə istehsal edilən enerjinin maya dəyəri də ölkənin digər yerlərindəki az sulu kiçik su elektrik stansiyalarından daha sərfəlidir. İstehsal zamanı ekoloji norma saxlanılır, flora və fauna mühafizə olunur.
“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Teymur Abdullayevin sözlərinə görə, Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyasının tikintisinə başlanılıb. Bu günə kimi “AzərEnerji”nin yenidən qurduğu və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 su elektrik stansiyasının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat saat ekoloji cəhətdən təmiz hidro yaşıl enerji istehsal ediləcək.
Xəyalə