Uran tədarükü azalır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:18 08.08.2023

Niger siyasi böhrana görə uranın Fransaya ixracından imtina edib. Ümumiyyətlə, ekspertlər gözləyir ki, Nigerin bir çox xarici iqtisadi müqavilələri indi yeni hökumət tərtib edəcək. Sənaye istehsalının bütün sahələri siyasi qeyri-müəyyənlik səbəbindən fasilələrlə üzləşəcək. Qarşıdakı aylarda Nigerin dünya bazarına qalıq yanacaqları, ilk növbədə uran tədarükünü əhəmiyyətli dərəcədə azalması gözləniləndir. Hazırkı vəziyyətdə Qərb Niger və Rusiyanın yaxınlığı səbəbindən uran ehtiyatının Rusiyanın əlində cəmləşməsindən narahatdır. Ekspertlərin fikrincə əgər bu hal baş verərsə, Qərbi daha bir böhran gözləyir.


Nigerdəki hakimiyyət çevrilişi Fransanın enerji sənayesinin Rusiyanın asılılığını rekord həddə çatdırıb. Belə ki, qiyamçıların elan etdiyi yeni hökumət Fransaya uran satmamaq qərarı verib. Bu, o deməkdir ki, rəsmi Paris ehtiyacı olan uran idxalının 15%-ni itirib. Nəzərə alsaq ki, Fransa enerji sənayesi istehsalının 80%-ə qədəri nüvə energetikasından asılıdır, bu rəqəm heç də az deyil.


Siyasi şərhçi Turab Rzyevin sözlərinə görə, 2021-ci ilə qədər Niger dünyada hasil edilən bütün uranın 6,3%-nə sahib olub. Bu bazar payına görə, Uran digər tədarükçü Rusiyanı geridə qoyurdu. Nigerin uran ixracını dayandırması Rusiyanın Fransanın əsas uran ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradıb: “Belə ki, Nigerdən əli üzülən Fransa alternativ bazar kimi Rusiyaya yönəlmək məcburiyyətindədir. Hansı ki indiyə qədər Fransada istehlak olunan uranın 35%-i məhz Rusiyanın payına düşüb. Ancaq məsələ bununla bitmir. Moskva eyni zamanda keçmiş SSRİ ölkələrindən Avropaya gedən nəqliyyat zəncirinə nəzarət edir. Belə ki, uran hasilatına görə 41 faizlə lider olan Qazaxıstan, eləcə də Özbəkistandan Fransaya ixracda Rusiyanın logistik imkanlarında istifadə edir. Bir növ Rusiya bu dövlətlər üçün hab rolunu oynayır. Bunu da nəzərə alsaq, Fransanın Rusiyadan Uran asılılığı 80 faiz təşkil edir”.


Beləliklə, Rusiya Afrikanın üzərindən daha öncə təbii qaz ixracını məhdudlaşdırmaqla dondurmağa çalışdığı Avropanı, əsas alternativ enerji mənbəyi olan uranla təhdid edir. Məhz bu səbəbdən Rusiyanın Afrika qitəsindəki, xüsusilə Nigerdəki siyasi proseslərdə rolu önə çəkilir. Görünür, G7 ölkələrinin yaxın 4-5 il ərzində Rusiya uranından asılılıqdan azad olmaq niyyətləri Rəsmi Kremlin cavabını belə sərt edib. Başqa tərəfdən hələ ötən ildən Rusiya ABŞ-i uran tədarükünü dayandırmaqla tədid edir. Bloomberg-in hesablamalarına görə, 2020-ci ildə ABŞ-ın atom elektrik stansiyalarında istifadə olunan uranın 23%-i Rusiyadan təmin edilib. Ümumiyyətlə, Dünya Enerqo bazarında Rusiya əsas söz sahibidir. “Nigerin Rusiya ilə yaxınlaşması Qərb dövlətlərini çox narahat edir. Niger Rusiya orbitinə düşərsə, dünya nüvə enerjisi baxımından Rusiyadan daha da asılı olacaq. Nigerdə uran yataqları var və Rusiya dünyada uranın zənginləşdirmə imkanlarının demək olar ki, yarısına nəzarət edir”.


Fransaya gəlincə, öz iqtisadiyyatını, məhz uranın hesabına tənzimləyə bilir. Qərbi narahat edən başlıca amil ondan ibarətdir ki, Niger Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək sərgiləyən ölkələrə uran və qızıl tədarükünü bətpa etməsə, onların iqtisadi durumu büdrəyəcək. Nigerin Rusiya ilə yaxınlıq etməsi bu xammalları, məhz Rusiyaya ötürərək qərbin yağlı tikəni itirmə ehtimalını artırır.

 

Leyla