Ukraynalı uşaqlar Azərbaycana gətirildi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:53 07.08.2023

Ukraynada müharibədən əziyyət çəkən uşaqlardan ibarət növbəti qrup Azərbaycana gətirilib. Məqsəd onların müharibə dəhşətlərindən bir qədər uzaqlaşaraq psixoloji cəhətdən bərpa prosesinə cəlb olunmalarıdır. Uşaqları gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev hava limanına eniş edib. Onları hava limanında gül-çiçəklə qarşılayıblar...

Azərbaycan Ukraynaya hərtərəfli dəstək göstərməyə davam edir. Bu dəfə də 30 nəfər uşaq və yeniyetmədən ibarət müharibədən əziyyət çəkmiş heyət Azərbaycanda səfərdədir. Onlar 14 gün ərzində burada reabilitasiya prosesi keçəcəklər. Bu gənclər Bakı ilə yanaşı, həmçinin Şamaxı, Qəbələ və Şəki şəhərlərində də gəzəcəklər. Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar.


Ukraynalı uşaqların səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutur.


Sosial Xidmətlər Agentliyinin idarə heyəti sədrinin müavini Faiq Ağayev deyib ki, ötən il olduğu kimi bu il də peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, klub terapiyalar, psixo-sosial təlimlər, həmçinin ustad dərsləri vasitələri ilə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyalarına dəstək göstəriləcəkdir: “14 gün müddətində uşaqların asudə vaxtının səmərəli təşkil olunması, eyni zamanda müvafiq reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”.


Qrup rəhbəri Olqa Melnik Kiyev vilayətinin hazırda intensiv atəşə tutulduğunu, uşaqların bundan çox əziyyət çəkdiyini dilə gətirib: “Təşkilatçılara təşəkkürümü bildirirəm ki, uşaqlara belə fürsət yaradıblar. Bura gələn uşaqların valideynləri cəbhə bölgəsində döyüşür. Bəzi uşaqların ataları həlak olub, itkin düşüb, ya da əsirlikdədir. Bu səbbədən onlar çox həssas durumdadırlar. Ümid edirik ki, bu iki həftə ərzində bir qədər müharibə səs-küyündən və stressdən azad şəkildə əyləncəli vaxt keçirəcəklər”.


Ukraynada müharibədən əziyyət çəkmiş uşaqlardan biri olan Maksim Boyka deyib ki, Azərbaycanda pozitiv vaxt keçirməyi və Ukraynada yaşananlardan bir qədər uzaqlaşıb, dincəlməyi düşünürük: “Uşaqlar hamısı müsbət əhvala köklənib, qrup rəhbərlərimiz vəzifəsinin öhdəsindən layiqincə gəlirlər. Ümid edirəm ki, istirahətimiz yaxşı keçəcək”.


Qrup rəhbəri İrina Şaleva bildirib ki, Bakı haqqında çox eşitsə də, ilk dəfədir ki burdadır: “Bizə sizin mədəniyyətiniz çox maraqlıdır. Uşaqlar milli mətbəxinizlə yaxından tanış olmaq istəyirlər, həmçinin çimərliyə getmək istəyirlər. Çünki bu il bizim çimərliklərimiz bağlanıb. Biz dənizə gedə bilmirik. Uşaqlar səbirsizliklə dənizə getməyi və ən azından psixoloji reabilitasiya olunmalarını arzulayırlar”.


Qeyd edək ki, ötən il də bir qrup ukraynalı uşaq Azərbaycana gətirilmişdi.

 

Türkan