Valyuta mübadilə məntəqələri yenidən qayıdır
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:24 07.08.2023
İnstitusional valyuta dəyişmə məntəqələri üçün yenicə açıqlanan yeni tələblər çoxdandır gözlənilən bu proseduru müəyyən qədər aydınlaşdırıb. Bu sahədə lisenziyalaşdırma, əməliyyat kvotası, limit və risklər artıq bəllidir. Valyuta mübadilə məntəqələrinin yenidən bazara qayıtması nələrə gətirib çıxaracaq?
2016-cı ildə manatın devalvasiyasından sonra ölkədə qanuni lisenziya ilə işləyən 3-5 min valyutadəyişmə məntəqəsi ləğv edildi. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququ yalnız yerli banklar, xarici bankların yerli filialları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə tanındı. Lakin həftə sonları və bayram günləri banklarda qeyri-iş günü olduğundan nəticədə tələbat ödənilməmiş qaldı. Bunu nəzərə alaraq 2018-ci ildən valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılsa da tələblərin ağır olması sahibkarlarda sektora maraq yaratmadı. Hətta statistikaya əsasən 2022-ci ilin mayından valyuta mübadiləsi ilə fəaliyyətə lisenziya verilməyib. Qəbul edilən yeni qanunla banklardan ayrı institusional valyuta dəyişmə məntəqələri yaradılacaq. Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərəcək məntəqələr valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün xüsusi tələblər qoyulur. Belə ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyənlər bankda xüsusi hesaba malik olmalı, müvafiq qurum tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Sahibkar məntəqələrin sayını artırmaq istədikdə isə hər biri üçün ayrıca nizamnamə kapitalı tələbini yerinə yetirməlidir.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, əsas məqsəd nöqsanların qarşısını almaq və riskləri siğorta etmək məqsədi ilə nizamnamə kapitalı formalaşdırmaqdır: “Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir”.
Təsisçinin iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması da əsas şərtlərdəndir. Yeni tələblərdə həmçinin valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi də tətbiq olunacaq.Yəni indiyədək qeyri-rəsmi olaraq hər bir vətəndaş il ərzində 20 min manatadək- dollar ekvivalentində 11 min dollara qədər valyuta dəyişə bilirdisə artıq bu limit də yenilənir. İqtisadçıların fikrincə, məntəqələrin fəaliyyətinin məhdudlaşdırılması dövriyyədən kənar qara bazarın formalaşmasına şərait yaratmışdı. Yeni institusional valyuta mübadilə məntəqələrinin bazara qayıtması banklarla rəqabətli mühitə gətirib çıxaracaq.
Qeyd edək ki Avropada, qonşu ölkələrdə valyuta dəyişmə məntəqələri banklardan kənar müstəqil bisnes subkeytləridir. Xüsusilə bu model turizmi inkişaf etdirmək istəyən ölkələrdə daha geniş yayılıb. Məqsəd də turistlərin valyutaya əlçatanlığını təmin etməkdir.