FİLİPPİN-ÇİN MÜNASİBƏTLƏRİ PİK HƏDDƏ
Bölmə: İqtisadiyyat › ,Tarix: 16:39 09.08.2023
Cənubi Çin dənizindəki gərginlikdən sonra Filippin Çinə nota verib. Rəsmi Manila insidentlə bağlı Çin səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Eləcə də, Filippinin Pekindəki səfirinə Çin Xarici İşlər Nazirliyi xəbərdarlıq edib. Bəs münasibətlərin gərginləşməsində əsas səbəb nədir?
İki ölkə arasında gərginliyi artıran hadisə Filippinə aid, lakin Çinin iddia etdiyi adada baş verib. Pekin bildirir ki, Filippin gəmisi əraziyə icazəsiz daxil olub. Filippin isə adanın iqtisadi zona daxilində olduğunu müdafiə edir. Çinin suverenlik iddialarını beynəlxalq məhkəmələr dəfələrlə rədd etsə də, Rəsmi Pekin ərazi iddialarını davam etdirir. Cənubi Çin dənizi hər il trilyonlarla dollarlıq ticarətin keçdiyi strateji yerdədir. Filippin prezidenti Ferdinand Markos mübahisəli ərazidə toqquşmadan sonra Çinə etiraz notası göndərdiklərini deyib. “Bütün bu çətinliklər qarşısında beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına uyğun olaraq bölgədəki suverenliyimizi qorumağa davam edirik. Pekinlə əlaqə saxlamalıyıq, çünki bir nəticəyə gəlməyə həqiqətən ehtiyacımız var”.
Çin Fillipindən gəmini ərazidən çəkməsini tələb edir. Pekinə görə gəminin həmin ərazidə olması qeyri-qanunidir. Filippin isə bu tələbi rədd edib. İnsidentdə heç kəs xəsarət almasa da, Filippin qoşunlarını əraziyə gətirməklə bağlı növbəti addımlar barədə düşünür. ABŞ Dövlət Departamenti gərginliklə bağlı Filippinə dəstək bəyanatı verib. Bəyanatda deyilir ki, Çinin hərəkətləri regional sülh və sabitliyə birbaşa təhdiddir. Filippin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Conatan Malaya Çinin sahil mühafizəsinin Filippin gəmilərini hədəfə almaq kimi təhlükəli manevrlər etdiyini bildirib. “Biz heç vaxt gəmini geri çəkməyəcəyik. Lazım olarsa, döyüş gəmisini yenidən təchiz edəcəyik”.
Qeyd edək ki, Çin - Filippin münasibətlərində qarşılıqlı şübhələr illərdir ki, var. 2016-cı ildə Filippinin keçmiş prezidenti çoxdankı müttəfiqi ABŞ-dan uzaqlaşmaq və Çinlə daha sıx əlaqələr qurmaq niyyətində olduğunu bildirib. Çin isə həm Filippində, həm də ümumilikdə regionda öz təsirini artırmağa çalışır. Nəticə etibarilə ABŞ-ın bölgədəki təsirinə meydan oxuyur. Xüsusilə Cənubi Çin dənizi ilə bağlı mübahisələr Çin-Filippin münasibətlərində əsas problemlərdəndir. Bu ərazi hələ İkinci Dünya Müharibəsindən sonra mübahisə predmeti olub. Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə dənizin 80%-indən çoxunun suverenliyinə iddia edir. Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgəyə iddialıdır.
AYSEL