Rəsmi Bakı hər an antiterror əməliyyatına başlaya bilər
Bölmə: Siyasət › ,Tarix: 20:30 16.08.2023
Son günlər qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Avropa İttifaqının Ermənistandakı missiyası isə Azərbaycanın Rəsmi İrəvanın hərbi hazırlığı ilə bağlı açıqlamasını faktiki olaraq təkzib edib. Hətta adıçəkilən missiya separatçılara qarşı həssaslıq nümayiş etdirməyə o qədər tələsib ki, heç Azərbaycan XİN-in bəyanatına Ermənistan müvafiq qurumundan daha tez münasibət bildirib. Politoloq Telman Qasımovun sözlərinə görə, bölgənin sülh və sabitliyinə təhdid yaradanlara kömək etmək üçün növbəyə düzülənlərin açıqlaması heç bir halda reallığı dəyişmir. Belə ki, təkcə avqustun 14-də Müdafiə Nazirliyi məsələ ilə bağlı 4 açıqlama verib. Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları döyüş mövqelərini şəxsi heyət, silah-sursat baxımından gücləndirməkdədir. Bu isə rəsmi Bakını antiterror əməliyyatına vadar edir. “Ruban Vardanyan olsun, Araik Arutyunyan olsun, David Babayan olsun, hətta Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan belə başlayıblar Azərbaycana qarşı BMT və beynəlxalq təşkilatlarda Azərbaycan qarşı həmin bu sanksiyaların qaldırılması məsələsini gündəmə gətirməyə. Həmin o humanitar yardımlar Qarabağa gəlmədiyi üçün Qarabağ erməniləri fəlakət altında qaldıqlarını çalışırlar yaymağa. Azərbaycanı məcbur edəcəklər ki, genişmiqyaslı da olmasa, kiçikçaplı həmin bu əməliyyatları həyata keçirsin birdəfəlik olaraq”.
Hərbi ekspert Elxan Şıxəliyev isə deyir ki, 44 günlük Vətən Müharibəsindən sonra ordumuz silahlanma və təşkilatlanma sarıdan daha da güclənib və inkişaf edib. Azərbaycan ordusunun antiterror əməliyyatını da uğurla aparacağına şübhə yeri yoxdur. “Çox yaxın zamanda bu antiterror əməliyyatlarının başlamasını və keçirilməsini gözləməliyik. Hərbi komandanlığı, hərbi hədəfləri saya çevirsək, 150-yə yaxın bir hərbi hədəfdir və bu hərbi əməliyyatın həyata keçirilməsi ilə əməliyyatın birinci 2 saatında bu həfələrin sıradan çıxarılması halında ağ bayraqlarını qaldıracaqlarını bilirik”.
Ermənistanın bölgədə sülhə təhdid yaratmasına İran və Fransanın timsalında bir neçə ölkə, eləcə də təşkilatın dəstək göstərməsi hər birimizə yaxşı tanışdır. Analitiklər, bu halda belə antiterror əməliyyatına məcbur edən tərəfin itkilərlə üzləşəcəyini bildirirlər.
ZEYNƏB