ƏN BÖYÜK ELEKTRİK STANSİYASI VAXTINDAN TEZ HAZIR OLACAQ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:07 10.08.2023

Mingəçevirdə yerləşən yeni elektrik stansiyası nəzərdə tutulandan tez istismara verilə bilər. Stansiyanın tikintisi üzrə işlər qrafiki 2 ay qabaqlayır. Bu, həm də layihənin nəzərdə tutlandan ucuz başa gələcəyi deməkdir. Azərenerjinin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiya 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın 335 qramdan 225 qrama endirilməsinə, hər kilovat-saatda 110 qram şərti yanacağı azaltmaqla ildə 800 milyon kub qaza qənaət olunmasına gətirib çıxaracaq. “1280 Meqavatlıq yeni elektrik stansiyası və Azərbaycan İES-nın mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz ultizasiya yolu ilə buxara çevriləcək və Azərbaycan İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək”.

Stansiyanın tikintisini ixtisaslaşmış yerli şirkətlər aparsa da, prosesə İtaliyanın AFRY məsləhətçi, İspaniyanın isə İDOM layihələndirmə şirkətləri nəzarət edir. Rəsmi açıqlamalara əsasən, işlər qrafiki 2 ay qabaqlayır. İtaliyanın AFRYməsləhətçi şirkətinin nümayəndəsi Salih Turanın sözlərinə görə, işlər çox sürətlə gedir. “Layihə üzrə avadanlıq təminatını həyata keçirən İtaliyanın Ansaldo Energia şirkətinin qaz turbin və generatorlarının yaxın vaxtlarda gəmiyə yüklənərək Azərbaycana göndərilməsi nəzərdə tutulub. Bu günə qədər 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri yekunlaşdırılıb. Həmçinin soyutma su sistemlərinin dövran nasoslarının, borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri aparılıb”.

İqtisadçı Samir Heydərov isə deyir ki, elektrik stansiyasının tikintisində dünyanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə olunduğuna görə, biliklərin əldə olunması nöqteyi nəzərdən, regionlarda məşğulluğun artması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Elektrik stansiyası Azərbaycan elektrik stansiyası ilə birgə inteqrasiya edərək elektrik generasiyasının həcminin artırılmasına şərait yaradacaq. “Çünki Azərbaycan Elektrik Stansiyasında da iki turbinin təmirini də planlaşdırdıq ki, elektrik generasiyasiyasının həcmini artıracaq. Yeni Elektrik Stansiyasının tikintisi elektrik enerjisinin təhcizatında keyfiyyəti artıracaqdır, davamlılığı artıracaq.

Onu da qeyd edək ki, yeni stansiyaya qoyulan investisiyanın maksimum 6 ilə geri qayıtması proqnozlaşdırılır.

MƏDİNƏ