LAÇINDA İNFRASTRUKTUR QURULUR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:37 09.08.2023


Laçın beynəlxalq hava limanında işlərin 30 faizdən çoxu yekunlaşıb. Bundan başqa şəhrədaxili yolların yarıdan çoxu bərpa edilib. Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üçün qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı müzakirələr aparılıb. Laçın sakinlərininin doğma yurdlarına köçürülməsi ilə əlaqədar olaraq, hazırda şəhərdə aparılan bərpa-tikinti işləri çərçivəsində nəqliyyat və rabitə infrastrukturunun qurulması sahəsində işlər davam edir.  Belə ki, şəhərdaxili yolların bərpası layihəsinin 53% icra edilib. Eyni zamanda şəhərlərarası  nəqliyyat-yol şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılması işləri görülür. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, qarşıda duran ən vacib məsələlərdən biri əhalinin nəqliyyata olan ehtiyacının ödənilməsidir. Əhalinin məskunlaşmasından asılı olaraq bu tələb artır. “Tələbə uyğun olaraq biz əlavə işlərin də görülməsini təmin etməliyik. Onlardan biri də təbii ki, Laçın rayonu daxilində müntəzəm sərnişindaşıma xidmətinin təşkil edilməsidir”.


AAYDA-nın İdarə Heyətinin sədr müavini Əvəz Qocayev isə Avtomobil yolları dövlət agetliyinin 2022-2026-cı illər ərzində 21 avtomobil yolu layihəsi üzrə işlər apardığını diqqətə çatdırıb. Bildirib ki, Laçın hava limanı istiqamətindəki yol infrastruktur da müasir tələblərə cavab verəcək. “Artıq bu beş yol layihəsinin icrası yekunlaşıb. Həmin yolun ümumi uzunluğu 123,6 km-dən ibarətdir. Hal-hazırda orda ümumi işlərin 73%-i demək olar ki tərəqqisi başa çatıb. Həmin yol ərazisində mühəndis qurğular, körpülər tikir və çoxsaylı yol qovşaqları, yol ötürücüsü var. Qeyd edə bilərəm ki, həmin ərazidə işlər hal-hazırda uğurla davam etdirilir”.
PA-nın sektor müdiri Elmir Vəlizadə isə Laçında  telekommunikasiya şəbəkəsinin qurulması istiqamətində 700 evdə yeni texnologiyalar əsasında GPON şəbəkəsinin tətbiq olunması üçün layihə hazırlandığına diqqət çəkib. 137 məntəqədə isə telekommunikasiya xidmətlərinin təşkili üçün müvafiq infrastruktur qurulub. “Artıq ilkin köçmüş olan sakinlərin üzündə olan xoş atmosferi gördük. Onların rəylərini eşitdik və güman edirik ki, qısa bir zamanda bütün Qarabağ belə məskunlaşacaq”.
Bərdə-Ağdam  və Horadiz-Ağbənd  dəmir yolu xətlərinin tikintisi də davam etdirilir.

AYSU