AZƏRBAYCAN MANATI 2025-Cİ İLƏDƏK SABİT QALA BİLƏCƏK
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:09 16.08.2023
“2025-ci ildən sonra manatda ucuzlaşma görə bilərik” – bu proqnozla iqtisadçı Natiq Cəfərli çıxış edib. Onun sözlərinə görə, Beynəlxalq təşkilatlar da belə proqnozlar verir ki, 2025-ci ilə qədər məzənnə rejimi sabit qalacaq. “Azərbaycan manatının ən zəif nöqtəsi inzibati qaydada tənzimlənir, yəni üzən məzənnə rejiminə hələ də keçə bilməmişik. Və bu, bir müddətdən sonra Azərbaycan iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilər”.
Natiq Cəfərli vurğulayır ki, Azərbaycan müstəqillik qazanandan sonra manatın dövriyyəyə buraxılması böyük hadisə idi. “Bu, müstəqilliyin atributlarından biridir. Manatın 30 illik tarixində enişli-çıxışlı günlər də olub, 2005-ci ildə denominasiya yaşadıq. Azərbaycan manatına keçdikdən sonra uzun müddət sabit məzənnə rejimi yaşadıq” deyən iqtisadçı 2015-ci ildə Azərbaycan manatı ən kəskin dövrünü yaşadığını xatırladıb. “2016-cı ildən bəri sabit məzənnə rejimi davam edir. Belə görünür ki, 2025-ci ilə qədər sabit məzənnə rejimini aparmaq mümkün olacaq. Çünki Azərbaycanın müsbət ticarət balansı var, neft gəlirləri yüksəkdir. Bir müddət sonra, 2025-ci ildən sonra manatın taleyi ilə bağlı məzənnə dəyişiklikləri də ola bilər”.
Elçin Rəşidov isə deyir ki, 2 şeyi ayırmaq lazımdır - Azərbaycan manatının qiyməti və dəyərini. “Azərbaycan manatının qiyməti dollara bağlanıb. Belə ki, Azərbaycanda dolların kursu fiksə edilməklə Azərbaycan manatının qiyməti ona bağlanıb. Dəyər isə onun alıcılıq qabiliyyətidir”. Elçin Rəşidovun sözlərinə görə, manat hər il dollardan bir neçə faiz artıq inflasiyaya uğrayır. Bu isə o deməkdir ki, manat dollardan nisbətən hər il dəyərdən düşür. “Bu, əslində, iqtisadi qanunlara ziddir. Yəni uzun müddət dəyərdən düşdükcə, bu qiymətdə də öz tarazlığını tapmalıdır, amma bizdə tapmır. Səbəb də Neft Fondu vasitəsilə bərpa olunması və nəticədə Holland xəstəliyinin dərinləşməsi və qeyri-neft sektorunun əmələ gələ bilməməsidir”. İqtisadçı onu da vurğulayır ki, Azərbaycanın idxal və ixrac əməliyyatları xarici valyutadan başlayır. Xarici valyutanın da əsas ölçüsü dollardır. “Hər il Azərbaycana ixrac etdiyi məhsulların rəqabət qabiliyyəti də ilbəil azalır. Eyni zamanda, ixrac daxildə daha çox üstünlük qazanır. Bu, ciddi problemdir. Monetar siyasətin ölkə iqtisadiyyatında yaratdığı ən böyük effektdir. Bizim monetar siyasətin də ən mərkəzində duran məsələ məhz dolların qiymətinin fiksə edilməsidir. Bu, monetar siyasətin inflasiyasına, faiz dərəcəsinə diktə edir. Belə ki, Mərkəzi Bankın hər hansı anti-inflasiya siyasəti qeyri-mümkün edir. Nə qədər ki, manatın qiyməti dolların qiymətinə bağlanıb və sizin bütün anti-inflasiya tədbirləriniz heç nə edə bilməz. Manatın qiymətinin dollara qalxmaması üçün Mərkəzi Bank gündəlik bazara müdaxilə edir, 1 dollar bərabərdir 1.7 manat məzənnəsini saxlamaq üçün. Nə qədər ki dolların kursunu 1.7 olaraq sabit saxlayacaqlar, manatın qiyməti sabit qalacaq, manatın dəyəri də növbəti il yenə düşəcək”. İqtisadçının proqnozlarına görə, nəticədə ölkənin ixrac qabiliyyəti azalacaq, ölkədə daha çox idxal olacaq və qeyri-neft sektoru yarana bilməyəcək.
Sayad Qoşnalıyeva