MADRİD TƏKCƏ ÖZÜNÜ YOX, AVROPANI DA İFŞA ETDİ
Bölmə: Siyasət › ,Tarix: 20:31 16.08.2023
İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni seperatçılarına yardım göstərildiyi, 250 erməni ailəsinə maddi və sosial dəstək verəcəyiylə bağlı tvitter hesabında paylaşım edib. Üstəlik paylaşımda seperatçıların qondarma bayrağından da istifadə edilib. Halbuki İspaniya vaxtilə dünyanın istənilən ölkəsində separatizmə qarşı mübarizə aparan dövlətlərlə həmrəylik nümayiş etdirib, bir mövqedən çıxış edib. İqtisadiyyatının 20 faizini təşkil edən, əhalisinin 16 faizinin yaşadığı Katoloniya vilayətiylə mübarizə apardığı halda İspaniya indi erməni separatçılarına dəstək verir, ölü bir separatçı qurumun bayrağını təbliğ edir. Politoloq İlyas Hüseynovvun sözlərinə görə, Azərbaycan ərazisindəki bir ovuc erməni separatçı dəstəsinə dəstək verməklə Madrid, əslində özünün və Avropanın əsl üzünü ifşa edir. O Avropa ki, eyni problemlə, Gürcüstan, Ukrayna, Moldova, elə İspaniyanın özü qarşılaşanda ərazi bütövlüyünə tam dəstək nümayiş etdirir. “İspaniya özü seperatizmdən əziyyət çəkən dövlət olmasına baxmayaraq, Azərbaycan ərazisinə qarşı bu cür qəbulolunmaz addım müşahidə olunmaqdadır. İspaniya parça-parça ola bilər. Lakin Avropa İttifaqı İnstitutu, bu sosial- iqtisadi mexanizm İspaniya kimi digər ölkələrdə də seperatizm dalğasının qarşısını alan, tarazlayan bir tərəf kimi çıxış edir. Lakin İspaniya Krallığı öncə öz ölkəsindəki proseslərlə maraqlanaraq, digər ölkələrdəki geosiyasi dəyişikliklərə qarşı bu cür riyakar addım atmamalıdır”.
Politoloq Oqtay Qasımov isə deyir ki, şübhəsiz bu proseslər rəsmi Madridin daxili siyasətindən yan keçməyəcək, çünki belə açıqlamaların bumeranq kimi sahibinə qayıtmasının bir reallıq olduğu danılmazdır. “Azərbaycanın 2017-ci ildə Kataloniyanın müstəqilliyi üçün keçirilən referenduma olan mövqeyini unudub. Azərbaycan həmin referendumun nəticələri ilə bağlı özünün mövqeyini açıqlayarkən İspaniyanın ərazi bütövlüyünü müdafiə edən mövqe nümayiş etdirdi. İspanyanın özünün ərazisində bir neçə seperatçı bölgə mövcuddur”.
AYSU